11:21 26 Oktyabr 2020 124
Ana səhifə Xəbərlər

Xocalı sakini: “Xocalıya sevinə-sevinə qayıdacam, torpağımla üzümü yuyacam”

Xocalı faciəsinin şahidi Vərziyar Əliyeva o günləri belə xatırlayır: “Hadisə zamanı 27 yaşım vardı. Övladlarımdan biri 3 yaş, digəri 5 yaş yarımlıq idi. Bazar günü idi. Dedilər vertolyot gələcək. Vertolyot heç vaxt gəlib Xocalıları aparmırdı. 4 tərəfdən ermənilərin mühasirəsində idik. Yoldaşımın əmisigilə getdim. Onun da kranı vardı. Ailəsini çıxarmaq istəyirdi. Mənə yer olmadı , iki azyaşlı övladımla birgə güclə oturub gəldik.

Vərziyar Əliyeva deyir ki, Xocalıdan çıxmağı təsadüf nəticəsində alınıb: “27 yaşındaydım. Mülkü əhali üçün təkcə bir vertolyot göndərilmişdi. Mən bir gecədə 10 şəhid vermişəm. Yoldaşım Əliyev Əbülfət Əli oğlu Xocalı aeroportunda polis işləyirdi. Atam Hüseynov Mürşüd Səməd oğlu özünü müdafiə batalyonunun döyüşçüsü idi. Bacım ailəlikcə itkindir. Əliyeva Heyran Mürşüd qızı, Əliyev Firdovsi İsa oğlu, iki balası Elçin və Elgiz və digər 4 bacım”.

Bir gecədə 10 şəhid verən Vərziyar Əliyeva bacısının ailəlikcə itkin olduğunu bildirir. Onların tapılması üçün əlindən gələni etsə də he bir nəticə əldə edə bilməyib: “Hər yerə bacımın şəkillərini göndərdim. Onların, övladlarının. Hətta “Jdi menya” proqramına belə qədər şəkil göndərmişəm. Bir ara eşitdik ki, bizim əsirlərimizi ermənilər digər ölkələrə satır. Bütün xarici dillərdə müxtəlif ölkələrə müraciət etmişəm, Qırmızı Xaç vasitəsilə. Bəlkə 4 ailənin heç olmazsa birini tapa bilək deyə. İtkinin dərdi daha ağır dərddir…”

1990-cı ildə polis işləyən həyat yoldaşı isə döyüşlərdə yaralanaraq şəhid olub: “Həyat yoldaşım 1990-cı ildən polis işləyirdi. Əbülfət Əliyev Milli Qəhrəman Əlif Hacıyevin başçılığı ilə Xocalı limanında çalışırdı. Döyüşə-döyüşə çiyin və bud nahiyəsindən ağır yaralanmışdı. Ağdam hospitalına gətirmişdilər. Mən ona çatdıranda meyit hələ isti idi. Üzünü gördüm, gülüşü üzündə donmuşdu. Gülə-gülə də şəhid olmuşdu”.

Onun indi bircə arzusu var: “Xocalıya sevinə-sevinə qayıdacam. Hamı deyir əhd etmişik ayaqyalın qayıdacağıq. Mən deyirəm ki, torpağımla üzümü yuyacam. Bir də ermənilər Xocalıdan 8 ailəni tamamilə məhv ediblər. Arzumuz odur ki, onların yerində abidə ucaldaq. Axı bir də onların qapısını açan olmayacaq”.

“Şəhid analarının qarşısında şəhid qızı, şəhid yoldaşı, şəhid bacısı kimi baş əyirəm. İndi bir arzumuz var. Əsgərlərimizin şücaəti nəticəsində topaqlarımız tezliklə düşməndən geri alınacaq. Bayrağımız Şuşada, Laçında dalğalanacaq. Əgər eşitsəm ki, Ağdam alındı, onda əmin olacam ki, Xocalı da alınıb” – deyə Vərziyar Əliyeva bildirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın