16:40 18 May 2018 2125
Ana səhifə Xəbərlər

Yaz bazarlığı neçəyə başa gəlir? - REPORTAJ

Hər mövsümün özünə uyğun meyvə, tərəvəzi var. Qışda yetişən meyvəni yayda, yayda yetişən meyvəni isə qışda yemək mütəxəssislər tərəfindən də məsləhət görülmür.

Yayda bol vitaminli, zəngin tərkibli meyvə-tərəvəz məhsulları orqanizmi lazımi maddələrlə təmin etməyə imkan verir. Məhz bunu nəzərə alaraq hazırda bazarlarda rast gəlinən mövsümi meyvələrin qiymətləri ilə maraqlandıq.

Satıcı hazırda ən çox tələbat olan meyvələrdən danışdı: "İndi əsas göycədir, alçadır, gilas, malina, çiyələkdir. Göycə 4-5 manata, gilaslar 7-8 manata, malina 7-8 manatdır. Çiyələk 1.50-2 manatdır. Tutun qiyməti 6 manatdır. Təzə çıxıb deyə. Ərik kq-ı 4 manatdır. Xarici mal olanda qiymətlər baha olur. Hazırda bizdə xarici mal yoxdur, hamısı yerlidir. Buna görə də qiymətlər münasibdir".

Bazarda təzə üzüm yarpağı da var ki, qiyməti 5-8 manat arasında dəyişir: "Bu Bakıdan da gəlir, rayonlardan da, ağ şanı da olur, onun yarpağı da olur. Keyfiyyətinə görə qiymətlər dəyişir. Eləsi var yarpağın arxası tüklü olur, o ucuzdur, amma təmiz olan yarpaqların qiymətləri bir az baha olur".

Qulança, məröz, mərəçöp - satıcı deyir ki, bu bitki hər bölgədə bir cür adlandırılır, orqanizm üçün isə çox faydalıdır: "Bunun çox böyük faydaları var. Astmaya, şəkərə, yüksək təzyiqə qarşı. Lobyanı neçə bişirirsinizsə, yumurta da vurulur, qızardıb yemək olar. Dəmləyib suyunu da içmək olar. Qiyməti 1-2 manat arasında dəyişir".

Yaz mövsümü ilə əlaqədar bazarlarda qızılgüllərə də rast gəlinir ki, qiymətləri 3 manatdan başlayır. Satıcılar deyir ki, gül ürəyin və bir çox xəstəliklərin dərmanıdır.

Tərəvəzlərin qiymətlərinə gəldikdə, badımcan Bakı badımcanıdır: "5 manata alırıq, 6 manata satırıq. Lobyadır, 3.50 alırıq 4 manata satırıq. Hələ ki, təzə gəlir, bahadır. Pomidorların qiyməti düşüb. 3 manat olub. Əvvəl 5-6 manat idi. Paxla 1.50 qəpikdir. "Kabaçok" da bizim deyil, xaricindir. 3-4 manat arasında dəyişir qiymətləri".

Müştərilərin bəziləri qiymətlərdən razı, bəziləri isə narazıdır:

- Mövsümi meyvələr deyəndə, birinci təmiz meyvə yoxdur. Yəni hamısına kimyəvi maddələr qatırlar. Qiymətləri də şişirdilmiş qiymətlərdir. Bircə çiyələkdən başqa.

- Normal qiymətlərdir hamısı. Münasibdir qiymətlər. Başqa yeri deyə bilmərəm, bazarda yaxşıdır.

Əliniz cibinizdə olsun!

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın