01:20 19 Fevral 2018 1110
Ana səhifə Xəbərlər

Yağışdan sonrakı Bakı - REPORTAJ

Maşınlar yollarda qaldı, yağış insanlara problemlər yaratdı. Yenə ayağımızda çəkmə, yenə eyni mənzərə... Dünəndən başlayan yağış Bakının müxtəlif ərazilərini gördüyünüz bu vəziyyətə salıb. Binəqədidən Xırdalana gedən istiqamətdə avtomobillərin hərəkəti də çətinləşib.

Hər dəfə eyni mənzərəni təkrar-təkrar göstərməyimizə rəğmən, problem öz həllini tapmır ki, tapmır. Bu vəziyyət sakinləri də artıq təngə gətirib: "Hər yağışdan sonra vəziyyət bu cürdür, keçmək olmur. Əvvəllər bura elə idi ki, yağış sularının hamısı evlərdə idi. Buranı bir az biz qaldırdıq. Dəfələrlə də müraciət etmişik, orada kanalizasiya var, oranı açsınlar, buranın suyu çəkilsin. Ora da tutulub. "Azərsu"ya zəng etmişik, icra hakimiyyətinə getmişik, bələdiyyə getmişik, gəlib edəcəyik, amma hələ heç kəs gəlməyib. Biz burada 2004-cü ildən yaşayırıq. O vaxtdan indiyə kimi eyni vəziyyətdir. Biz dünən sabaha kimi əlimizdə bel həyətdə qalmışıq. Vəziyyətimiz pisdir, dönə-dönə müraciət etmişik Binəqədi Rayon İcra Hakimiyyətinə, bütün orqanlara, bizim səsimizə səs verən yoxdur. Səbəb də deyirlər ki, hələ ki, proqramda deyilsiniz, vaxt, zaman gələr, biz sizi salarıq proqrama".

Daha çox əziyyət çəkən isə məktəblilərdir. Onlar bu aşırımı keçərək dərsə gəlməkdə çətinlik çəkirlər: "Məktəbə gedib gəlirəm, yollar sudur, gedə bilmirəm. Ayağım islanıb".

Bu, aysberqin görünən tərəfi idi. İndi keçək görünməyən hissəsinə - evlərə. Təkcə yollarda deyil, evlərin həyətlərində də bu cür gölməçələr yaranıb: "Burada çökəkdə 500-dən artıq ev var. Hamısı bu gündədir. Hələ yaxşısı budur. Dəfələrlə icra hakimiyyətinə də müraciət etmişik, xeyri yoxdur. Polun üstünə çıxıb su, aparıb qonşuda saxlayırıq uşağı. Bu gün heç məktəbə getməyib. Buradan uşaq necə gedə bilər? Göyün üzünə bulud gəldi vəziyyət belədir".

Biz yenə öz borcumuzu yerinə yetirdik, problemi çəkib işıqlandırdıq. Ümid edək ki, bu dəfə aidiyyəti qurumlar nəticə çıxaracaq.

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın