17:03 10 İyul 2020 374
Ana səhifə Xəbərlər

Zaqatalada oğurluq etdiyi evi yandıranlar tutuldu

Zaqatalada oğurluq etdiyi evi yandıran iki nəfər tutulub.

APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində Fatimə Nurullayevaya məxsus evdən oğurluq edildiyi, daha sonra həmin evin yandırıldığı barədə müraciət daxil olub.

Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, dostlar evdən bir neçə gün əvvəl müxtəlif məişət əşyaları və spirtli içkilər oğurlayıblar.

Məlum hadisədən iki gün sonra - iyulun 8-i gecə saat 03:20 radələrində dostlar sərxoş vəziyyətdə törətdikləri cinayət əməlini gizlətmək məqsədilə evi yandırıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ev sahibi uzun müddətdir ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Bu səbəbdən yanğın vaxtı insan tələfatı qeydə alınmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın