19:04 13 Avqust 2020 1441
Ana səhifə Xəbərlər

Yaşadı ki, yaşatsın... - QARABAĞ VETERANI DƏNİZDƏ BATAN ANA VƏ QIZINI XİLAS ETDİ

Onunla düz bir əvvəl tanış olmuşduq. Ağır xərçəng xəstəliyindən əziyyət çəkirdi. Evində, ailəsi və 6 yaşlı övladı ağır xəstəliyə qalib gələcəyinə ümidli idi. Elə də oldu, düz iki illik müalicədən sonra artıq ayaqdadır. Söhbət dəfələrlə Azərbaycan çempionu olan 63 yaşlı Pyotr Anatolyeviç Kuvşinovdan gedir.

Bir ildən sonra Pyotr Kuvşinov yenidən süjetimizin qəhrəmanına çevrildi. Amma bu dəfə dənizdə batmaqdan qurtardığı ana və qızına görə.

Qəhrəmanımız deyir ki, xərçəng xəstəliyinə qalib gəlmək üçün təkcə bir il ərzində 11 reabilitasiya kursu keçib, iki ildir doğma dənizə həsrət qalıb. Buna görə də bu ilin ilk istirahət günü dənizin Şimali GRES bölgəsindəki Mayak çimərliyinə gəlib. Elə bütün hadisə də bundan sonra baş verib: “Mən sahildə ailəmlə, dostlarımla istirahət edirdim. Gördüm ki, qışqırıq səsi gəlir. İki qadın və bir kişinin boğulduğunu gördüm. Dərhal dənizə girdim. Güclü küləyə və yorulmağıma rəğmən, həyat yoldaşımın köməyi ilə batmaqda olan ana və qızını xilas edə bildim. Onları sahilə çıxardım”.

Hadisəni bu gün də böyük həyəcanla xatırlayan qəhrəmanımız deyir ki, xəstəlikdən sonra özü də ayaqlarında problem olduğun görə, insanları xilas edə bilməyəcəyini düşünüb. 3 nəfərin köməyə ehtiyacı olduğunu görəndə isə nə güclü şimal küləyi, nə də gücsüzlüyü onu qorxutmayıb. Bir an düşünmədən suya girib. Lakin külək onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təəssüf ki, onun cansız bədənini sahilə çıxarıblar: “Onları sahilə çıxardıq. Təcili tibbi yardım, polis, xilasedicilər də gəldi. Sahildə ana və övladına yardım olundu. Biz onları xilas edəndə güclü dalğa və külək ailə başçısını uzağa aparmışdı. Onu xilas edə bilmədim. Ayaqlarımın tutlacağından qorxurdum. İndi xoşbəxtəm ki, kiminsə yaşamasına səbəb olduq. Həmin gün heç istirahət də etmədik”.

Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Ağdam və Tərtər uğrunda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərinin yadigarını - qəlpə qırıntılarını bu gün də bədənində gəzdirir. Vətən üçün bu gün də silaha sarılıb döyüşlərə qatılmaq əzmi ilə yaşayan Pyotr Anatolyeviç deyir ki, xəstəliklə mübarizəsində ona hər kəs kömək oldu, bir sözlə yaşadı ki, yaşatsın: “Düşünürəm ki, nə yaxşıki yaşadım. Deməli allah məni qorudu. Məndə insanları qoruya bildim. Hər kəsə minnətdaram. Bir xahişim də var. Dənizdə qaydaları pozmasınlar. Diqqətli olsunlar, qadağan olunmuş ərazilərdə çimdikləri üçün boğulurlar. Qaydalara riayət etmək lazım, həm də vacibdir”.

Qeyd edək ki, Pyotr Kuvşinov Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi, Azərbaycan milli komandasının məşqçisidir. Həmçinin 2017-ci il İslam Oyunlarında ölkəmizi təmsil edən su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi olub. Birinci Avropa Oyunlarında azərbaycanlı hakimlər sırasında təmsil olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın