16:47 17 Sentyabr 2020 201
Ana səhifə Xəbərlər

Zahid Oruc: “Hakimiyyət Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil”

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

APA TV-nin xəbərinə görə, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

Komitə sədri Zahid Oruc QHT-lərin qeydiyyata alınmasının "ASAN Xidmət" vasitəsilə həyata keçirilməsinin daha düzgün olduğunu deyib. Onun sözlərinə görə, QHT-lərin qeydiyyatında insan amili aradan çıxmalıdır.

Daha sonra Zahid Oruc hazırda həbsdə olan Tofiq Yaqublunun vəziyyətindən danışıb.

Hakimiyyət orqanları qətiyyən Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil deyən komitə sədri onlara daxil olan müraciətlərlə bağlı artıq işlər gördüklərini qeyd edib. “Bu gün Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var. Dünən Azərbaycanla bağlı “Facebook” üzərindən araşdırmalara başlaması başlığı ilə məqalə dərc edilib. Burada hökumətin trol yaratması məsələsinin araşdırıldığı deyilir. Hakimiyyətə, hakimiyyət orqanlarına qarşı milli tərkibi bəlli olmayan qüvvələrin total hücumları var. Araşdırmaq istəyirlərsə, bunu araşdırsınlar. Bu gün nəhəng sosial şəbəkə şirkətinin nümayəndələri ilə bağlı addımlar atılmalı idi. Bu proqramlar informasiya məkanında nüvə silahı kimidir. Son aylarda biz onu görürük” – deyə Zahid Oruc bildirib.

Deputat Elman Nəsirov isə çıxışı zamanı Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olduğunu deyib.

Onun sözlərinə görə, Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasında onlara kömək edəcəyini deyib. “Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyasının deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib” – deyə Elman Nəsirov bildirib.

Komitə sədri Zahid Oruc Elman Nəsirovun səsləndirdiyi bu fikrin olduqca ciddi ittiham olduğunu deyərək məsələnin araşdırılmalı olduğunu deyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın