18:40 21 Oktyabr 2020 282
Ana səhifə Xəbərlər

Zəngilan sakinləri: “Prezidentin çıxışı bizi ruhən Zəngilana apardı” - REPORTAJ

Bu, mənim Zəngilan şəhərciyinə neçənci gəlişimdir, düzü, xatırlamıram. Amma bir şeyi aydın bilirəm ki, hər il oktyabrın 29-da Zəngilanın erməni caniləri tərəfindən işğalı günündə zəngilanlı ailələrin evində qonaq olub, onların acısına şərik olurduq. O zaman onların gözündəki kədəri, ürəklərindəki nisgili görürdük. Amma bu gün bu şəhərciyə torpaqları azad olunmuş bu insanların yanına gəlirik. Onların sevincini, əhval-ruhiyyəsini çəkib sizinlə paylaşmaq üçün.

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi" adlanan yeni məhəllədə 760 məcburi köçkün ailəsi yaşayır. Adi günlərdən fərqli olaraq, böyükdən-kiçiyə hər kəsin üzündə bir sevinc, gözlərində bir ümid var. Axı onların doğma Zəngilanı, Cəbrayılı, Füzulisi düşmən işğalından azad olub. Şəhərciyin sakinləri ilə söhbət zamanı hər bir ailənin fərqli taleyinin olduğunu, lakin hər birini bir dərdin birləşdirdiyinin şahidi olduq. Bu dərd torpaq dərdi idi. 30 ilə yaxındır gedə bilmədikləri, əlləri, ünləri yetməyən, itirdikləri torpaq, yurd dərdi...

Zəngilan işğal olunanda 40 yaşı olan Pakizə Həsənova deyir ki, 27 il sonra uşaqlığının, yeniyetməliyinin, gəncliyinin keçdiyi torpağa geri qayıtmaq ona yuxu kimi görünür. Amma bu gün yaşayırsa, deməli, onu yaşadan nə zamansa torpağına qayıdacağına olan ümiddir: “Cənab Prezident İlham Əliyev deyincəyə kimi az qalırdı ki, ürəyim partlasın. Elə həyəcanla gözləyirdim ki, deyəcək Mincivan da alınıb. Elə ki, Mincivanın adı çəkilmədi, onda məyus oldum bir az. Amma mən inanıram ki, çox yaxında Mincivan da alınacaq. Bizim ordumuz mütləq torpaqlarımızın hamısını azad edəcək. Ora gedəndə ilk torpağını götürüb öpəcəm. Sonra atamın, dayılarımın qəbrini ziyarət edəcəm”.

Lətifə Sadıqova deyir ki, xəbəri göz yaşları ilə qarşıladım: “Necə qarşıladınız bu xəbəri? Göz yaşları ilə qarşıladım. Allah Prezidentimizin köməyi olsun, əsgərlərimizi qorusun. Gün o gün olsun ki, gedək Füzulidə şadyanalıq edək. 67 yaşım var, ölənlərimi burada basdırmışam, amma yenə öz torpağımı istəyirəm. Deyir, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. İnsanın öz torpağından gözəl nə ola bilər ki?”

Cahan Məmmədova da sevincindən danışa bilmədiyini deyir: “O qədər bizə təsir elədi ki. Adam danışa bilmir. İlk dəfə Xudafərin deyəndə o qədər kədərləndim, ağladım ki. Dünən deyəndə ki, Soltanlı da azad olunub, o qədər ağladım. Oralar elə gözəldir. Nə qədər burda qalsaq da, burda xoş olsa da, öz torpağımız yaxşıdır. Allah möhlət versin, ölmədən gedim torpağımı görüm”.

Şəhərciyin küçələrində dolaşarkən binaların üzərindən dalğalanan üçrəngli bayrağımızı gördükcə, insanda bir iftixar hissi yaranır. Elə Zəngilan sakini Vüqar Fərəcov da deyir ki, Zəngilanın azadlıq xəbərini eşidəndən şanlı bayrağımızın dalğalandığı avtomobili ilə məhəllənin küçələrində dolaşıb qohumları ilə bayramlaşır: “Biz bu gün qalibiyyətimizi qeyd edirik. Ön cəbhədə olmasaq da, arxa cəbhədə cənab Prezidentin şüarları ilə biz də onlara dəstək olmağa çalışırıq. Allah Ordumuzu, əsgərlərimizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, onları qanı yerdə qalmaz. Düşmənimiz məhv olar. Nəinki Zəngilan, bütün torpaqlarımız - Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xankəndi azad olar”.

27 ildir Bakının müxtəlif yerlərində yataqxanalarda yaşayan Murtuza Abdullayev isə deyir ki, ötən gün Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışını ailəsi ilə birlikdə həyəcanla dinləyib. İçindəki bir ümid səsi ona “Zəngilanın azad olundu, gözün aydın!” dediyini duyub. Deyir, Prezidentin son müjdəsi ona qol qanad verib, illərdir “kişi ağlamaz” prinsipini pozaraq sevinc göz yaşlarını saxlaya bilməyib: “Prezident xəbəri deyəndə elə bildim mən artıq Zəngilandayam, ruhən getdim Zəngilana. Sevincimizdən ağladıq. Təki həmişə sevinc göz yaşları olsun. Allah ordumuzun, cənab Prezidentin canını sağ eləsin. İnanın ki, o hissləri demək olmur”.

Murtuza dayı deyir ki, Zəngilandan son dəfə çıxanda bircə yanında ailə albomunu götürə bilib. Hər zaman Zəngilanı xatırlayanda bu albomu sakitcə vərəqləyib, bu gündən keçmişinə, gəncliyinə, Zəngilanlı günlərinə boylanıb: “Zəngilandakı evi, tut ağacına çıxmağımı görürəm. İnanın ki, mən gündə 4 saat yuxu yatmıram. Elə yuxuda Zəngilanı görürəm. Bir də ayılırdım ki, yuxudur. İlk getdiyim yer atamın qəbri olacaq. Atamın qəbri mənim qibləgahımdır. O torpaqlarda mənim atalarım uyuyur”.

Bəli, bu gün hər bir qarış Vətən torpağı Azərbaycandır. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Başımızın üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayraq kimi. Bu gün bu şəhərcikdə dalğalanan üçrəngli bayrağımız sabah azad olunacaq digər torpaqlarımızda da dalğalanacaq. Hər bir azərbaycanlı buna inanır. Çünki, bizim qüdrətli, müzəffər ordumuz və qətiyyətli Ali Baş Komandanımız var!

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın