08:00 27 Yanvar 2020 278
Ana səhifə Xəbərlər

Zaqatalada çaqqalın dişlədiyi iribuynuzlu heyvanlar quduz oldu

Zaqatalada son iki ayda bir neçə baş iribuynuzlu heyvan quduzluq xəstəliyinə tutularaq tələf olub.

APA TV-nin məlumatına görə, analoji hadisələr rayonun Danaçı və Höytala kəndlərində qeydə alınıb.

Belə ki, bu ayın əvvəlində rayonun Höytala kənd sakini Məmməd Əhmədovun təsərrüfatına hücum edən çaqqal bir baş iribuynuzlu heyvana və balasına xəsarət yetirib. Bir neçə gün sonra həmin heyvanlarda quduzluq əlamətləri aşkar edilib: “Saat 5 radələrində bir az səs küy eşitdik. Heç nə tapa bilmədim. Səhəri gün gəldim gördüm buzovun burnu qanayıb. Nə isə çaqqal olar da. Səhəri həkimə zəng elədim. Sahə həkiminə. Həkim gəldi baxdı, iynə vurdu. Bildik ki, bu quduzdur. Anasına da yoluxdu. Buzov öldü, iki gün sonra da anası öldü”.

Kənd baytarlıq məntəqəsindən də faktı təsdiqləyiblər. Məntəqənin müdiri Tahir İsmayılovun sözlərinə görə, heyvanlarda quduzluq əlamətləri aşkar edildikdən sonra onlar öldürülərək basdırılıb: “İki gün nəzarətdə saxladım. Üçüncü gün heyvanda quduzluq əlamətlərini aşkarladım. Heyvan öldürüldü və basdırıldı. Həyət də dezinfeksiya edildi. Üç gündən sonra anasında da həmən quduzluq əlamətləri aşkarlandı. Yenə də heyvanı öldürüb həyətində basdırdıq. Bütün sanitariya qaydalarına da əməl edildi”.

Yırtıcı heyvanlar rayonun Danaçı kəndində də şəxsi təsərrüfatlara hücum edir. Kənd sakinlərinin sözlərinə görə, son vaxtlar yırtıcı heyvanlar yaşayış məntəqələrinə hücum edərək qaramalla yanaşı, ev quşlarına da hücum edərək onları tələf edirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın