14:00 08 Fevral 2020 387
Ana səhifə Xəbərlər

Zabrat qəsəbəsinin keçilməz yolları - SAKİNLƏR NARAZIDIR - REPORTAJ

“Əlacımız bir dənə qayığa qalıb. Qayığımız olsa, bu küçənin sularında üzərdik. Onu demək istəyirəm ki, bu yollara bir dənə əlac etsinlər”. Sabunçu rayonu Zabrat qəsəbəsi Ruhulla Axundov küçəsində yaşayan sakinlər avtomobillə keçə bilmədikləri sulu və palçıqlı yolları qayıqla keçməyi düşünürlər. Çünki göydən bir balaca yağış düşən kimi küçələr palçıq əlindən keçilməz olur. Sakinlər deyir ki, qəsəbənin salınma tarixi yaxın onilliklərə dayansa da, burada məskunlaşan əhalinin sayı son dövrlər xeyli artıb. Bundan sonra sözügedən küçələr daha işlək vəziyyətə düşüb. Yolların sonuncu dəfə nə zaman təmir edilməsini isə qəsəbə sakinləri çoxdan unudublar. Sakinlərlə apardığımız söhbət zamanı onu da öyrəndik ki, bir neçə ay əvvəl küçəyə yeni kanalizasiya xətti çəkiləndə onlara yolların da tezliklə təmir olunacağı vədini veriblər. Amma verilən söz elə o zamanda da qalıb. Nə gəlib soruşan var, nə də verilən vədə əməl edən. Yaxınlıqdan keçən küçələrdə yeni asfalt örtüyü salınsa da, Ruhulla Axundov küçəsinin yolları, deyəsən, yaddan çıxıb. Qəsəbə sakini Fatma Məmmədova deyir ki, yolu əvvəlcə gəlib dağıtdılar, sonra başladılar yenidən çəkməyə. Amma yarımçıq qoyub getdilər: “Yolu gəlib başladılar çəkməyə, bir az ordan-burdan çəkdilər, sonra çıxıb getdilər. Asfaltı da vururlar üç santimetr. Elə asfalt bizim nəyimizə lazımdır? Sabah burdan böyük maşınlar gedəndə yollar yenə pis günə düşəcək. Daş bazarında satılan şebeli gətirib töküblər, sonra yalandan üstünü asfaltlayıblar”. Küçələrdə yol kənarında suötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib. Bu da qəsəbə sakinlərinin, xüsusilə də şagirdlərin payız-qış aylarında məktəbə getməsinə ciddi maneə yaradır. Qəsəbə sakini Tünzalə Əhmədova deyir ki, qəsəbəyə çağırılan təcili yardım maşınlarının xüsusilə gecə saatlarında ünvana gəlib çatması isə olduqca müşkülə çevrilir: “14 ildir burda yaşayıram. Özüm epilepsiya xəstəsiyəm. Bir də gördün ürəyim gedir, üstümə təcili tibbi yardım gəlməli olur, yolların palçığından gəlib çıxa bilmir. Taksi danışırıq 10 manata, gəlib bura çatanda deyir 20 manat verməlisiniz. Mən bura köçəndə oğlum ikinci sinifdə oxuyurdu. Neçə illər oğlumu məktəbə qucağımda aparıb gətirirdim bu yollarda. 14 ildir eyni sözü eşidirik. Bu gün düzələr, sabah düzələr”. Vəziyyətdən çıxmaq üçün qəsəbə sakinləri öz imkanları hesabına vəsait toplayıb yollara qum-çınqıl tökdürsələr də, bu, problemin həlli müvəqqəti xarakter daşıyır. Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, məsələnin həllinə nail ola bilməyiblər. “Neçə dəfə bələdiyyənin üstünə getmişik, deyiblər, bu ay, ya gələn ay çəkilib bitəcək. Amma ortada bir şey yoxdur hələ. O gün qaranlıqda qızım oradakı çuxura düşüb az qaldı ayağı sınsın. Palçığa bata-bata gedib gəlirik”. Sözügedən məsələ ilə bağlı Zabrat Bələdiyyəsi ilə əlaqə saxladıq. Qurumun ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Əkbər Hüseynov bildirdi ki, qəsəbə yollarında aparılan təmir tikinti işləri bələdiyyə tərəfindən aparılmır. Bələdiyyə yalnız görülən işlərin keyfiyyətinə nəzarət edir. “Ərazidə həm kanalizasiyanın, həm də su xətlərinin çəkilməsindən sonra yolların üstü asfaltlanacaq. Hazırda həmin ərazilərdə işlər hissə-hissə aparılır. Zabrat qəsəbəsi iki hissədən ibarət olduğuna görə işlərin gedişi bir qədər ləngiyir. Ərazidə bütün işlər dövlət səviyyəsində görülür. Mən bilmirəm yolun çəkilişini kim aparır, yalnız onu deyə bilərəm ki, dövlət nümayəndələri görür işləri”. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirdi ki, yolun təmiri üçün sakinlər bir qədər gözləməli olacaqlar. Qəsəbədaxili yollar agentliyin balansında olmasa da, araşdırma aparılıb və ümumilikdə qəsəbədaxili 2300 km yolun təmirə ehtiyacı olduğu məlum olub. Bununla əlaqədar olaraq xüsusi tədbirlər planı hazırlanıb və ötən ildən etibarən problemli yolların təmirinə başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın