11:00 15 Avqust 2020 1916
Ana səhifə Xəbərlər

Yeni taksilərin əsas üstünlükləri... – REPORTAJ

100 taksi, 100 iş yeri və yüzlərlə koronovirus pandemiyasından qorunan insan. Yüksək keyfiyyət, əla xidmət. Söhbət paytaxtımıza yeni gətirilən “LEVC TX” modellindən gedir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən yeni taksilərlə sizləri daha yaxından tanış edəcəyik.

Yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “LEVC TX” modelli yeni taksinin bir sıra üstünlükləri var.

Sürücü Ramin Abdullayev deyir ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir: “Həmçinin salonda monitorun təşkil olunması sürücüyə vacib olan bir neçə funksiyanın birlikdə cəmlənməsidir. Bu monitorların özəlliyi isə ondan ibarətdir ki, sürücünün diqqətini yayındırmır, əksinə düzgün istiqamətin müəyyənləşdirilməsində kömək olur. Monitorda radio, kondisioner, istilik sistemi və həmçinin arxa görüntü kamerası, yanlarda olan radarlarla təşkil olunub. Sükanın dönmə bucağının çox böyük olması onun həyət və dar küçələrə daxil olaraq müştərini sərbəst şəkildə götürməsinə kömək edir”.

Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Ramin Abdullayev deyir ki, sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür: “Gördüyünüz bu paneldə sürücüyə enerjinin və yaxud benzinin azalması, həmçinin sürət həddinin keçilməsi haqqında məlumat verilir. Sürücü ilə müştəri arasında arakəsmə olduğu üçün gördüyünüz bu düymə vasitəsilə danışılır”.

Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Yeni taksilərin Bakıya gətirilməsi paytaxtda sərnişindaşımanın bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Yeri gəlmişkən qeyd edək ki, yeni taksilərdə gediş haqqı 10 kilometrə qədər 88 qəpik, 10 kilometrdən sonra isə 50 qəpikdən hesablanır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın