20:00 27 İyun 2020 691
Ana səhifə Xəbərlər

Zabrat: Oktyabr küçəsinin tozanaqlı iyunu - REPORTAJ

Hazırda dayandığımız bu yol 1-ci Zabrat qəsəbəsinin Oktyabr küçəsidir. Vətəndaşların dediyinə görə, burada özünü rəsmi qurum nümayəndəsi kimi təqdim edən şəxslər var və onlar deyirlər ki, “Azərsu”dan aldıqları göstəriş əsasında buradan su boruları çəkilməsi üçün yol qazılır. Problem də budur ki, yol həddən artıq dardır və bu qəsəbədən keçən başqa bir yol yoxdur.

Qəsəbə sakini Şakir Hacıyevin sözlərinə görə, sakinlərin etirazı ərazidə hansı qurumun qazıntı işləri aparmasının naməlum olmasınadır: “Biz illər ərzində çətinliklə yol çəkmişik, öz tərəfimizdən kanalizasiya xətti düzəltmişik, infrastruktur qurmuşuq. Hansısa bir təşkilat özünü təqdim etmədən buradan su xətti çəkmək üçün bizim yolumuzu, infrastrukturumuzu dağıdır. Ona görə də biz etiraz edirik ki, bu barədə bir tədbir görsünlər. Əlaqədar şəxslər gəlib özünü təqdim eləsin. Əgər iş görmək istəyirlərsə, gəlib görsünlər. Əllə görsünlər, asfaltımızı dağıtmasınlar. Zəmanət versinlər ki, biz buranı əvvəlki qaydada sizə təhvil verəcəyik”.

Məleykə Abışova deyir ki, bu yol əvvəllər çox bərbad vəziyyətdə olub: “İki-üç il əvvəl bələdiyyə sədri Nailə xanım təyin olunduqdan bir gün sonra bu yolu çəkib. Biz qış aylarında müəyyən məsafəni qət etmək üçün boruların üzəri ilə, başqa məsafələri qət eləməklə uşaqlarımızı məktəbə aparırdıq, marketə gedirdik. Bizim bu Zabrat qəsəbəsində körpələrimizin, nəvələrimizin istirahət etməsi üçün heç bir park, əyləncə mərkəzi yoxdur. Elə bil, bax, bu asfalt yol bizim uşaqlarımız üçün əyləncə mərkəzidir, parkdır”.

Fərəc Rəhimov da qeyd edib ki, vaxtilə bu yolda, ümumiyyətlə, getmək mümkün olmayıb: “Sadəcə, bura təyin olunmuş xanım belə bir təşəbbüs göstərdi, biz də hamımız təşəkkür elədik. İstəyimiz budur – indi kim işləyir, kim işləmir, kim yol çəkir, ya kim su çəkir – bu işdən sonra yolu bərpa eləmək lazımdır ki, əvvəlki vəziyyət qalsın. Qonşuların, hamımızın istəyi budur”.

Afət Əzizova yolun tezliklə düzəldilməsini arzulayır: “Çox xahiş edirəm, qazırsınızsa, sonra üstünü düzəldin. Ona görə ki, bu yaxınlarda biz böyük bir zülmlə o küçəni düzəltdirmişik çox xahiş, minnətdən sonra. İndi də oranı batırıb gedəcəksizsə, bizdən yalnız pis sözlər eşidəcəksiz”.

Azyaşlı Asif Ağayev isə futbol oynamağın həsrətindədir: “Biz burada futbol oynayırıq. Bizim yerimizi “Azərsu” sökmək istəyir. Biz burada daha necə oynayacağıq, bilmirik. Bacılarım, qardaşlarım burada oynayır. Buranın sökülməsini istəmirik biz”.

Qəsəbə sakinlərinin əsaslı şikayətlərini dinlədiyimiz vaxt bələdiyyə və icra nümayəndələrinin əraziyə baxış keçirdiyinin şahidi olduq. Ancaq onlara yaxınlaşdıqda açıqlama verməyə ehtiyac duymayıb, tezliklə küçəni tərk etdilər. Üz tutduğumuz Zabrat bələdiyyə binasında isə ümumiyyətlə heç bir məsul şəxsi tapa bilmədik. Təkcə çəkiliş etdiyimizi bildikdən sonra qurumun xanım əməkdaşı bizə, dediyinə görə, sahəyə baxış üçün getmiş bələdiyyə sədr müavini Hikmət Alıyevin əlaqə nömrəsini verdi ki, dərdimizə əlac qılsın.

Nəhayət, bir neçə zəngdən sonra qəbuluna düşə bildiyimiz qurum rəsmisi suallarımıza cavab olaraq bildirdi ki, prosedur tam qanunidir və qazıntı işləri birbaşa “Azərsu” ASC-nin tapşırığı əsasında aparılır. Məsələ ilə bağlı hər hansı sənədin olub olmadığını öyrənməyimiz üçün isə qurum rəsmisi bizi icraçı kimi təqdim etdiyi Natiq adlı birinə yönləndirdi. Elə həmin şəxsin sözlərindən isə belə anladıq ki, sənədlər var, ancaq onları təqdim etmək bu dəqiqə müşkül məsələdir: “Yox, hamısının sənədləri var. Hələ işə başlanılıb. Göstəriləcək, narahatlıq yoxdur. Onlarla söhbət olub. İcra və bələdiyyə nümayəndəsi də olub. Sənədlər hamısı var. Vətəndaşlara göstərəcəyəm mən. Sizə məlumat verərlər. Mən vətəndaşlara, qonşulara göstərərəm. Onlar çəkib göndərərlər sizə də. “Mühəndis Tikinti Layihə” MMC-dir”.

Qəsəbədəki ümumi narahatlıq ab-havasını nəzərə alıb, “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı ilə də əlaqə yaratdıq: “Bəli, “Azərsu” ASC Binəqədi qəsəbəsində, Suraxanının Samir Əliyev küçəsində, Sabunçunun Sabunçu qəsəbəsi, Zabrat və Balaxanı qəsəbəsində təxirəsalınmaz tədbirlər planı çərçivəsində bu işləri həyata keçirilir. Saytımızda da məlumat yaymışdıq, baxsanız, rast gələcəksiz. Bəli, bu layihə çərçivəsində yol örtüyü qazılır və su xətti çəkildikdən sonra yenidən əvvəlki vəziyyətinə qaytarılacaq. Yəni, orada asfalt varsa, asfalt vurulacaq”.

Anlaşılan odur ki, illərlə asfaltsız yollarda yürüməkdən bezən sakinlər indi küçələrinin yenidən əvvəlki vəziyyətə düşə biləcəyindən narahatdır. Amma göründüyü kimi, qazıntı işlərini rəsmi qurum apardığı üçün narahatlığa ciddi əsas yoxdur. Hər halda, Oktyabr küçəsinin oktyabr ayınadək tozanaq içində qalmayacağına ümid edirik. Axı bu qazılmış asfalt yolun bərpası hər kəsdən çox burada velosiped sürüb, futbol oynayan uşaqların arzusudur.

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın