08:00 18 Noyabr 2019 99
Ana səhifə Xəbərlər

Yollarımız qışa hazırdırmı? – AAYDA-dan açıqlama

Payız yarpaqlarını tökən kimi noyabr ayı estafeti günbəgün qışın ilk ayına - dekabra ötürmək üzrədir. Bəli, qış artıq qapımızdadır. Çoxlarının “qara qış” adlandırdığı bu fəsil gəlişi ilə bir çox problemləri də özü ilə gətirir. Şaxtalı fəslin ən böyük problemlərindən biri də yağışlı havalarda yolların suya qərq olmasıdır. Hələ qar yağdıqda, vəziyyət daha da acınacaqlı olur.

Yağıntı əsasən Bakıətrafı kənd və qəsəbələrin yollarını avtomobil və piyadalar üçün keçilməz səddə çevirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu payız-qış mövsümündə sözügedən problemlərin təmsil etdiyi qurum tərəfindən maksimum dərəcədə aradan qaldırılacağını bildirdi: “Qəsəbələrdəki yollarda yağış-kanalizasiya sistemi olmadığı üçün bu cür problemlər yaşanır. Problemləri mümkün dərəcədə aradan qaldırmaq üçün işlər həyata keçiririk. Əgər ərazidə yağış kollektorları mövcuddursa, həmin problem kanalizasiya sistemini kollektora birləşdirməklə aradan qaldırılır. Əgər bu, mümkün deyilsə, təbii axın vasitəsilə bu proses həyata keçirilir. Təbii axının da qarşısı alınırsa, burda başqa alternativ variantlara əl atılır. Təəssüflər olsun ki, bir çox ərazilərdə bunun tam olaraq qarşısını almaq mümkün deyil”.

Dövlət Agentliyi qarlı yollara duz və qum səpilməsi üçün xeyli ehtiyat topladığını qeyd etdi: “Qış mövsümünə gəlincə isə, qış mövsümündə yolların buzlaşması, qarın təmizlənməsi üçün maşın və mexanizmlər hazır vəziyyətə gətirilir. Artıq rayonlara hərəkət etdikdə, görərsiniz ki, enişli-yoxuşlu, dağlıq ərazilərdə yol kənarlarında xüsusi topalar şəklində duz və qum qarışığından ibarət ehtiyatlar toplanır”.

Anar Nəcəfli deyir ki, ölkə başçısının tapşırığına əsasən, 2023-cü ilə qədər Bakının kənd və qəsəbələrində asfaltlanma işləri tamamilə yekunlaşacaq: “Ölkə başçısının tapşırığına uyğun olaraq əsas və qəsəbədaxili asfaltlanması istiqamətində işlər həyata keçirilir. Sözügedən problemlər torpaq əsaslı çınqıl yollarda yaşanırdı. Həmin problemlərin aradan qaldırılması üçün yollar asfaltlanır. Bu sahədə dövlət proqramı hazırlanıb. Tədbirlər planına uyğun olaraq 2023-cü il də daxil olmaqla, biz hesablama aparmışıq ki, 60 qəsəbə üzrə 2200 km uzunluğunda torpaq əsaslı çınqıllı yollar var ki, onlar asfaltlanmalıdır və bu işlər mərhələli şəkildə həyata keçirlir”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, qış fəsli ölkəmizə dekabrın 22-də Bakı vaxtı ilə 08:19-da qədəm qoyacaq.

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın