08:00 01 Aprel 2020 268
Ana səhifə Xəbərlər

Xüsusi karantin rejimini pozanlar inzibati həbs olunacaq – BAKIDA NÖVBƏTİ POLİS REYDİ

“Tətil olsaydı, evdə qalardım”, “xəstələnsəydim, evdə qalardım” düşüncəsini ağlımızdan keçirməmişik desək, yalan olar. Amma indi insanların həyatı üçün təhlükəli bir zamanda nədənsə çölə çıxıb hava almaq istəyənlərin sayı çoxalıb. O hava ki, artıq xəstəlikdən başqa heç nə vermir.

APA TV-nin məlumatına görə, dünyanın 201 ölkəsini düşünməyə vadar edən koronavirusundan ən asan çıxış yolu özünü təcrid etmək, şəxsi gigiyena qaydalarına əməl etmək, bir sözlə, evdə qalmaqdır.

Bəzi insanlar üçün isə evdə qalmaq son günlər qlobal hadisəyə çevrilib. Müxtəlif vasitələrlə edilən çağırışları görməzdən gəlir, hələ də məlumatlarının olmadığını deyirlər:

- Məlumatım yoxdur.

- İşə qəbulla bağlı sənədlərimi verirdim ona görə məcbur çıxmışam. Özüm Sumqayıt qeydiyyatındayam.

- İşə gedirəm arayışım yoxdur, iş yerindən verilməyib.

- İşim var. Məcbur çıxmışam.

Evdə qalmayıb, öz sağlamlıqlarını təhlükəyə ataraq insanların evdə qalmalarını tövsiyə edən DİN əməkdaşları isə bu gündən etibarən “evdə qal” çağırışına əməl etməyən vətəndaşlara qarşı daha ciddi tədbirlər görməyə başlayıb.

Nəsimi Rayon Polis İdarəsinin şöbə rəisi Elçin İsgəndərov deyir ki, xüsusi karantin rejiminə əməl etməyən vətəndaşlara qarşı cərimə və inzibati həbs nəzərdə tutulub: “Vətəndaşlarla aparılmış söhbətlər zamanı onların lazımsız yerə evlərini tərk etməsi halları aşkar olunduğu halda ilk olaraq onlara evə qayıtmaları izah olunur, evə qayıtmadığı hallarda inzibati xətalar maddəsinə müvafiq olaraq inzibati qaydada tədbirlər görülür, cərimə və inzibati həbs nəzərdə tutulub”.

Paytaxtda polis əməkdaşları karantin müddəti dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən reydlər aparır, insanların evdə qalmasını tövsiyə edirlər.

Edilən tələblərə əməl etməyən vətəndaşlar haqqında isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati qaydada cərimə və həbs nəzərdə tutulub.

Evdə qalmaq bizim və yaxınlarımızın sağlamlığı üçün mütləqdir. Çalışaq evdə qalaq ki, nə cərimə olunaq, nə də sağlığımızdan olaq.

İsa İsmayılov

Faiq Həsənov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın