06:40 28 Fevral 2018 3696
Ana səhifə Xəbərlər

Xocalı şahidi: "Nəvəmi meşədə boğdum, amma ölmədi" - REPORTAJ

O illərdir bu kiçik, birotaqlı evdə yaşayır. APA TV-nin məlumatına görə, yaşının neçə olduğunu dəqiq bilməsə də, neçə ildir belə çətin vəziyyətdə yaşadığını dəqiq bilir.

Güldanə Eyvazova bəzi yaxınları ilə birgə Xocalı soyqırımından Tanrı payı xilas olanlardandır: “Oğlanlarım, gəlinlərim, 4 aylıq nəvəm. Nəvəmi tutdum, meşədə boğdum, amma ölmədi. İndi ailə qurub. Bizim kimi qocaları öldürmürdülər. Ancaq cavanları... Oğlumu, qardaşımı, onun oğlunu, gəlinini, nəvəsini... Hamısını öldürdülər. Oğlumun meyiti 4 gündən sonra gəldi”.

Azərbaycan Ordusunun əsgərləri onları xilas edəndən sonra Güldanə nənə ailəsinin sağ qalan üzvləri ilə birgə Ağdama üz tutdu. Meyitlərini elə Ağdamda torpağa verəndən sonra isə istiqamət Bərdəyə oldu. Artıq bəlli idi ki, məcburi köçkünlük başlayıb. Oğuz, Balakən, Mingəçevir, sonra da Bakı... O gün bu gündür Güldanə nənə Pirşağıdakı məşhur Qızılqum sanatoriyasının bir otağına sığınıb: “Allaha şükür, çörək var. Amma çörəklə deyil. Yaşayış yerimiz pisdir. Çox nəmişlikdir. Birdən kanalizasiyanın iyi buraları götürür. Qalırsan belə... Vəziyyət çox pisdir. Bircə onu istəyirəm ki, normal evə çıxım, bircə ay qalım, sonra ölüm. Təki buradan çıxım”.

Həyat yoldaşı əsirlikdən qurtulsa da, ermənilər ona həddən artıq işgəncə vermişdilər. O qədər döymüşdülər ki, ciyərlərinə qan yığılmışdı. Dişlərini kəlbətinlə çıxarmışdılar. O, Bakıya gələndən cəmi 6-7 il sonra dünyasını dəyişib. Güldanə xanım üçün o günləri xatırlamaq nə qədər çətindirsə, bugünkü həyat şəraiti ilə barışmaq ondan da çətindir.

Vəziyyət çox acınacaqlıdır. Rütubət təkcə gündəlik həyatda çətinliklər yaratmır, həm də sağlamlığa ciddi zərər vurur. Tək arzusu isə ömrünü rahat şəraitdə başa vurmaqdır: “Heç nə istəmirəm. Bircə ev istəyirəm. Bax, öldüm - burada necə ölüm? Öləndə 5 adam çıxarda bilməyəcək məni. Ancaq ev istəyirəm. Ev, ev, ev...”

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın