15:51 17 Fevral 2021 263
Ana səhifə Xəbərlər

Yandırılmış meyitlər, 29 illik qərib məzar və... – REPORTAJ

Xocavənd rayonunun Axullu kənd qəbiristanlığındakı bu məzar düz 29 il intizarla doğmalarının yolunu gözləyirdi. 29 il kəndə gələn yola həsrətlə baxa-baxa qalmışdı. 29 il qisasının alınacağı günü gözləmişdi.

APA TV-nin məlumatına görə, o gün gəldi. Müzəffər ordumuz onun qisasını aldı. O məzarın nakam sahibinin də gözləri yoldan çəkildi.

Bu gün o məzarın qarşısında dayanmışıq. Ruhuna dualar oxuyuruq. Artıq məzar sahibinin də ruhu şaddır:

Dayandığımız bu yer Xocavənd rayonunun Axullu kəndidir. Axullu kəndi 1992-ci ilin yanvar ayının 9-dan 10-a keçən gecə ermənilər tərəfindən işğal edilib və kənd sakinləri didərgin düşüb. Hazırda bu kənddə 3-4 ev qalıb. Digər evlər isə dağıdılaraq məhv edilib.

Bura səfərimiz təsadüfi deyil. Hələ 1988-ci ildə ermənilər torpaq iddiası ilə münaqişəni alovlandıranda, təxribat törətdikləri ilk yerlərdən biri də Axullu olub.

Kənd sakini Məhəmməd Aslanov o günləri belə xatırlayır: “Kənd əsasən əkinçilik və heyvandarlıqla məşğul idi. Burada 4 kənd bir-birinin əhatəsində idi. Bunlar Edilli, Ağbulaq, Axullu və Düdükçü kəndləri idi. Bu kəndlərin vahid bir sovetliyi, vahid bir sovxozu var idi. İki min hektara yaxın üzüm sahəmiz, 10 min baş qoyunumuz, 5-6 min baş da iribuynuzlu mal-qaramız vardı. Əvvəllər mehriban yaşayırdıq. 1988-ci ildən başlayaraq ermənilər hər şeyi korladılar”.

Nə oldusa, 1988-ci ildə oldu. Bu yerlərin sahibləri olan azərbaycanlılarla on illər boyu qonşuluq şəraitində yaşayan ermənilər birdən-birə dəyişdilər, tamam ayrı adam oldular, əslində isə adamlıqdan çıxıb vəhşiləşdilər: “Tədricən silahlandılar və kəndə saqqallılar gəlməyə başladı. Ermənilər hər gecə atırdılar. Beləcə, aramızdakı münasibətlər pisləşdi. 1992-ci ilin yanvar ayının 9-da dörd tərəfdən qəti hücuma keçərək evləri yandırdılar, adamları qovdular. İki nəfərimiz həmin gecə şəhid oldu. Dörd bir tərəfdən kəndimizə hücumlar oldu. Biz də məcburiyyət qarşısında qalıb kəndi tərk elədik”.

“Biz bilirdik ki, ermənilərin məqsədi bizi doğma kəndimizdən çıxarmaqdır”, - bunu da kənd sakini Şaiq Aslanov əlavə edir: “Bizim kənd 4 erməni kəndinin əhatəsində yerləşdiyinə görə hadisələrin ilk günündən, 1988-ci ilin əvvəlindən başlayan münaqişənin, torpaq iddiasının tam mərkəzində idi. Həmin ilin fevralından başlayaraq ermənilər azərbaycanlılar yaşayan bu kəndin əhalisinə qarşı soyqırıma başladılar. Həmin ərəfələrdən azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılmağa başladı. Elə bil, ermənilər hardansa bir komanda gözləyirdi”.

Beləliklə, 1988-ci ilin fevralında ermənilərin alovlandırdığı münaqişə 1992-ci il yanvarın 9-da Axullu kənd sakinlərinin öz doğma yurd-yuvalarından didərgin düşməsi ilə nəticələndi.

Bu gün burada həmin hadisələri yenidən xatırlamağımızın bir əlamətdar tərəfi də var. 29 illik intizardan sonra Axullu sakinləri doğma yuvalarına qayıdıblar. Düzdür, Axullu artıq onların qoyub getdikləri kənd deyil. Daha o dəbdəbəli evlərin, imarətlərin, bağ-bağatların heç biri yoxdur, həyət-bacalar dağıdılıb, ağaclar kəsilib, yollar məhv edilib, məktəb uçurulub.

Bu, bayaq haqqında danışdığım məzardır - şəhid Aslanov Elçin Gəray oğlunun məzarı. Məhəmməd Aslanov deyir ki, Elçin Aslanov Axullu kəndinin Qarabağ münaqişəsində verdiyi ilk şəhid idi: “Noyabrın 15-i 200-ə yaxın erməni kəndə hücum çəkir, qardaşımgil də onların qarşısını almağa çalışırlar. Həmin hadisədə iki nəfər qadın girov götürülmüşdü. Beş gündən sonra qadınlar azad olundular. Biz getdik, qardaşımın və digər polislərin meyitlərini tapa bilmədik. Həmin qadınlar bizə dedilər ki, ermənilər bizimkilərin təslim olmadıqlarını görüb, gizləndikləri evi yandırıblar. Biz də yanmış evə gedib silahlarının nömrəsi ilə onların meyitlərini tapa bildik”.

Elçin bu qəbiristanlıqda dəfn olunan sonuncu Axullu sakini idi. Həmkəndlisi Şaiq Aslanov onu çox çətinliklə dəfn etdiklərini deyir: “Onun burada dəfni çox çətinliklə baş tutdu. Gördüyümüz ətrafdakı bu yüksəkliklərdən, oradakı erməni postlarından buranı atəşə tuturdular. Həmin gün onu burda çox çətinliklə dəfn edə bildik və o gündən bu günə kimi bura ziyarətə gələn olmadı”.

Qəbiristanlığı ziyarətimizi bitirib kəndə baş çəkirik. Əslində kənddə baş çəkiləsi elə bir yer, məkan da qalmayıb. Bir bizi görəndə üstümüzə qaçıb ac gözləri ilə “yemək dilənən” itlərdir, bir də deyəsən, atəş səslərindən qurtulduqlarına sevinən iki-üç boz ulaq - özləri üçün otlayırlar.

Kənddəki evlərin əksəriyyəti dağıdılıb, yalnız dərənin üstündə bir-iki ev gözə dəyir. Bununla belə, bizimlə gələn sakinlərdən bəziləri bu xarabalıqların arasından özlərinin, qohum-qonşularının evlərinin yerini tapa bilirlər.

Axullu kənd sakini Rəmziyyə Həsənova deyir ki, burda sevinc də, kədər də var, amma sevinc daha çoxdur: Sevinc hissi ona görə çoxdur ki, yəni dağıdılmış olsa da, erməni vandalları tərəfindən xaraba qoyulsa belə, bura mənim doğma torpağımdır. Əsas odur ki, bu torpağa qədəm qoydum. Evimizi tapdım, amma evin yalnız qalıqları qalıb. Doğulduğum, boya-başa çatdığım, valideynlərimin min bir əziyyətlə qurduğu bu evi bu vəziyyətdə görmək adama çox pis təsir edir. Amma şükür ki, gəldik gördük. Torpaq bizimdir. İnşallah, ondan da yaxşı evlər qurub tikərik”.

Axullunu bu dağlara tapşırıb, geri qayıdırıq. Hələ yolumuzu gözləyən Salakətin kəndi var.

Salakətin kəndi dağlar qoynunda qərar tutmuş 50 evdən ibarət balaca kənd olub. Kəndin qarşısında geniş mənzərə açıldığı üçün bura bəzən “Bala Tiflis” də deyiblər.

Hazırda bir-iki evdən başqa kənddə salamat tikili tapmaq çətindir. Evlər dağılıb, çəpərlər sökülüb, yolları, cığırları böyürtkən kolları, ot-ələf basıb. Salamat qalan evlər isə tövlə kimi istifadə edilib.

Kəndin digər sakini Vüqar Hüseynovun isə sevincinin həddi-hüdudu yoxdur. 29 il 4 ay sonra, nəhayət, ata yurdu olan evə daxil olur. Düzdür, ikimərtəbəli, on otaqlı evdən yalnız üç quruca divar qalıb. Amma bir igidin ömrünə bərabər ayrılıq illərindən sonra sevinmək üçün bu da bəs edir: “Bizim kənd balaca olsa da, çox gözəl və füsunkar idi. Bax, orda həyətində dəmir qapı görünən uçuq ev bizim evimiz idi. Mən orada yaşayırdım. Ondan o tərəfdə Zakir var idi, kəndin ali təhsilli adamlarından biri idi. O evdə də Zakirgil yaşayırdı. Gördüyünüz bu yaxındakı evdə də Qamboy kişi yaşayırdı, kəndin ağsaqqallarından biri idi”.

Gültəkin Ağayeva Salakətində anadan olmasa da, uzun müddət kəndin məktəbində dərs deyib. O da evlərini tapanlardandır. Təəssüf ki, doğma ocağına aparan yollar tamamilə silinib, bir də axı buralardan mina qorxusu hələ çəkilməyib: “29 il 4 aydır ki, mən bu kənddən çıxmışam. Bu böyük bir tarixdir. Ən azından bir igidin ömrüdür. Ona görə də mən bilmirəm ki, həyəcandan nə danışım. Allah biz də daxil olmaqla bütün qaçqın və məcburi köçkünlərə cansağlığı versin və onlar geri dönərək gəlib öz yurd-yuvalarına yaşasınlar”.

Bu insanların sevincini ancaq onların yaşadığı həyatı yaşamış bir insan anlayar. Sevinirik, çünki torpaqlarımız işğaldan azad olunub. Həm də ona sevinirik ki, yüz minlərlə məcburi köçkün öz doğma el-obasına qayıda biləcək.

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

APA TV,

Xocavənd

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın