18:00 13 Aprel 2018 1510
Ana səhifə Xəbərlər

Yaz yorğunluğunu necə aradan qaldırmalı? - MÜTƏXƏSSİS RƏYİ

Bahar yorğunluğu xalq arasında tez-tez istifadə edilən bir anlayışdır. Əslində bu, bir çox səbəblərdən irəli gələn bir prosesdir. Yorğunluq hissi ilə yanaşı, yuxu pozğunluğu, iştahanın azlığı, əzələ ağrıları, qadınlarda isə tsikl pozulması ilə səciyyələnir.

Diyetoloq həkim Şəfa Yadigarova APA TV-yə bildirib ki, fəsil dəyişikliyində, xüsusilə də qışdan yaya keçiddə immun sistemi zəifləyir. Qış aylarında meyvə-tərəvəz çeşidləri az olduğu üçün avitaminoz yaranır: "Avitaminoz baş verdikdə, müəyyən mineralların da sorulması pozulur. Bu tarazlığı yaratmaq üçün neynəməliyik? Birinci növbədə qışdan sonra immun sistemini, vitamin və mikroelementlərə, maddələr mübadiləsinin tarazlığına və həyat rejiminə riayət etməliyik. Qışda çox havada olmuruq. İndi isə gözəl havadır, gəzintilərə üstünlük verməliyik".

Həkim deyir ki, ona müraciət edənlərin əksəriyyətində D vitamininin çatışmazlığı görülür: "Bir çox insanlarda qışdan çıxanda Vitamin D çatışmazlığı olur. Baxmayaraq ki, biz Azərbaycanda yaşayırıq, isti ölkədəyik. Aktual bir problemə çevrilib. Bu özü də birinci növbədə həm immun sistemini zəiflədir, həm də bir çox problemlər, məsələn, uşaqlarda məhz xəstəliyə doğru immun sistemi zəifləyir, insanlarda piylənmə. Bir çox insanlarda piylənmə Vitamin D çatışmazlığından irəli gəlir. Bir çox insanlarda hormonal dəyişiklik də Vitamin D ilə bağlıdır".

Onun sözlərinə görə, immun sistemi zəiflədiyi üçün bir çox xəstəliklər üzə çıxır. Ona görə də düzgün qidalanmaq əsas şərtlərdən biridir: "Bir çox insanlarda yuxarı tənəffüs yollarının xəstəlikləri, qrip kimi xəstəliklər daha çox üstünlük təşkil edir. Sarımsaqdan, meyvələrdən çox istifadə etmək lazımdır. Alma, nar və s. Mən hər zaman fəsilə uyğun meyvə-tərəvəzlərdən istifadə edilməsini məsləhət görürəm. Çiy meyvələrə daha çox üstünlük vermək. Şirə şəklində yox. Sırf meyvə şəklində. Daha çox tərəvəzlərə üstünlük versinlər, kələmin bütün növlərini istifadə etsinlər. Göyərti bol istifadə etsinlər. Yəni avitaminozu aradan götürsünlər".

Psixoloq Əmrah Abdullayev isə deyir ki, mövsüm dəyişikliyi zamanı baş verən bu hallar ümumi yorğunluqla, yaxud hansısa psixi pozuntu ilə də bağlı ola bilər. Onun sözlərinə görə, əgər bu, gündəlik fəaliyyətinə zərər vermirsə, buna pozuntu, yaxud hansısa xəstəlik kimi baxmırıq. Amma bəzən bu, daha ağır şəkildə, bəzən isə intihara qədər gətirib çıxarır: "Yayda görülən depressiyalar adətən qış vaxtı görülən depressiyalardan bir az fərqli olur. Belə hallarda onların aktivliyi artır, təşviş-həyəcan simptomları olur, iştahanın azalması olur, bədən çəkisi azalır və s. Normal antidepresant mövsümi depressiyalı xəstələrə cavab verir. Depressiyadan dolayı xəstələrdə inamsızlıq, özgüvən azlığı, çevrə ilə, gələcəklə bağlı mənfi düşüncələr olur. Bu xəstələr sosial aktivliklər özlərini geri çəkir, özlərinə qapanırlar. Amma onları sosial aktivliklərə daha çox qatılmasına və ya fiziki aktivliyi azalıbsa, artırmağa təşviq eləmək, xəstələri bu vəziyyətlərdən çıxarmaq lazımdır".

Psixoloq deyir ki, mövsümi depressiyalarda risk faktoru kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Onun sözlərinə görə, bu dönəmdə biopolyar pozuntu deyilən psixi xəstəliyə də rast gəlinir ki, bu da depressiyadan daha ağırdır: "Bəzən mövsümi depressiyalar özləri biopolyar pozuntunun da əlaməti ola bilər. Biopolyar pozuntu normal depressiyaya görə daha ağır, proqnozu daha ağır olan xəstəlikdir. İntihar riski daha çoxdur. Həddindən artıq eyforiyada olur, həddindən artıq iştah artışı, pul xərcləmək istəyi, cinsi istək artışı ola bilər. Belə şəxslər hara gəldi pul xərcləyir, lazımlı lazımsız əşyalar alır. Bəzən kontrolsuz cinsi əlaqələrə girir. Həddindən artıq enerji artışı olduğu üçün mental baryerləri qalxmış olur".

Psixoloq deyir ki, bu cür xəstələr müalicəyə daha dirənişli olur. Xüsusilə də antidepresant müalicəyə: "Bəzən müalicəyə başlayanda depressiv dönəmdən manik dönəmə keçə bilir. Müalicəsi var, amma uzun çəkir. Bəzən də həyatı boyu bu xəstələrin müalicə alması lazımdır".

Belə, çalışın bütün mənfi situasiyalardan özünüzü çıxarasınız. Hazırda baharın qoxusu hər yerdə duyulmaqdadır. Odur ki, gecikməyin, elə indidən açıq havada vaxt keçirərək gözəlliklərdən zövq almağa çalışın.

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın