19:00 26 İyun 2020 630
Ana səhifə Xəbərlər

Yardımlıda yeni dağ kombaynları fermerlərin istifadəsinə verilib

Yardımlıda yeni dağ kombaynları fermerlərin istifadəsinə verilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, ən son model müasir kombaynlar MDB məkanında ilk dəfə Azərbaycanda istifadə olunacaq.

Bu il Prezident İlham Əliyev tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi məqsədilə yeni dağ kombaynlarının alınması üçün vəsait ayrılıb. “Aqrolizinq” ASC tərəfindən 25 ədəd dağ kombaynı alınıb, bir hissəsi artıq ölkəyə idxal olunub. Biçin aparacaq yeni kombaynlar bu gün çətin relyefli sahələrdə test edilərək, təqdimatı həyata keçirilib.

“Aqrolizinq” ASC İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, idxal olunan kombaynlardan 6 ədədi bu gün Yardımlı, Cəlilabad və Lerik rayonlarında istifadəyə verilir: “Bildiyiniz kimi, bizdə dağlıq rayonlarda, relyefli ərazilərdə yerləşən əkin sahələri ölkə üzrə əkin sahələrinin 10%-ni təşkil edir. Bunların da böyük bir hissəsində taxıl və digər dənli bitkilər əkilir ki, onların da əvvəlki illərin təcrübəsi göstərir ki, optimal müddətdə operativ, itkisiz biçilməsində bir sıra çətinliklər mövcud idi. Məhz bu baxımdan həmin kombaynların alınması nəzərdə tutulmuşdu və bu gün də baxmayaraq ki, çox ağır bir dönəmdə, pandemiya dövründə biz dövlət olaraq Avropadan həmin malın istehsal olunması və tez bir zamanda ölkəyə gətirilməsini həyata keçirdik”.

Ölkəyə gətirilən yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Kombaynın 6000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərimizə təmiz və bol məhsul yığmaqda kömək edəcək. Biçinə aran rayonlarından, arpa sahələrindən başlanılıb. Hazırda Aran rayonlarında arpa biçini demək olar ki, yekunlaşıb və buğda biçini aparılır. Həmçinin dağətəyi sahələrdə arpa biçini həyata keçirilir: “Bu kombaynlar ilkin mərhələdə Yardımlı, Lerik və Cəlilabad rayonlarında biçin işlərini bitirdikdən sonra, digər idxal olunan kombaynlar kimi Gədəbəy, Daşkəsən və digər dağlıq və relyefli ərazilərə, - onlarda biçin daha gec başlayır, dislokasiya olunması, həmin fermerlərə də aqrotexniki xidmətlərin, biçin işlərinin həyata keçirilməsi təmin ediləcək”.

Bu il respublika ərazisində (Naxçıvan MR istisna olmaqla) 974 min hektara yaxın taxıl sahəsi əkilib ki, bunun da 614 min hektarı buğda, 360 min hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1700-dən çox taxılbiçən kombayn cəlb olunub. Bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən ilk olaraq 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də ötən ildə olduğu kimi qalır, yəni 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın