22:58 06 Noyabr 2020 657
Ana səhifə Xəbərlər

Xocalıda əsir düşən 14 yaşlı uşaq 28 ildən sonra APA TV-yə danışdı

“BMP və top atəşinə tuturdular bizi. Fevralın 26-sı gecə atışma kəsmədi. Hər tərəfdən çoxlu atırdılar. Birdən xəbər tutduq ki, dolurlar Xocalıya. Xocalını gülləbaran edirdilər. Kimisini öldürür, kimisini əsir götürürdülər. Biz də çıxmırdıq”.

Xatırladınızmı? Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin tarixin yaddaşına yazdığı Xocalı faciəsinin yeniyetmə sakini ...

Bu kadrlarda Mürvət 14 yaşındadır. Düz 28 ildir şəhid şəhər Xocalının göynərtisi ilə yaşayır. İndi 42 yaşındadır. Qarlı-şaxtalı qış gecəsində ailəsi ilə birgə düz bir həftə erməni əsirliyində qalıb.

“Birdən evimizi mühasirəyə aldılar. Dedilər çıxın-çıxın, çıxmadıq. Heç hara qaçmadıq. Çıxmağa yer də yox idi. Evimiz mühasirədə idi. Evimizin arxasındakı evlər od tutub yanırdı. Camaatı tutub aparmışdılar. Bizi Əsgərana apardılar, oradan Ağdama gəldik”.

“ Gecə saat 11.00 idi atəş səsləri kəsmirdi. Raketdən, tanklardan Xocalı atəşə tutulurdu. Saat 3.00 da isə evləri girib yandırmağa başladılar”.

Məmmədovlar ailəsi ilə görüşmək üçün Bakıdan Qobustana getdik. 28 ildir ailə Qobustanda məskunlaşıb. Mürvət və Əhməd Məmmədovlar Xocalı şəhidi Məhəmməd Məmmədovun oğullarıdır... Onların ailəsi məcburi köçkünlük taleyini iki dəfə yaşayıb.

İlk dəfə 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalındakı yurd-yuvalarımızdan didərgin salınıb, Xocalıda məskunlaşıblar.

Xocalı faciəsi yaşanan gecə ailə Əhmədin ad gününü qeyd edirmiş.

“ Hər il yığışıb ad günümü qeyd edirdik. Ailə üzvlərimiz atam, qardaşlarım. Orada gözümüzün qarşısında Əhməd adlı qonşumuzun başını kəsib, futbol oynadılar. Gözümüzün qarşısında”.

Ailənin ilk övladı 1973-cü il təvəllüdlü Sərvər Məmmədovu ermənilər Göyçədən Xocalıya köç edərkən qətlə yetirdilər. Ailənin səkkiz nəfərlik üzvləri bu acı ilə Xocalıya pənah gətirirlər.

Qardaşlarının ağrısı sağalmamış 1992-ci il 26 fevral tarixində Xocalı erməni terrorçuları tərəfindən mühasirəyə alınanda onlar düşmən tərəfindən girov götürülür.

“İki qardaşım və atamın ermənilər əsirlikdə başını kəsdilər. Evimizin içinə əl qumbarası atmışdılar, mən də ayağımdan yaralanmışdım. Anam kürəyindən yaralandı. 14 yaşım vardı. Girov götürüldüyümüz gecə ermənilər bildilər ki, Əhmədin ad günüdür. Bütün əsir götürülmüş Xocalı sakinlərinin gözü qarşısından onu ovcundan güllələdilər. Bir həftə ermənilər tərəfindən insanlığa xas olmayan işgəncələrə məruz qaldıq”.

Ağır işgəncələrə məruz qalan 80 nəfər Xocalı sakinini Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov dəyişməyə nail olur:

“Allah rəhmət eləsin, bizi Milli Qəhrəmanımız Allahverdi Bağırov Qarabağ döyüşlərində ermənilər tərəfindən döyüşən bir zəncinin meyiti ilə dəyişdi. Mənim ailə üzvlərimlə birgə 80 nəfərlik əsirlərimiz ölümcül vəziyyətdə Azərbaycan tərəfinə qaytarıldı”.

Narxanım ana şəhid oğulları Söhbət və Möhlət Məmmədovun Xocalı uğurunda gedən döyüşlərdə həlak olduğunu deyir. Çəkiliş qrupumuzu görəndə sevincini gizlətmədi, deyir 28 ildir müsahibələrimdə məyusam, indi Xocalının azadlıq xəbərini gözlədiyimdən ürəyim heç hara sığmır:

“Allah qüvvət versin, vətənimizi alsınlar. Elə nigaranam qızım, gözüm yoldadır, Xocalının xəbərinə görə. İnşallah Xocalı da alınar, lap yaxşı olaram”.

Xocalı gecəsini xatırladıqca o günlərə yenidən geri dönür:

“Həmin gecə ilk yoldaşımı vurmuşdular. Məni də kürəyimdən yaralamışdılar. Hamımız al qanın içində idik. Ermənilər içəri girib dedi ki, yandırın bunları. Livan erməniləri idi, qızım. Gözləri mal gözü boyda idi. Bizi evdən çıxarıb it maşınına yığdılar, apardılar Əsgərana”.

Əsgərana çatan Xocalı sakinləri düz bir həftə erməni girovluğunda qalır:

“Getdik ki, hamı oradadır, yaralı sakinlərimizi, ölənləri - hamısını Əsgaran qalasına yığıblar. Qaçanı yolda vurur, evdə tutduqlarını evdə güllələyirdilər. Girovluqda bütün ailə üzvlərim vardı. Hamımızı götürüb ayrı-ayrı qoyun saxlanan çərçivələrdə saxlayırdılar”.

Övladları ilə birlikdə işgəncə çəkən ananın gözləri qarşısında əvvəlcə balaca Əhmədi güllələyirlər:

“ Dedilər sənin ad günündü nə hədiyyə edək sənə? Əlindən avtomatla vurdular. Əli parça-parça oldu. Bununla da ürəkləri soyumadı, yarasının üstünə qaynar çay tökdülər. Qoy ölsün dedilər”.

Bundan sonra yaralı uşaqları Narxanım anadan alırlar:

“Söhbətin 17, Möhlətin 18 yaşı vardı şəhid olanda. Ataları 45 yaşında şəhid oldu. Öldürməmişdən əvvəl övladlarımı ayırdılar məndən. Girovluqdan azad olunanda yaralı idim, soruşdum, dedilər gələcəklər. Sonra onlarla birlikdə əsir götürülən uşaqlar dedi ki, Narxanım ana Möhlətin və Söhbətin başını erməni qadınların qəbri üstə kəsiblər. 7 gün bizi ac saxladılar. İt yemi verirdilər ki, yeyin”.

Bir ömrə sığmayan 7 gün... Azad oluna Xocalı sakinləri ilə birgə Narxanım anagil də əvvəlcə Ağdama sığınır. Orada Milli Qəhrəman Çingiz Mustafayevlə görüşüb, başlarına gələn müsibəti ilk dəfə məhz ona danışırlar:

“Ağdamda vaqonda məskunlaşdıq. Bizi dünyaya Çingiz Mustafayev tanıtdı. Dedi - “Ana, nə yaxşı salamat gələ bildiniz? Dedim, oğul Allahverdi Bağırov gətirdi bizi”.

Ömrün 28 ilini övlad itkisi, doğma torpaq qoxusuna həsrət yaşayıb Narxanım ana. İndi ümidlidir, sevinclidir. Birinci Qarabağ müharibəsində övladları və həyat yoldaşı şəhid olan Narxanım Məmmədova təqaüdünü Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb:

“ Qızım Ali Baş Komandanımıza canım da qurbandır. Yerdə qalan balalarım da bu vətənə qurban olsun. Qocalmışam, əlimdən bir şey gəlmir, amma Cənab Prezidentimizin mənə verdiyi təqaüdü əsgərlərimizə yardım fonduna köçürmüşəm. İnşallah, Xocalı azad olunana qədər bu dəstəyimi davam etdirəcəm. Gecə-gündüz fikrimdən çıxmayan, xəyalımdan silinməyən Xocalım alınsın, əsirlikdə ölən balalarımın ruhuna qovuşum, torpağını öpüm”.

İndi Məmmədovlar ailəsində şəhid babası Məhəmmədin adını daşıyan yaraşıqlı bir igid böyüyür:

“Ən böyük arzum budur ki, Prezidentimiz Azərbaycan ordusunun Xocalını işğaldan azad etdiyi xəbərini versin”

Arzuların Xocalısında tezliklə görüşmək diləyi ilə!!!!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın