11:00 14 Avqust 2020 817
Ana səhifə Xəbərlər

Zabrat qəsəbəsinin həll olunmayan problemləri - REPORTAJ

Heç kimə sirr deyil ki, son illər paytaxt Bakıda və ətraf ərazilərdə aparılan irimiqyaslı quruculuq işləri nəticəsində şəhərimiz gözəlləşib. Yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığı ərazilərdən biri də Bakının Sabunçu rayonudur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ətraf qəsəbələrin heç də hamısında vəziyyət yaxşı deyil. Belə qəsəbələrdən biri də Zabrat-1 qəsəbəsidir.

APA TV xəbər verir ki, qəsəbə sakinləri deyir ki, ərazidə qışda palçıqda, yayda isə tozdan qalmaq mümkün deyil. Elə Zabrat-1 qəsəbəsi, Vaqif küçəsi 7a və Ruhulla Axundov küçələrində çəkliş apardığımız müddətdə özümüz də bunun şahidi olduq.

Sakinlər deyir ki, kanalizasiya sistemi yenilənmədiyindən və boru xətləri zəif olduğundan bir az yağış yağan kimi ərazini və evləri su basır:

- Yaşadığımız evlərin yaşı artıq yüzü ötüb. Bir az yağış olan kimi yaşadığımız evlər suyun altında qalır. Dəfələrlə müraciət etmişik, gəlib baxıb təmir etsinlər. Amma cavab verən yoxdur. Mənzil İstismar İdarəsinin heç bizdən xəbəri yoxdur. Baxın, Sabunçu dairəsində olan bütün köhnə evlərin damları dəyişdirilib, illərdir gözləyirik eyni rayonda yaşayırıq amma bizə diqqət edən yoxdur.

- Problemlərimiz çoxdur. Ən başlıca problem həyətin asfalt örtüyünün olmamasıdır. Axırıncı dəfə Vaqif küçəsi 7 a və Ruhulla Axundov küçəsinə 1978 ildə asfalt örtüyü çəkilib. Sovet hökumətinin dövründə vurulub. Yağış yağanda sakinlər işə gedə bilmir. Ümumi küçənin səviyyəsi məhəllədən hündür olduğuna görə yağış suları buranı keçilməz edir. Kanalizasiya xətləri o qədər zəifdir ki, yağış suyunu təmizləyə bilmir. Yaşadığımız evlərin 50 yaşı var, artıq müddəti bitib. Sakinlərə heç bir yardım etməyiblər ki, restavrasiya olunsun.

Qəsəbənin problemləri bununla da bitmir. Belə ki, ərazidə olan Əvəz Paşayev adına Mədəniyyət Evindən geriyə yalnız obyektin adı, və maketi qalıb. İçərisindən isə danışmağa belə dəyməz:

- Özüm burda doğulub böyümüşəm. Bu gördüyünüz mədəniyyət evində gözəl günlərimiz olub. Mədəni tədbirlərə qatılmışıq. İndi bərbad durumdadır. Burda xalq artisti Nəsibə Zeynalovanın tamaşalarına baxaraq böyümüşük. İndi bir arzumuz var ki, mədəniyyət evinin durumu düzəlsin. Aktyor və aktrisalarımız gəlsin, uşaqlar mədəni mühitdə böyüsün.

Bu azmış kimi, sözügedən qəsəbədə uşaqların və gənclərin vaxtlarını səmərəli keçirməsi üçün idman meydançasının bağlı qapıları da sakinlərin haqlı narazılığına səbəb olub.

Paytaxtın müxtəlif qəsəbə və kəndlərində bir-birindən gözəl, göz oxşayan parklar, istirahət məkanları olsa da, Zabratda o da gözümüzə dəymədi:

- Yəqin özünüz də gördünüz yollar bərbad vəziyyətdədir. Bu azmış kimi suyu günlərlə kəsirlər. Evdə yaşlılarımız, körpə uşaqlarımız var. Axı müsəlmançılıqdır, yayın günü saatlarla su kəsilərmi? Mənim kiçik uşağımın 15 yaşı var. Mən ona nə velosiped ala bildim, nə də çarx. Çünki məhəllə asfaltlanmır. 50 yaşım var, həyətə çıxmağa nə yer, nə oturmağa oturacaq var.

Sakinlər sadalanan problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər:

- Mən burda doğulub böyümüşəm. Yaşadığım məhəllənin problemləri saysız-hesabsızdır. Çünki baxımsızdır. Ən ciddi problemlər isə yol problemidir. Bu Cənab İlham Əliyev yolların və məhəllələrin abadlaşdırlmasına vəsait ayırıb. Buna qədər məhəllə sakinləri adında dəfələrlə MİS və Zabrat Bələdiyyəsinə müraciət etmişik. Onlar bir cavab deyir: ”Bu bizim gücümüz daxilində deyil”. Bundan başqa məhəllə sakinlərinin imzası ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət imzaladıq. Cavab gəldi ki, siz ünvanı düzgün göstərməmisiniz. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışıq.

Problemləri dinlədikdən sonra üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. Qurumdan video çəkiliş aparmağımıza icazə verilməsə də, problemlərin həllinə şifahi cavab ala bildik. Sabunçu İH-nin şöbə müdiri Ədalət Yaqubov məhəllənin asfalt örtüyünün yarasız halda olduğundan xəbərdar olduqlarını bildirdi. Amma İcra Hakimiyyəti məhəllənin abadlaşdırılmasına cavabdehdir, asfalt örtüyü onların balansında deyil.

Məhəllənin meydança probleminə gəlincə Ədalət müəllimin sözlərinə görə, sözügedən ərazi uzun illər öncə Dövlət Əmlak Komitəsinin balansına verilib və özəlləşdirilərək satılıb.

“Mədəniyyət evi” təmiri məsələsinin taleyi də sual altındadır. Kanalizasiya xətlərinin yenilənməsi rayon İcra Hakimiyyətini balansında olmasa da, qurum bəzi məhəllələrdə bunu daxili imkanları hesabına həyata keçirir.

Zabrat 1 qəsəbəsində isə istirahət parkının salınması üçün real ərazi olmadığını deyən Ədalət Yaqubov qeyd edib ki, bu məsələ hazırda gündəmdə deyil.

Məhəllənin asfalt örtü məsələsinə gəlincə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərmanında 2025-ci ilədək ölkənin magistral yollarının birinci texniki dərəcəyə, daxili yolların isə müasir tələblərə uyğun yenidən qurulması əsas hədəflərdən biri kimi müəyyən olunub.

Qurum rəsmisi asfalt örtüyünün keyfiyyətsiz olması ilə bağlı problemə isə belə aydınlıq gətirib: “ Ötən ilə kimi qəsəbə daxili yollar onların balansında olmayıb. 2023-cü ilə kimi qəsəbə daxili yol və küçələr təmir olunacaq”.

İnanaq, ümid edək və gözləyək!

Yeri gəlmişkən qeyd edək ki, 2020-ci il yanvarın 1-nə olan statistik rəqəmlərə görə Sabunçu rayonunda qeydiyyatda olan əhalinin sayı 246 min 446 nəfərdir. Rəsmi qeydiyyatda olan Zabrat qəsəbə sakinlərinin sayı isə 29 min 671 nəfərdir. Qeydiyyatlı fərdi yaşayış evlərinin sayı 9795, qeydiyyatsız evlərin ümumi sayı isə 3234 ədəddir.

Həmidağa Məcidov

Sevinc Vaqifqızı

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın