23:20 26 Mart 2020 130
Ana səhifə Xəbərlər

YAP tənha və ahıllara dəstək aksiyasına start verib

Yeni Azərbaycan Partiyasının (YAP) fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı yeni aksiyaya start verib.

APA TV-nin xəbərinə görə, könüllülər koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım ediblər.

Martın 21-dən start götürmüş aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədovun sözlərinə görə, aksiyanın əsas məqsədi hökumətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır: “Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir”.

Bununla yanaşı, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sosial xidmət işçiləri ilə bərabər Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri də səfərbər olunmaqla yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstəriləcək:

YAP-ın əməkdaşı Aytən Hüseynova bildirib ki, yaşlı insanlara sosial xidmətlərin həyata keçirilməsində yardım ediləcək: “Bu sosial xidmət çərçivəsində yaşlı insanlara lazım olan kommunal ödənişlərin həyata köçürülməsi, evdə bir sıra sosial xidmətlərin həyata keçirilməsi təşkil ediləcək. Artıq 500-dən artıq gənc könüllü bu aksiyada iştirak etmək üçün müraciət edib. Biz sabahdan etibarən bu xidmətlərə start verəcəyik”.

Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın