02:00 29 Oktyabr 2019 57
Ana səhifə Xəbərlər

“Yazıçılıq bumu” nədən qaynaqlanır? - YAZAR VƏ OXUCU RƏYLƏRİ

Onlara demək olar ki, hər gün rast gəlirik. Sosial mediada gündəmi ələ alan və elə onların öz təbirincə desək, “partlayış edən” iddialı və qalmaqallı təbəqəni nəzərdə tuturuq. Daha çox gündəmdə qalmaq istəyən “gənc yazarlar”dan söhbət gedir. Bir çoxunun tənqid hədəfinə çevrilən, bəzilərinin isə komplekssiz və açıq sözlü yeni ədəbi nəsil kimi qəbul etdiyi bu virtual qələm adamlarının menyusunda “onlayn” hekayələrdən şəxsi mesajlara qədər hər növ material tapmaq mümkündür. Bəzən hətta müxtəlif intim mətnlərə də sığınan belə “yazıçılar” özlərini ədib, bir az da uzağa gedib mütəfəkkir adlandırır. Maraqlıdır, bu “yazıçılıq bumu” nədir - yazıçılığa həvəsdir, yoxsa həvəskar yazıçılıq?

“Gənc ədəbi yazarlardan tanımıram. Onlar o qədər azdır ki, hardan tanıyaq? Varmı, sizcə? (gülür) Hər kəs yaza bilər, amma hər oxuyan Molla Pənah Vaqif olmaz. Hər kəs özünə hər söz deyə bilər. Mən də deyə bilərəm ki, şairəm. Onunla nə alınasıdır ki?”

“Oxumamışam, mən yalnız köhnələri oxuyuram. Əlbəttə, əgər varsa, yaxşıdır. Bilirsiniz, necədir? Əlbəttə, həyat davam edirsə, yazıçılar keçmişdə qalmamalıdır, yeniləri də olmalıdır, hər şeyin yenisi də olmalıdır”.

Çağdaş dünya ədəbiyyatı milli yaradıcılığa da təsirsiz ötüşmür. Bu halda “virtual yazıçılıq” adlandırılan ədəbi fəaliyyətdən daha çox “ədəbi dəb” kimi təhlil etmək olar. Yazıçı Şərif Ağayar mövcud tendensiyanı qorxulu olmayan reallıq adlandırır. O, daha çox ədəbi mühitin yoxluğunu iddia edir və bundan narahatdır: “Hər kəsin əlində qələm var, hər kəs jurnalistdir, hər kəs yazıçıdır. İndi sosial media anlayışı var, əslində sosial ədəbiyyat anlayışı da var, yəni orada ədəbiyyat da yaranır, hətta onların içərisində çox maraqlı nümunələr də olur. Bizdə lazımi ədəbi mühit lazımi səviyyədə deyil. Bütün problemlər də bununla bağlıdır, yəni ədəbi mühit deyəndə, mən kitab industriyası da daxil olmaqla böyük bir sistemi nəzərdə tuturam. Yəni bu, formalaşmağa doğru gedir, düzdür, amma bir az ləng gedir. Artıq neçə ildir müstəqilik, bu proses çox sürətlə getməli, biz çox böyük şeylər etməli idik. Təəssüf ki, proses çox yubanır”.

Yazarlığın kriteriyalarına gəlincə... Şərif Ağayar düşünür ki, sosial mediaya axışan “gənc yazarlar”ın qarşısını almaq mümkünsüzdür. Lakin fərd olaraq yazı adamının mənəvi kimliyi önəmlidir: “İnsanın öz nəfsindən, şəhvətindən, daxili senzurasından, öz şöhrət hissindən azadlığı var. Yəni bu azadlıq bir az daha geniş əhatəlidir, indi daha çox siyasi məzmun daşıyır, yazıçı bu mənada öz ehtiraslarından da azad olmağı bacarmalıdır, özünü keçməyi bacarmalıdır”.

Yazıçı Kəramət Böyükçöl hesab edir ki, “gənc yazarlar”ın peşəkarlar tərəfindən dəyərləndirilməsi vacibdir: “Yazıçı olduğumu mənə ilk dəfə qulağıma pıçıldayan adam rəhmətlik Rafiq Tağı olub, çünki mənim “Çöl” romanımın redaktoru da Rafiq Tağı idi. Mən heç bilmirdim ki, yaza bilirəm, ya yox. Ondan sonra ədəbi zövqünə inandığım adamlardan Əkrəm Əylisli mənim əsərim haqqında yüksək fikirlər deyəndə, mən hələ üçüncü kursda oxuyurdum”.

Həvəskar yazıçılıqdan danışan müsahibimizin fikrincə, hər əlinə qələm götürən insan yazıçı adlandırılmamalıdır: “Bizdə Azərbaycanda bir şair var, yazıb ki, “bacılarıma cehiz ala bilmədiyinə görə anamın saçına dən düşdü”. Bunu tərcümə eləyib göndərirsən ingilisə, fransıza, oxuyub fikirləşir ki, gör bunların dərdinə-sərinə bax. Cehiz ala bilməyib, saçına dən düşüb, oğlu da götürüb buna kitab yazıb”.

Şair Yafəs Türksəs isə gənc yazarlar barədə daha nikbin düşünür. Yaşının 65 olmasına baxmayaraq, Yafəs bəy özünü “ən gənc ruhlu şair” adlandırır. Hesab edir ki, ölkədə yetərincə peşəkar ədəbi tənqidçi var, amma onlara lazımi diqqət göstərilmir: “Cəmiyyətdə sərt ədəbi tənqid olmalıdır, yazıçıların, şairlərin özləri onlara qarşı çıxmalıdır. Mən çıxıram. Məsələn, sosial şəbəkədə mən onlara qarşı statuslar yazıram. Və yaxud da əsl şairləri, əsl yazıçıları onlardan ayırmaq lazımdır. Bunu yazıçılar da, ədəbi tənqidçilər də, siz jurnalistlər də edə bilərsiniz. Amma bir az çətin olacaq, çünki bizdə yazıçılar da qeyri-səmimi danışır. Hətta bizim yazıçılar, şairlər, gündəlik yazırlar orda da səmimi ola bilmirlər”.

Keyfiyyətli yazı qıtlığından danışan Yafəs Türksəs iddia edir ki, ədəbi mühitin geriləməsi zövqsüz insanların sayının artması ilə bağlıdır: “Kütlə həmişə zəifləri, orta səviyyəliləri sevir. Məsələn, kütlə orta səviyyəli müğənnini, orta səviyyəli şairi sevir, meyxananı sevir. Amma estetikası yüksək olan, üst zövqə malik insanların sayını artırmaq olar”.

Yazıçı Elşad Baratın mövzu ilə bağlı fikirləri isə tamam fərqlidir. O, problemi uzunluq vahidi ilə ölçməyin tərəfdarıdır: “Hazırda bütün dünyada, eyni zamanda Azərbaycanda fikir, təfəkkür inqilabı var. Bir məsəlimizdə olduğu kimi. Deyir, “Ayağını yorğanına görə uzat”. Azərbaycan yazıçısı izah edə bilmir ki, əzizim, mənim ayaqlarım uzundur, yorğanım qısa. Nə edim? Bax, Azərbaycan yazıçısı bunu demək istəyir, deyə bilmir. Bunu izah etmək istəyir, edə bilmir. Bəlkə də başa düşən yoxdur”.

Yazıçı mütəmadi qınaqlarla üzləşməsinin səbəbini də həmin “yorğan” məsələsi ilə əlaqələndirir: “Zəncirləri qırmaq istəmişəm. Nə vaxtsa, tutaq ki, hansısa bir fikrim cəmiyyətdə birmənalı qarşılanmayıbsa, bir yazıçı kimi rahat nəfəs almaq istəmişəmsə, o, oradan irəli gəlib deyə düşünürəm”.

Yazı - düşüncəmizə təsir edən vasitə, yazıçı isə onu formalaşdıran, istiqamətləndirən şəxsdir. Yazarların çörəyi isə sözdən çıxır. Düzdür, sözlə plov olmaz, yağ ilə düyü gərək. Amma sözün yaxşısı baldan da şirin olar.

Mirçingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın