08:00 21 Noyabr 2019 75
Ana səhifə Xəbərlər

YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib

“Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür”.

APA TV-nin xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə YAP icraçı katibi-sədr müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib:

“Azərbaycan vətəndaşlarının böyük hissəsi dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır”.

Əli Əhmədov çıxışında partiya sədri, Prezident İlham Əliyevi və partiya sədrinin müavini, Birinci Vitse-prezident Mehriban Əliyevanı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edib. Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi problemlərdən danışan Ə. Əhmədov deyib ki, 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib: “27 yaşı olan partiya 26 ildir ki, hakimiyyətdədir və xalqa ləyaqətlə xidmət edir. 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində bu gün dünyada reytinqlərdə ən yüksək yerlərdədir. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar”.

YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın