09:32 13 Fevral 2021 236
Ana səhifə Xəbərlər

Yeni qaz sayğacları sərfiyyatı niyə çox hesablayır? – ARAŞDIRMA

Son günlər sosial şəbəkələrdə, eləcə də vətəndaşlar arasında təbii qaz sərfiyyatına görə borcun artıq gəlməsi ilə bağlı kütləvi şəkildə narazılıq müşahidə edilir.

APA TV-nin məlumatına görə, kimisi ay ərzində istifadə etdiyi mavi yanacağa görə məbləğin 2-3 dəfə artıq gəlməsindən, kimisi də, ümumiyyətlə, qazdan istifadə etmədiyi halda bunun üçün pul ödəməsindən gileylənir.

Şikayətlərin əsas dalğası isə ötən ilin sonu - bu ilin əvvəlində smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsindən sonra başlayıb. Abonentlər iddia edir ki, yeni sayğaclar istifadə etdikləri təbii qaz üçün əvvəlkindən daha çox məbləğ hesablayır:

- Ötən ilin sonundan mənim 160 kub istifadə etmədiyim limitim qalmışdı. Amma bu ilin ilk 2 ayında artıq 1194 kub yazıb. Evdə mənim aqreqatlarım dəyişməyib, kombim yoxdur. Ötən illə müqayisədə 50% daha artıq qaz pulu yazır. Artıq ilk 2 ayda limitimin yarısını işlətmişəm. Bu necə olur? Əgər bu təşkilat sayğacının düz yazıb-yazmadığını bilmirsə, gəlib monitorinq keçirib öz sayğaclarını söksün və bizim köhnə sayğacları gətirib bərpa eləsin.

- Biz bu qaz sayğaclarından çox narazıyıq. Belə bir şey ola bilməz. Uşaqlar nə qazanırsa, elə gedir qaz puluna. O da heç qaz deyil, adi havadır. Səhərdən sobanı yandırırsan, axşama kimi qızmır. Belə şey ola bilməz. Necə yəni? 50 manatlıq işlədirsən, 150 manat yazır. Qabaq yaxşı idi. Biz bilirdik kartla nə ödəyirdik.

- Bilirsiniz, bizim əvvəlki sayğaclarımız daha yaxşı idi. Ödənişimizi rahat şəkildə kart vasitəsilə edə bilirdik və sərfiyyatı da qaydasında hesablayırdı. Amma sonradan gətirdikləri bu sayğaclar istifadə elədiyimiz qazın pulunu düzgün hesablamır.

Sözügedən məsələni bu gün Milli Məclisin plenar iclasında bir sıra deputatlar da müzakirəyə çıxarıb. Deputat Azay Quliyev bildirib ki, qaz sayğacları ilə bağlı şikayətlər tez bir zamanda həll olunmalıdır: “Sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyyatı çox olur. Təklif edirəm ki, biz bunun həllini tapaq. Bəlkə “Azəriqaz”ın rəhbər şəxslərinin təmsil olunduğu bir İşçi Qrup yaradılsın. Şikayət edən vətəndaşlar da bu İşçi Qrupda təmsil olunsun. Yaxşı olar ki, bu kimi dövlət təşkilatlarında İctimai şuralar yaradılsın. Çünki bu barədə şikayətlər çoxdur. Sosial şəbəkələrdə də “Azəriqaz”la bağlı şikayətlər yayılır. Bu məsələ öz həllini tapmalıdır”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfər deyir ki, faktları araşdırmaq üçün “Açıq qapı” günləri təşkil olunub və bununla narazı vətəndaşların məsələlərinə baxılacaq: “Hazırda “Açıq qapı” günləri “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində davam edir. İstənilən abonent, istənilən mütəxəssis və ya ekspert bu departamentə yaxınlaşa və ümumilikdə sayğacın yoxlanılması prosesi ilə yaxından tanış ola bilər. Əgər kimsə narazıdırsa mənim sayğacım sərfiyyatı çox qeydə alır, o halda onun özünün iştirakı ilə sayğac açıla bilər. Onun özünün iştirakı ilə sayğac Metrologiya Departamentinə gətirilir. Müvafiq prosedurlar gözlənildikdən sonra sayğac toplanışa təqdim olunur. Abonentin özünün iştirakı ilə sonda protokol tərtib olunur və həmin şəxs özü də bu sənədi imzalayır”.

Yeni sayğacların sərfiyyatı artıq göstərməsi məsələsinə də toxunan qurum rəsmisi qeyd edib ki, hazırda laboratoriyada araşdırılan sayğacların heç birində bu hal qeydə alınmayıb: “Bu günə qədər aparılan şikayətlərin yoxlanışında hər hansı bir fakt öz təsdiqini tapmayıb ki, sayğac sərfiyyatı çox qeydə alsın. Bu sayğacları Almaniyanın “ZENNER” şirkəti istehsal edir. Hazırda aldığımız yeni smartkart tipli sayğaclar da bu şirkətin istehsalıdır. Bundan başqa, nəzarət və müşahidə mexanizmlərini həyata keçirən icra edən 2 dövlət qurumu var. Hər iki qurumun nümayəndələri daim Metrologiya Departamentində olurlar və bu prosesi izləyirlər”.

Məlumat üçün bildirək ki, narazı vətəndaşlar “Açıq qapı” günlərində “Azəriqaz” İB-ə ərizə ilə müraciət edə bilərlər.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın