17:17 30 İyun 2020 3069
Ana səhifə Xəbərlər

Yeni yolun köhnə problemləri – BAKI-SUMQAYIT YOLUNDA İŞLƏR DAVAM EDƏCƏK

Bakı-Sumqayıt avtomobil yolunda aparılan genişləndirmə işləri yekunlaşsa da magistralda bəzi problemlər qalmaqda davam edir.

“Yeni istifadəyə verilmiş Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşən Xırdalan dairəsi ərazisində piyadaların keçməsi üçün hər hansı yol nəzərdə tutulmayıb. Bu da vətəndaşların təhlükəli vəziyyətlə üz-üzə qalmasına səbəb olur. Ərazidə avtobuslar üçün dayanacaq da mövcud deyil”.

Kim haradan və necə gəldi keçir. Bu isə sürücülər və piyadalar arasında anlaşmazlığa gətirib çıxarır.

“Buraya indi gəlmişəm, tanımıram. Gördüm camaat keçir məndə onların arxasınca keçdim”.

“Təzə düzəlib bilməmişəm”.

Piyadaların necə gəldi yolu keçməsi isə ərazidə tıxacın yaranmasına səbəb olur. Süni yaranan tıxacların digər səbəbi isə ərazidən keçən avtobusların dayanacaq olmadığı üçün yolun ortasında saxlamasıdır. Hər hansı tənzimləmə işi aparılmadığı üçün taksi sürücülərinin qanunsuz saxlaması halları da ərazidə müşahidə edilir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, sözügedən ərazidə gedən bərpa işləri hələ də tamamlanmayıb.

“Qeyd edim ki, Xırdalan dairəsi və dairə ətrafı ərazilərdə yenidən qurma işləri davam etdirildiyi üçün tam olaraq ərazidə üfüqi nişanlama xətlərinin çəkilişi, yol cizgi, yol göstərici xətlərin, o cümlədən piyada zolaqlarının çəkilişi yekunlaşmayıb. Yaxın günlərdə piyada zolaqlarının çəkilişi tərəfimizdən təmin olunacaq. O cümlədən ərazidə yeni avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur. Qısa müddət ərzində bu məsələ həll olunacaq”.

Qurum sözçüsü onu da bildirdi ki, Xırdalan dairəsinin yaxınlığında olan dəmiryol körpüsünün dayaqları avtomobil yolunun hərəkət hissəsinə düşdüyü üçün ən qısa zamanda körpü söküləcək və yerində dayaqsız, daha müasir körpü quraşdırılacaq.

“Layihə hazırdır. Təsdiq olunması üçün aidiyyəti üzrə göndərilib. Yaxın zamanlarda söküntü işlərinə başlanılacaq. Qeyd edim ki, bu körpünün sökülməsi və tikilməsi hərəkətə mane olmadan həyata keçiriləcək”.

Qeyd edək ki, sözügedən yolda genişləndirmə işlərinə ilin əvvəlindən start verilib və iyun ayında tamamlanması nəzərdə tutulmuşdur.

İsa İsmayılov

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın