16:20 01 Aprel 2021 84
Ana səhifə Xəbərlər

Xüsusi təyinatlı Vətən Müharibəsi Qəhrəmanı - REPORTAJ

Yaşasaydı, bu gün 24 yaşını qeyd edəcəkdi. Lakin o, əbədiyyən 23 yaşında qalmağı seçdi. Söhbət Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovdan gedir.

APA TV xəbər verir ki, Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Ailəsi Birinci Qarabağ müharibəsi dövründə Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşüb. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Ermənilər Zalovlar ailəsinin evini, mal-mülkünü əlindən alıb yurdsuz-yuvasız qoysa da, onların vətən sevgisini ala bilməyib. Ailədə böyüyən 2 oğulun - Nicat və Fəqanın ikisi də hərbçi peşəsini seçib.

Atası Amil Zalov oğlunun uşaqlıqdan hərbiyə həvəsi olduğunu deyir: “Uşaqlıqdan hərbini çox sevirdi. İdmanı da sevirdi, dörd-beş il Yunan-Roma güləşinə gedib. Medalları da var. Əsgərlikdən gələndən sonra dedi, ata, mən qəti qərar verdim, gedirəm hərbiyə. Sonra MAXE kimi işlədi. Sonra getdi Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarına”.

Fəqan Zalov 2017-ci ildən Azərbaycan Hərbi Dəniz Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılar kursunu keçib, kiçik miçman rütbəsi ilə xüsusi təyinatlı kimi fəaliyyətini davam etdirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə sağ ayağından qəlpə yarası alıb. Həkimlərin israrına rəğmən, yenidən döyüşlərə qatılacağını bildirib və tam sağalmamış cəbhəyə yollanıb.

Anası Səridə Zalova oğlu ilə qürur duyur: “Fəqanın anası olmaq çox gözəl duyğudur. Fəqanla, oğlanlarımla fəxr edirəm. Düzdür, Fəqan yoxdur, amma qürurvericidir. Torpaqlarımız azad oldu bizim uşaqların sayəsində, əsgərlərimizin sayəsində, şəhidlərimizin sayəsində. Dostları ilə danışıb səs atıb. Uşaqlar müharibədən qabaq deyib, Fəqan, getdin düzəldin işə, birdən müharibə olar. Fəqan deyib ki, bəs biz almasaq, kim alacaq. İstəmərik ki, bizdən sonra anaların gözü yaşlı qalsın”.

Noyabrın 9-da – müharibənin başa çatmasına beş saat qalmış Xocavənd döyüşləri zamanı şəhid olub.

Bacısı Gültəkin Mehralıyeva şəhidlərin heç zaman unudulmayacağını deyir: “Dünya durduqca, Fəqanlar heç vaxt unudulmayacaq. Fəqan kimi şəhidlər heç vaxt unudulmayacaq. Onların qəhrəmanlığından hamı danışacaq. Bütün ordu mənim qardaşımdır o zamandan. Harda əsgər görsəm, harda hərbi formada kimisə görsəm, onları öz doğmamız kimi, qardaşımız kimi çox istəyirik”.

Kiçik miçman Fəqan Zalov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın