08:40 23 Fevral 2018 433
Ana səhifə Xəbərlər

Zamanı geriyə fırladan saatsaz - REPORTAJ

Lənkəranda uzun illərdir saat təmiri ilə məşğul olan rayon sakini qəribə saat düzəldib. APA TV-nin Cənub bürosunun məlumatına görə, onun düzəltdiyi saatın digərlərindən fərqi əqrəblərin əks istiqamətə işləməsidir.

Şahin Baxşıyev 32 ildir saat təmiri ilə məşğul olur. Usta deyir ki, bu işi atasından öyrənib. Bir neçə ildir saatların konstruksiyasında dəyişiklik edərək onun əks istiqamətə işləməsinə nail olan qəhrəmanımız deyir ki, bunun üçün bəzi çarxları dəyişərək onu yenisi ilə əvəz edib. Bununla da saatın əks istiqamətdə işləməsini təmin edib: "Orada 2-3 ədəd çarx var. O çarxları oradan götürürəm, onun yerinə yeni çarxlar qoyuram, başlayır əksinə getməyə".

Ustanın sözlərinə görə, bir vaxtlar saatlara maraq azalsa da, indi tələbat daha çoxdur. Bir saatın düzəldilməsinə isə 2-3 gün vaxt lazım olur. Şahin Baxşıyev hazırda yeni qol saatını düzəltməklə məşğuldur. Sifariş əsasında hazırladığı bu saat da əks istiqamətə hərəkət edəcək. Saatın əqrəbləri kimi, rəqəmlərinin də yeri dəyişik olacaq: "Bir sifarişçim var, dostumdur. O mənə deyib ki, bir qol saatı yığ, o da tərsinə işləsin. İndi onun üçün tərsinə qol saatı yığıram. Yenilik bu olacaq ki, 11-in yerinə bir gəlir, 10-un yerinə 2 gəlir. Belə əks tərəfə hesablanıb".

Şahin Baxşıyev deyir ki, gələcəkdə bu kimi saatların sayını çoxaltmağı planlaşdırır. Usta onu da bildirir ki, əks istiqamətə işləyən saatların xarici turistlərə satışını da təşkil etmək niyyətindədir: "Fikrimiz var ki, bura gələn turistlər, əcnəbilər üçün Azərbaycan bayrağı ilə saat buraxım. Suvenir kimi əksinə işləsin. Turistlər də aparsınlar öz ölkələrində göstərsinlər ".

Usta yeni hazırladığı saatların hələ heç birini satmadığını deyir.

Müəllif | Apa.Tv

Elnur Ələkbərov

Kodu kopyalayın