17:48 26 Fevral 2021 69
Ana səhifə Xəbərlər

Xocalı şahidi: “Atamı itirdik və bir daha tapa bilmədik”

29 il... Bəli, Xocalı soyqırımından düz 29 il ötür. Tarix ilk dəfə olaraq əliyalın insanların təpədən-dırnağadək silahlanmış nizamlı ordu üzərində qələbəsinə şahidlik etdi həmin gün. 613 nəfər azərbaycanlı sırf milli mənsubiyyətinə görə müxtəlif işgəncələrə məruz qalaraq qətlə yetirildi. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, insanlar Xocalı qurbanlarını hələ də unutmayıblar. Paytaxtın Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini minlərlə insan ziyarət edir.

Bu gün “Ana harayı” abidəsini ziyarət edənlər arasında Xocalı faciəsinin canlı şahidləri də var idi. Xocalı sakinləri hər il fevralın 26-da onlar üçün doğmalaşmış bu məkanı ziyarət etsələr də, budəfəki ziyarət digərlərindən fərqlənir. Torpaqlarımızın işğaldan azad olunması ilə Xocalı sakinləri “Ana harayı” abidəsinin önündə daha məğrur, daha inamlı, daha qürurlu şəkildə dayanıblar. Xocalı faciəsinin canlı şahidi olmuş şəxslərin fikirlərini sizə şərhsiz formada təqdim edirik.

- Ermənilər qocalığına, yaşına baxmayaraq uşaqları, qadınları, əliyalın kütləni qanına qəltan etmişdirlər. Fəryad qoparırdılar. Bütün kəndlərdə, Qarabağın hər bir tərəfindən həm gün yas mağarları qurulmuşdu, faciə qurbanları yad edilirdi.

- Xocalımızın faciəsindən inan ki, danışmaq çətindir. Bir onu demək istəyirəm ki, lənətə gəlsin bu faciəni törədənlər.

- Atamı itirdik, bir daha onu tapa bilmədik. Sonra əmim saqqal saxladı ki, qardaşımın qisasını alacağam. Ağdam işğal olunan gündə də 2 əmim şəhid oldu.

- Erməni tanımaq üçün Qarabağın bugünkü gününə, o dağıdılmış, talan olan Qarabağa baxsınlar və onların vəhşiliklərinə hüquqi qiymət qoysunlar. Ermənini tanımağa.

- Mən növbədə idim, dincəlmək üçün evə gəlmişdim. Rəhmətlik əmim dedi ki, Xocalıya tanklar yığılır. Dedim, olan işdir. Yorulmuşdum, uzandım ki yatım. 10 dəqiqə olardı yatmışdım, başladılar atmağa. 366-cı alay Xocalını mühasirəyə alıbdır. Silahımı götürdüm. Qaça-qaça Hava Limanına döyüş yoldaşlarımın yanına getdim. Saat 3-ə 5-10 dəqiqə qalmış ümumi şəhəri mühasirəyə aldılar. Sonra Qarqar çayı deyilən yerə gəldik. Bütün Xocalı əhalisi ora yığılıb, qaça bilənlər dağlarla qaçmağa çalışıb. Gəldik Qaraqayaya çatanda, Əsgəran yolu var, oradan bir avtomobili keçdi. Onlar öncədən bizi izləyirdilər. Biz də ac, susuz. Taqətdən düşmüşdük. Orada insanlara bir divan tutdular. Qardaşım da orda itkin düşdü. Körpə uşaqları , qadınları qırdılar. Yalandan dedilər ki koridor vermişik. Ancaq heç bir koridor verilməmişdir.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın