08:46 26 Fevral 2021 275
Ana səhifə Xəbərlər

Yox edilmiş Şəhidlər Xiyabanı, oğlunun məzarına 28 ildən sonra qovuşan ata və Xocalı şahidləri - REPORTAJ

2021-ci il, Ağdam. Soyuq, çiskinli, dumanlı fevral günü. Cümə məscidinin qarşısı. Birinci Qarabağ müharibəsi zamanı Milli Qəhrəman, şəhid Allahverdi Bağırovun batalyonunda vuruşmuş döyüşçülər - batalyon komandirinin müavini Əkbər Rüstəmov, Zahid Qarayev, Şahbaz İbrahimov, Mübariz İbrahimov və digərləri.

Xocalı soyqırımı zamanı həlak olanların meyitləri Ağdam Cümə məscidinə gətirilirdi. Burada meyitlər yuyulur, kəfənlənir, sonra isə Şəhidlər Xiyabanında dəfn edilirdi. Bu proses bir neçə gün yox, məhz mart ayının sonuna qədər davam edib. Hər gün onlarla meyit gətirilərək burada yuyulur, kəfənlənirdi. Şahidlərin sözlərinə görə, mollalar gecə-gündüz işləyir və meyitləri dəfn üçün hazırlayırdılar.

Bura Ağdam Cümə məscidinin yuyat yeridir. Hazırda bu yerdən heç bir əsər-əlamət qalmayıb. Yalnız pilləkənlər qalıb. Xocalı soyqırımı zamanı həlak olanların meyitləri bura gətirilir və bu yuyat yerində yuyulur, dini qaydalar üzrə kəfənlənir, daha sonra isə dəfn edilirdi”.

İndi bu insanları Ağdama, Cümə məscidinə, viranə qalmış bu yerlərə təkcə uşaqlıqları, gənclikləri, xoş xatirələri bağlamır. Ağdam Cümə məscidi onların yaddaşında həm də dünyada misli-bərabəri görünməmiş bir faciə - Xocalı soyqırımı ilə də assosiasiya olunur.

Üstündən 29 il keçəndən sonra Xocalı faciəsinin ildönümü ərəfəsində Ağdama gəlişimizin məqsədi də məhz həmin dəhşətli günləri bir daha xatırlamaq və faciənin yaşandığı o yerləri əyani görməkdir.

İlk həmsöhbətimiz Allahverdi Bağırovun yaratdığı Ağdamın özünümüdafiə batalyonunda komandir müavini olmuş Hacı Əkbər Rüstəmovdur. O, Birinci Qarabağ müharibəsində 3 övladı ilə birlikdə döyüşüb, oğlu Sənan Rüstəmov isə şəhid olub: “1992-ci il fevralın 25-ə qədər Qarabağın çox hissəsini ermənilər rus ordusu ilə birlikdə almışdılar. 25-i gecəsi saat 11-də artıq məlumatımız vardı ki, Xocalı sakinləri çıxılmaz vəziyyətdədir. Rabitə vasitəsilə bizə xəbər eləmişdilər. Şelli dağına getdik. Ordan baxanda Xocalı görünür. Hər tərəfdən insanları topla, “Qrad”la, tankla atəşə tuturdular. Bizim gücümüz çatmazdı ki, Xocalının içinə girək. Ona görə də Xocalıdan sağ çıxan sakinləri Qaraqaya, Şelli ətrafında gözləməyə məcbur idik. Həmin insanları ordan götürüb xəstəxanaya, Ağdama çatdırırdıq. Həlak olanlar isə bura, məscidə gətirilirdi”.

Keçmiş polis polkovniki Zahid Qarayevlə məscidin ətrafında dolaşırıq. İşğaldan qabaq məscidin həyətində, yaxınlığında olan tikililərdən, evlərdən iz-soraq qalmayıb. Həmsöhbətimizin bir neçə yüz metr aralıdakı mülkü də yerlə bir edilib: “Bax, bu durduğumuz yer məscidin yuyat yeri idi. Ermənilər hamısını dağıdıblar, hamısını. Maşın gəlirdi yuyat yerinin qabağına, meyitləri boşaldırdıq. O meyitlər gələndə Ağdam camaatı hamısı burda olurdu. Ağdamda o adam yox idi ki, meyitlərin yuyulmasında iştirak eləməsin. Fevralın 28-dən Xocalı qurbanlarının meyitlərini çıxarmağa başladıq, mart ayının 3-ə kimi hardasa 600-700 meyit gətirdik bura. Hamısı burada yuyuldu, kəfənləndi, aparılıb dəfn edildi”.

Həmin gecə ermənilər Xocalıdan çıxan dinc sakinləri güllələyir, yolda pusqu qurur, yaxalayıb insanlığa sığmayan işgəncələr verirdilər. Bu işgəncə izlərini sonradan ermənilərdən alınan meyitlərin üzərində açıq-aşkar görmək olardı: “Meyitlərin çoxunun başının dərisini də soymuşdular. Axır-axırda gətirilən meyitlərin bir hissəsini isə vəhşi heyvanlar parçalamışdı. Bəzi meyitlərin başı, qolu, bədəninin müəyyən hissələri yoxuydu, qadınların qarnını yarmışdılar, tros bağlayıb sürümüşdülər. Belə insanlıq olar? Bunlar insan deyil. Hansı məzhəbə qulluq edirlər bilmirəm, halbuki hamımızın Allahı birdir”.

Ağdam şəhərindən hadisələrin baş verdiyi Şelli kəndinə yollanırıq. Ağdamlılar Xocalıdakı qırğından canını qurtarıb Ağdam istiqamətinə pənah aparan dinc sakinləri məhz Şelli kəndinin yaxınlığındakı dağın ətəyində qarşılayırdılar. Döyüşçülər isə bacardıqca daha irəli getməyə can atır, daha çox Xocalı qurbanını xilas etməyə çalışırdılar.

Şelli kəndinin içindən keçib gedirik. Kənddə evlərin çoxu salamatdır. Həyətlər nar ağacları ilə doludur. Don vursa da, çoxunun üstündə barı hələ qalır.

Bu da Şelli dağı... Kəndin qurtaracağında böyük bir təpə... Dayandığımız yer Ağdam rayonunun Şelli kəndidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verdi və xilas olan xocalılar məhz bu dağın ətəyindən, əlimi uzatdığım istiqamətdən keçərək bura gəlirdilər. Burda isə Ağdam döyüşçüləri, əsgərlər, yerli sakinlər onlara kömək edərək onları burdan Ağdama aparırdılar”.

Keçmiş döyüşçü Şahbaz İbrahimovun sözlərinə görə, canlarını qurtara bilən Xocalı sakinlərinin bir hissəsi Qaraqaya deyilən yerdən piyada Qarqarçayın içi ilə, digərləri isə Naxçıvanlı kəndi tərəfdən əkin sahəsinin içi ilə gəlib Şelli dağının ətəyindən Ağdama sarı keçiblər. Burada onları Ağdam camaatı, Şelli kəndliləri, hərbçilər qarşılayıb köməklik göstəriblər: “Qəflətən ratsiyada səs eşitdim ki, Xocalını qırdılar. Mən yarı yoldan tez Ağdamdakı qərargahımıza qayıtdım. Hardasa 300 nəfərdən ibarət könüllü dəstəmiz vardı. Gördüm ki, onlar artıq qərargahda toplanıblar. Orda artıq bölünmə başladı ki, kimlər hansı istiqamətdə getsin. Biz də 9 nəfərlə gördüyünüz bu dağı “UAZ” markalı təcili yardım avtomobili ilə keçdik. Bu dağın qurtaracağı əkin sahəsidir. Naxçıvanlı kəndi ilə buranın arasında təxminən 3 kilometr məsafə var. Dağın qurtaracağı elə yoldur. Yuxarı qalxsaq, görünür ordan”.

Zahid Quliyev deyir ki, Xocalının 7 min nəfər əhalisi olub: “O qədər əhalinin təxminən 3 mini xilas oldu. Sağ qalanlar bax burdan gəliblər. Oranı görürsünüz. Sağ qalanlar o qayanın yanından, Qarqarın içilə bu tərəfə keçmişdilər. Mən həmin qayanın qabağınan camaatın qabağını kəssirdim ki, ordan keçməyin, orada mina var. Yolun o biri üzünü ermənilər minalamışdı”.

Şahbaz İbrahimov gördüyü vəhşəti hələ də unuda bilmir: “Dəhşət olan yerə girdik. Hər yerdə meyitlər, yaralı qızlar-gəlinlər. Biz yaralı qadınları, uşaqları belimizə yükləyib o ərazidən çıxarırdıq. O formada nə qədər yaralı insanı xilas etdik. Zahidlə Naxçıvanlıda donuzluq deyilən bir var, biz orda dəhşətlə qarşılaşdıq. İnsanın başının parası yox idi. Qarın cırılıb, bağırsaqlar yerdə... Körpə uşağın gözünə nəsə taxıblar”.

Fevralın 27-də Allahverdi Bağırov ermənilərlə danışıq aparır. Fevralın 28-də isə Zahid Qarayev, Şahbaz İbrahimov və digərləri meyitləri yığmağa gedirlər. İlk dəfə 58 qadın meyitini, bir də Milli Qəhrəman Əlif Hacıyevlə Arif Əliyevin meyitini götürürlər.

O dəhşətli günləri Azərbaycan xalqına, eləcə də dünyaya çatdıranların arasında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu da vardı. 1991-ci ilin sonlarında Xocalının Cəmilli kəndində müəllim işləyən Şamil Sabiroğlu həm də “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərirdi. Xocalı soyqırımı haqqında ilk məlumat da ictimaiyyətə məhz onun sayəsində çatdırılmışdı: “Xalq qəzeti”, AzərTAC rəsmi məlumat vermişdi ki, Xocalıda cəmi 2 nəfər adam ölüb. Biz isə məlumat vermişdik ki, ölənlərin sayı yüzlərlədir. Mənim məlumatımı yazmışdılar ki, ilkin məlumata görə, ölü sayı yüzlərlədir. Mənə zəng gəldi ki, siz məlumatı hardan almısınız, Xocalı bizdə ola-ola niyə yaymısınız. Özüm-özümdən şübhələndim ki, bəs bu qədər meyitlər, bu qədər yaralılar... Ondan sonra ayın 4-də mən fotoları Bakıya göndərdim. Ayın 5-də həmin fotolar mətbuatda yayımlandı və daha sona Ayaz Mütəllibov istefa verdi”.

Ermənilər guya Xocalı sakinlərinə azad dəhliz versələr də, həmin dəhlizdə pusqu qurub ordan keçənləri qətlə yetirirdilər. O gecə Xocalıdakı qətliamdan xilas olub canını qurtarmaq istəyənlərin içində Ahıska türkləri də var idi. Onlar 1986-cı ildə Fərqanədən didərgin düşmüş və Xocalıya yerləşdirilmişdilər. Allah bilir, bu onların neçənci didərgin düşməyi, talelərinə yazılmış neçənci qaçqınlıqları idi. Həmin məşum gecədə Ahıska türklərinə yardım edənlər sırasında döyüşçü Mübariz İbrahimov da vardı: “İstər hərbçi olsun, istər mülki şəxs olsun, bütün vətəndaşlar özlərini çatdırırdılar ki, insanları xilas etsinlər, onları erməni vandallarının əlindən qurtarsınlar. Bu istiqamətdə gəlmiş şəxslər arasında Xocalı camaatından başqa 1986-cı ildə Fərqanədən didərgin düşmüş Ahıska türkləri də var idi. O vaxt onlar gətirilib Xocalıda yerləşdirilmişdi. Bizim qismətimizə də düşdü ki, Ahıska türklərini də xilas edək. Oradan onları yük maşınına yığıb Ağdam istiqamətinə apardıq və orada yerləşdirdik”.

Fevralın 26-da gecədən başlayaraq Xocalıdan gələn qaçqınlar Şelli-Qaraqaya istiqamətində qarşılanır, maşınlarla Ağdama göndərilirdi. Yolda soyuğa, şaxtaya davam gətirməyib ölənlərin, erməni gülləsinə tuş gələnlərin, o cümlədən, Xocalıdan çıxa bilməyib əsir götürülərək müxtəlif işgəncələrlə həlak edilənlərin də meyitlərini götürmək mümkün deyildi. Meyitləri götürmək istəyən döyüşçülərə ermənilər atəş açır, imkan vermirdilər. Belə olan halda Allahverdi Bağırov fevralın 27-də erməni döyüşçülərin komandiri Vitali Balasanyanla danışıqlar aparır. Danışıqlar nəticəsində fevralın 28-dən başlayaraq əsir və ölülərin dəyişdirilməsi başlanılır. Qaradağlı kənd sakini Rafiq Quliyevin dediyinə görə, əsir və meyitlərin mübadilə prosesi isə “19-cu post” deyilən ərazidə baş tuturdu: “Patron bitdi, heç yerdən kömək gəlmədi. Ancaq kənd sakinləri, bir də Şirin Mirzəyevin batalyonundan 10 nəfər əsgər qalmışdı. Ermənilər bizi əsir götürəndən sonra bizim əsgərlərin bir neçəsini elə yoldaca öldürdülər. Kimisinin üzərindən “KamAZ”la keçdilər, kimisinin “lapatka”nın sapı ilə vəhşicəsinə döyüb öldürdülər”.

“19-cu post” ərazisindən qayıdarkən Ağdamın Şəhidlər Xiyabanına baş çəkirik. Birinci Qarabağ müharibəsi zamanı həlak olanlar, o cümlədən Xocalıda qətlə yetirilənlərin bir hissəsi bu məzarlıqda dəfn edilib. Məzarlıq deyəndə ki... Kənardan baxanda sanarsan adicə nar bağıdır, ermənilər buranı da dağıdıb, məhv ediblər. Qəbirlərin əksəriyyəti torpağa qarışaraq yox olub.

Bu məzarlıqda uyuyanlardan biri də bayaq haqqında dəfələrlə söz açılan, döyüşçü yoldaşlarının böyük ehtiramla xatırladıqları, Xocalı soyqırımından sonra ermənilərlə danışığa gedərək 1003 əsirin azad olunmasına nail olmuş, Milli Qəhrəman, şəhid Allahverdi Bağırovdur. Döyüşçü yoldaşları komandirlərinin məzarı başına yığışıb fatihə verir, daha sonra şəkil çəkdirirlər.

Bir qədər aralıda isə Əkbər Rüstəmovun oğlu, Qarabağ şəhidi Sənan Rüstəmov dəfn edilib. Əkbər müəllim, 74 yaşlı Qarabağ döyüşçüsü müharibədə çiyin-çiyinə vuruşduğu oğlunun məzarı başında bir xeyli səssiz dayanır. Görəsən, nə fikirləşir? Oğlunun nakam ömrünümü? Yoxsa 28 il düşmən pəncəsində qalan, üstündə adı belə olmayan məzarınımı, 28 il ərzində, heç olmasa, bircə dəfə gəlib qəbrini qucaqlaya bilməməsinimi? Yoxsa, nəhayət, oğlunun məzarına, doğulduğu yerlərə, ana yurduna qovuşmağınımı?

Geri qayıdarkən yenidən Ağdam məscidinin yanından keçirik. Qoşa minarəni görər-görməz Əkbər müəllimin uzun illər sonra çin olan yuxusu yadıma düşür. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti sayəsində doğma torpaqlarımıza qayıtdıq. Qaradağlının, Xocalının, Qarabağ müharibəsində həlak olmuş neçə-neçə günahsız qurbanların qanını aldıq. Qarabağ səfərləri çərçivəsində tanış olduğum əsgərlərdən birinin qətiyyətli sözlərini heç vaxt unutmaram. “Biz hər dəfə güllə atanda Xocalı qurbanlarını, güllələnən, işgəncə görən, zorlanan qadınları, uşaqları, qocaları gözümüzün qabağına gətirirdik, hər addımda onların qisasını almağa çalışırdıq” demişdi adının çəkilməsini istəməyən həmin əsgər. Sonra da vurğulamışdı: “Xocalının qisasını aldıq!”

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın