08:00 26 Fevral 2018 699
Ana səhifə Xəbərlər

Xocalı şahidi: "Balasının qanını yalayırdı"-REPORTAJ

“Hava çox soyuqdur. Hər dəfə belə soyuq hava olanda o günü xatırlayıram. Əllərim, ayaqlarım buz bağlayır”. APA TV-nin məlumatına görə, Xocalı soyqırımının şahidlərindən İradə Qarayeva belə deyir.

Onun sözlərinə görə, hər bir insan ailə qurub, xoşbəxt olmağı arzulayır. İradə xanıma da gözəl ailə qurmaq nəsib olub. Çox xoşbəxt olub. Lakin 1992-ci ildə fevralın 25-dən 26-a keçən şaxtalı qış gecəsində bir çox qadınlar kimi, o da həyatının ən böyük qorxusunu yaşayır - ölüm qorxusunu... Təkcə, özünün yox, bütün sevdiklərinin: “Dörd il idi ki, 1988-ci ildən müharibə gedirdi. Lakin Xocalının pis günləri 4 ay öncə başladı. Hər tərəfi mühasirəyə aldılar. Qaz, işıq yox idi. Ancaq hərbi vertolyotlar gəlirdi. Ona da imkan yox idi minməyə. Vertolyotlar limana enirdilər, lakin sürəti elə artırırdılar ki, biz aşağı yuvarlanırdıq. Minmək mümkün deyildi”.

İradə xanımın həyat yoldaşı Yusifəli Qarayev hərbçi idi. Özü isə 2 uşağı ilə birgə gecəni dirigözlü açırdı. Fevralın 25-i axşam saatlarında atışma başlayanda onlar hər zamankı kimi zirzəmiyə enirlər. Qonşu evlərdən birinə top düşür, gurultu qopur. Amma ailə gözləməyə, zirzəmidən çıxmamağa qərar verir: “Saat 23.00 radələrində yoldaşımla qardaşım içəri girdi. Dedilər ki, ermənilər aeroport tərəfdən hücum ediblər. Camaat meşəyə qaçır. Evin altında dəmiryol körpüsü vardı. Atam ora işıq çəkmişdi ki, orada gizlənə bilək. Ağdamdan, Şuşadan yardım gəlsə, evə qayıda bilək”.

İradə xanım ailəsi ilə birgə 2 saata qədər orda qalır. Daha sonra yaxınlıqdakı fermadan rusların, ermənilərin səsi gəlir və anlayır ki, təcili qaçmaq lazımdır: “Bizim üçün yalnız bir dəhliz var idi – Əsgəran qalası. İnanmırdılar ki, meşəyə qaçarıq. İnsanlar qan içində idi. Ana balaya sarılıb, bala anaya. Biri sürünə-sürünə gəzir, o biri balasının qanını yalayır. Dəhşət idi. Təsəvvür edin ki, 2-3 ay sonra Qızıl Xaç Cəmiyyəti ora çəkiliş göndərdi. Danışırlar ki, insanların meyitini yarıb keçmək olmurdu”.

Xankəndi ilə Xocalı arasında 20 km məsafə var idi. Sən demə, əliyalın Xocalı sakinləri qarın içi ilə gedə-gedə Xankəndində yerləşən 366-cı alayın üstünə çıxırlar və məcburən geri qayıtmalı olurlar. Ancaq bu dəfə də yanlış ünvana çatırlar: “Ermənilərin Dəhraz kəndinə çıxdıq. Ermənilər bizi gördü. Məcbur ağ bayraq qaldırdıq. Zəhra xala var idi. Onu qaldırmaq istəyəndə gördüm ki, güllə başından girib ağzından çıxıb. Ermənilər bizi əsir götürdü. Dedilər ki, körpə balalarınızı soyuducuya qoyub donduracağıq. Atam ermənicə bilirdi. Bizi pəyəyə salanda ermənilər bir-birindən soruşub ki, “indi seçək, ya sonra? O dəstədə də bir mən idim cavan, bir də bacım. Qızım çox ağlayırdı. Elə bil əyan olmuşdu ki, atasını öldürməyə aparacaqlar”.

O gecə növbə ilə cavanları, kişiləri çölə çıxarıb, amansızcasına döyür, sonra isə öldürürlər. Səhəri gün ermənilər İradə xanımın həyat yoldaşı Yusifəli Qarayevi də aparırlar: “Yoldaşımla erməninin arasına girdim. Dedim ki, onu aparırsınızsa, məni də aparın. Qızım da qucağımda idi. Atam da çəkdi məni kənara ki, birdən səni də apararlar, başına oyun açarlar. Hardasa 15-ə ermənidə nə qədər patron var idi, hamısı ilə oğlanlarımızı güllələdilər. Məni o qədər döymüşdülər ki, qollarım, çiynim gömgöy idi. Cavan gəlin idik. Qaçıb stolun altına girirdik, üzümüzə palçıq çəkirdik ki, cavan olduğumuzu bilməsinlər”.

Martın 1-i 150-yə yaxın əsiri ermənilərlə dəyişdirirlər. Yerdə qalanlar 15-16 yaşlı oğlanlar, yaşı 50-dən çox olan kişilər idi. Onlara elə işgəncə veribmişlər ki, əksəriyyəti əsirlikdən xilas olsa belə, uzun müddət yaşaya bilmir.

İradə xanım üçün isə itkilərin ağrısı hələ də davam edir. 18 yaxınından heç birinin qəbri yoxdur. Göz yaşlarını tökə biləcəyi məzarlar yoxdur yəni...

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın