01:20 31 Oktyabr 2019 45
Ana səhifə Xəbərlər

Yayla qış arasında qalan “İkinci bahar” - BAKININ PAYIZ TABLOSU

“Payız gəldi. Təqvimdə bu ilin payızının ilk günlərini yaşayırıq. Qızıl fəslin ömrü 3 ay çəkəcək. Yeni ilə təxminən 1 həftə qalmış - dekabrın 22-də payız ömrünü qışa bağışlayacaq”.

Yağış, tutqun hava, duman, xəzəl, ayazıyan axşamüstü, tələsən qaş qaralması... Bir sözlə - ilahi gözəllik, rəngarənglik... Sanki hansısa sehrli fırça yayın yaşıl rəngini qırmızı, sarı çalarlara dəyişir. Qocalmaq istəməyən, amma yaşlandıqca daha xarizmatik görünən adamlara bənzəyir bu fəsil.

Payız həm də dəyişkən ab-hava deməkdir. İnsanların əhvalını müəyyənləşdirən, daha doğrusu onu yaradan mövsümdür. Məsələn,
bu fəsildə kimi romantikaya daha çox qapılır, kimisi depressiyaya düşür, bəzilərinin səhhətində problem yaranır. Depressiyaya düşənlərin sayının daha çox olduğu deyilir.

Psixoloq Elnur Rüstəmov depressiyanın sırf payız fəsli ilə bağlı olduğunu doğru təsbit hesab etmir: “Elmdə belə şey yoxdur. Fəsillərin dəyişməsi ilə bağlı olaraq insan əhval-ruhiyyəsi dəyişə bilər. Meteohəssas insanlar payızda depressiyaya düşə bilər. Bütovlükdə isə mövsümi depressiya. Depressiyaya tez düşən insanlar üçün bu bir bəhanə olur. Normalda payız gələndə gün qısalır. Qaranlığın tez düşməsi insanların əhval-ruhiyyəsinə neqativ təsir göstərə bilər. İnsanlar tədricən adaptasiya olur bu fəsilə”.

“Qızıl fəsil”, “Qızıl payız” da deyirlər bu mövsümə.

Havaların soyuması ilə insanlar bağdan, təbiət qoynundan, dəniz kənarından evlərə çəkilir. Gündüzlər qısalır, uzanan gecələrin isə öz adamları var... Yəqin anladınız söhbət kimlərdən gedir. Bəli, payız həm də şairlərin fəslidir.

Bir gün uzaqlardan bir payız gələ
Deyə ki, qaytarın yarpaqlarımı...

Şəhriyar Del Gerani bu mövsümdən təsirlənən şairdir: “Mən ümumiyyətlə uşaqlıqdan payız və qış fəslini sevmişəm. Bu fəsillərdə özümü daha rahat hiss edirəm. Yazda və yayda o qədər də yazı qabiliyyətim olmur. Qeydlərimi yazda və yayda aparıram. Amma yazıya köklənməyim, adaptasiya olmağım, yazı masasına bir az daha doğmalaşmağım payız və qış fəslində olur”.

Mahnılar da qoşulub payıza. Nisgil, sevinc də var bu mahnılarda, ayrılıqların kədəri, qovuşmaq ümidi də. Amma daha çox cütlüklərin sevimli fəsli kimi tanınır.

Bəlkə də payızı təcəssüm etdirmək, canlandırmaq üçün daha çox söz düşünülüb, deyilib, əzbərə çevrilib. Axı insan təbiəti yalnız yazı üslubu, rəssam təxəyyülü və ifadə tərzi ilə tərənnüm edə bilər. Amma hamı şair, yazıçı, rəssam ola bilməz. Baxış, müşahidə, yanaşma adamına görə dəyişir.

Bakı payızı xüsusi gözəldir. Bəlkə də dünyanın heç bir şəhərində bu fəsil belə sevilə, duyula bilməz. Bəlkə də payız yağışı eçyerdə bizdəki kimi yağmır, heç kəsi bizi islatdığı kimi islatmır: “Fəsil kimi super fəsildir. Çünki nə soyuğu çox hiss edirsən, nə də istini. Yarpaqların saralıb yerə düşməsi və ya başqa rəng alması... Yağışın yağması və həmin vaxt sizin çölə çıxıb gəzməyiniz. İnsanlara rahatlıq verən bir fəsildir”.

“Payız fəsli mənə romantikanı xatırladır. Sakit, buludlu hava, yağışın yağması, İsti qəhvə, balkondan şəhərə baxmaq”.

“Payız soyuqla istinin, qışla yayın arasında olan fəsildir. İnsan bilmir qalın geyinsin, yoxsa nazik. Ona görə çox vaxt xəstəliklər buna görə olur”.

“Payızı çox xoşlayıram. Məktəblər açılır, uşaqlar dərsə, balacalar bağçaya gedir. Düzdür, havalar soyuyur, amma havada virus olduğuna görə uşaqlar daha tez xəstələnir. Ona görə də tədbir görmək lazımdır. Vitaminlər qəbul edib, qalın geyindirməliyik”.

Havalar soyuduqca xəstələnmək ehtimalı yüksəlir. Soyuqdəymə və qrip yoluxmaları çoxalır. Buna qarşı hansı profilaktik tədbirlərin görülməsini isə daha yaxşı həkimlər bilir: “Belə hallar payız mövsümü ilə əlaqədar - yuxarı və aşağı tənəffüs yolu infeksiyalarıdır. Bunlara viruslar, bakteriyalar səbəb olur. Hansı xəstəliklərdir bunlar? Zökəm, qrip, bronxit, pnevmoniya kimi özünü göstərə bilər. Havaların dəyişməsi ilə əlaqədar çoxlu mövsümi meyvə yemək, ümumiyyətlə qidalanmağa fikir vermək lazımdır. Qripin peyvəndi var. Özəlliklə, hər il oktyabr ayından etibarən həmin peyvəndi vurdurmaq məsləhətdir. Xüsusilə uşaqlara, yaşlı insanlara - yəni, immuniteti zəif olan insanlara mütləqdir. Bu məsələyə hamilə qadınlar daha ciddi yanaşmalı, ehtiyat etməməlidirlər. Çünki peyvəndin heç bir əks-təsiri yoxdur”.

Biz isə hər fəsli öz gözəlliyi ilə yaşamağa çalışaq. Əlbəttə ki, əhval-ruhiyyəmizi yüksək, səhhətimizi stabil saxlamaq şərtilə...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın