11:25 02 İyul 2020 650
Ana səhifə Xəbərlər

Zibilli, yolsuz və susuz Çiçək... qəsəbəsi - REPORTAJ

Bura hansısa ucqar dağ kəndi və ya “kimsəsiz ada” deyil, bura paytaxtdan 10-15 kilometr kənarda yerləşən Çiçək yaşayış massividir.

APA TV xəbər verir ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin balansında olan bu ərazinin sakinləri zibillərin atmağa yer tapmırlar:

- Siz bu vəziyyətin canlı şahidisiniz. Görürsünüz ki, zibillik bu gündədir, bərbad vəziyyətdir. Eyni zamanda bura kanalizasiya xətti çəkilməlidir.

- Kommunal xidmətlərin işçiləri gəlir və zibil üçün ayda 2-3 manat alırlar sakinlərdən. Kimin gücü nəyə çatır, onu verir.

- Zibillik düz küçənin, məhəllənin içində olduğuna görə zibili itlər dağıdır. Sahibsiz küçə itləri çoxdur burada. İtlərin əlindən burdan keçmək olmur. Uşaqlar məktəbə gedəndə də korluq çəkir.

Məsələyə münasibət bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov bildirib ki, qurum sözügedən məsələdən xəbərdardır və yaxın zamanlarda problem köklü şəkildə həll olunacaq: “Qeyd etdiyimiz məsələdən rayon icra hakimiyyəti xəbərdardır. Xocasən qəsəbəsi Çiçək yaşayış massivinin bir hissəsində məhəllədaxili yolların ensiz olması ilə təmizlik texnikasının küçələrə girə bilməməsinə görə həmin ərazidə zibil tullantılarının daşınması siqnal sistemi vasitəsilə həyata keçirilir. Öncədən müəyyən edilmiş vaxtda məlumatlandırıcı siqnal vasitəsilə tullantılar bir nöqtədən toplanılır. Küçələrin ensiz olması səbəbindən zibil tullantıları üçün qabların qoyulması nəzərdə tutulmayıb. Eyni zamanda yaranmış problemlə bağlı məsələ rayon icra hakimiyyətinin diqqətindədir. Öncədən müəyyən olunmuş qrafikə uyğun olaraq məişət tullantılarının daşınması işi təmin ediləcəkdir”.

Yaşayış massivinin problemləri bununla da bitmir. Təxminən 400-ə yaxın ailənin yaşadığı ərazinin digər bir problemi isə su qıtlığıdır. Yayın bu istisində sakinlər içməli suyu ödənişlə alırlar:

- Qazımız, işığımız var, amma suyumuz yoxdur. Yol xətləri bərbad gündədir.

- Biz 20-25 manat verib suyu pulla alırıq. Bu pandemiya dövründə biz bilmirik qarnımızı dolandıraq, ya su alaq? Bizə kömək edin. Ağaclarımız susuzluqdan yanır. Belə olmaz.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyir ki, sözügedən ərazinin yalnız bir hissəsində su problemi var və yaxın zamanlarda bununla bağlı işlərə başlanılacaq: “Çiçək yaşayış massivinin böyük bir hissəsinə, təxminən 80%-nə Binəqədi su-kanal idarəsi xidmət göstərir. Ərazinin digər bir hissəsi Abşeron istiqamətindən, yəni Hökməlidən gələn xətdən qidalanır. Binəqədi ərazisində normal şəbəkə yaradılıb və insanlar normal qaydada içməli su ilə təmin olunur. Amma Hökməli tərəfdən qidalanan xətlərin böyük əksəriyyəti fərdi şəbəkələrdir. Normalara uyğun qurulmayıb. Ona görə də hər il yay aylarında abonentlərin bir qismi – təxminən 50-dən artıq abonentin su təchizatında problemlər yarana bilir. Bununla bağlı rayonun su-kanal idarəsinə məlumat verilib. Onlar problemi araşdırıb insanlara kömək edəcəklər”.

Qəsəbə sakini Əlizamin Orucov deyir ki, digər bir problem isə yolların bərbad vəziyyətdə olması və küçələrin adının olmamasıdır: “Məcburuq ki, kiməsə görə təcili tibbi yardım gələndə qaçıb duraq Hökməli məktəbinin yanında. Gərək təcili tibbi yardım maşınına yol göstərən olsun ki, o da bura gələ bilsin. Küçələrin adı yoxdur. Elə deyirik ki, Əli market bir təhər gəlib tapırlar buranı. Ünvan yoxdur ki, dəqiq deyəsən bu ünvana gəl”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 2023-cü ilə kimi Bakıətrafı qəsəbələrin bütün daxili yollarının tam şəkildə təmir olunması gözlənilir və bu işlər mərhələli şəkildə həllini tapacaq: “Ümumilikdə Bakı şəhərinin qəsəbələrində təqribən 2300 km bu cür yolun təmirə ehtiyacı var. Bununla bağlı tədbirlər planı hazırlanıb və bu işlər mərhələli şəkildə həyata keçirilir və keçiriləcək. Ümumilikdə 2023-cü il də daxil olmaqla biz planlaşdırmışıq ki, qəsəbədaxili yollar tam olaraq təmir olunsun. Təbii ki, bu işləri birdən-birə etmək mümkün deyil. Bütün bu işlər növbəli şəkildə həyata keçiriləcək”.

Biz çəkib göstərdik, qaldı aidiyyəti qurumların işə başlaması. Ümid edək ki, növbəti dəfə Çiçək qəsəbəsinə baş çəkdikdə, ürəkaçan mənzərə ailə qarşılaşacağıq.

Həmidağa Məcidov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın