05:09 14 Aprel 2021 59
Ana səhifə Xəbərlər

“Yaşıl Marafon” çərçivəsində Qubadlıda 750 ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş Qubadlı və Cəbrayıl rayonlarına səfərini təşkil edib.

APA TV-nin məlumatına görə, səfərin zamanı işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçirilib.

Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Cəbrayıl rayonuna mediatur zamanı 800 yaşı olan Şərq çinarını ziyarət ediblər. Jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirib, erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində işğaldan azad olunmuş Qubadlı rayonunda ağacəkmə aksiyası keçirilib. “Yaşıl Marafon” çərçivəsində Qubadlıda 750 ağac əkilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub:

"Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:

"Bu yerlər ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan ərazilərdir. İşğaldan əvvəl il ərzində burada 100 tona yaxın barama istehsal olunub, bu gün isə burada Şərq çinarı, palıd və tut ağaclarından ibarət ümumilikdə 750 ədəd ağac əkilib".

Ağacəkmə aksiyasından sonra Cəbrayıl və Qubadlı rayonlarına mediatur başa çatıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın