16:01 12 Sentyabr 2020 439
Ana səhifə Xəbərlər

"Yüksəliş" müsabiqəsinin növbəti imtahan mərhələsi keçirilir

Yüksəliş müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilir.

APA TV-nin xəbərinə görə, imtahanlar Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə respublikanın 11 bölgəsində, pandemiya şəraitinə uyğun, xüsusi qaydada təşkil olunub. Müsabiqədə 940 vətəndaş iştirak edir. Gənclər və İdman nazirinin müavini və "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə kadr bazasını formalaşdırmaqdır: “İmtahanda 4 blok üzrə suallar qoyulub. Hər sual bloku üzrə xüsusi vaxt ayrılıb. Elə blok var ki, hər suala vaxt ayrılıb. Bu da ölkəmizdə ilk dəfə tətbiq olunan mexanizmdir. Bu idarəçilik qabiliyyətindən əlavə olaraq, iştirakçılara 75 ədəd psixoloji test təqdim edilib. Bu testin nəticəsində onların psixoloji portreti də formalaşacaqdır. Bildiyiniz kimi “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilir. Əsas məqsəd ölkədə kadr bazasını formalaşdırmaq, gələcək idarəçiləri müəyyən etməkdir”.

Qeyd edək ki, imtahan iki mərhələdən ibarətdir: yoxlama və əsas imtahan. Birinci imtahanla, ikinci imtahan arasında 3 saat fərq var. Yoxlama imtahanında bal toplaya bilməyən iştirakçılar növbəti imtahana buraxılmayacaqlar. İştirakçılara nəticələr haqqında sms bildirişi göndərildikdən sonra ikinci mərhələyə start veriləcək:

- Yüksəliş müsabiqəsinə mərhələləri keçdikcə davam edirik, hazırda bu gün əyani mərhələ keçirilir, qabiliyyət imtahanı oldu. Mən birinci çıxanlardanam, imtahanı ilk tərk edənlərdənəm. Yaxşı keçdi, bildiyim qədəri ilə mən keçmişəm. Ümumi nəticənin 72%-ni topladım.

- Nəzərə alsaq ki, pandemiya dövrüdür təşkilatçılıq da yaxşı idi. Düşünürəm ki, kifayət qədər asan, kifayət qədər də çətin suallar var idi.

Fərhad Hacıyevin sözlərinə görə, müsabiqədə iştirak etmək üçün 21-51 yaş həddi müəyyən edilib. Müsabiqədə iştirak edən şəxslər müəyyən iş təcrübəsinə malik olmalıdırlar. Bu mərhələni müvəffəqiyyətlə keçən 300 nəfər iştirakçı yarımfinal mərhələsinə qatılmaq hüququ qazanacaq. Müsabiqənin final mərhələsinə isə yüz nəfər iştirakçının keçməsi nəzərdə tutulur.

Qaliblər elan olunandan bir müddət sonra, pandemiya şəraiti nəzərə alınmaqla yeni müsabiqəyə start veriləcək.

FATMA ZAHİDQIZI,

ƏLİ ƏLƏKBƏR,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın