20:00 22 Dekabr 2017 3817
Ana səhifə Yaşıl Orta

İlahiyyatçı: " 3,7, 40 yas mərasimləri, ölüyə ehsan vermək, molla çağırmaq islamda yoxdur"

Ruhlar evə gəlirmi? Ateist müsəlman qəbirstanlığında dəfn oluna bilər? Ateistlər üçün ayrıca məzarlıq olmalıdır? Peyğəmbər vəfat edən yaxınlarına yas saxlayıb, ehsan veribmi? Mollasız yas mərasimi olarmı?

“Ölüm inkarı mümkün olmayan bir həqiqətdir. Allah-Təala “Qurani-Kərim”in “Ənkəbut” surəsinin 57-ci ayəsində belə buyurur: “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız”. Lakin islama görə ölüm son deyil, başqa bir dünyaya keçiddir”.

Bunu ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, imanın şərtlərindən biri də axirətə etiqad etməkdir: “ Müsəlman öldükdən sonra yenidən dirilişə inanır. Axirəti inkar etmək ağır günahdır və insanı islamdan çıxarar. Bu mövzuda bir çox ayə var. “İsra” surəsinin 99-cu ayəsində də öləndən sonra yenidən diriləcəyimizdən bəhs olunur: “Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur”. Göründüyü kimi ölümdən sonrakı həyatla bağlı elə “Qurani-Kərim”də kifayət qədər dəlil var. İslamı qəbul elən şəxsin yenidən dirilişə, axirətə iman etməsi şərtdir”.

İlahiyyatçı qeyd edib ki, islama görə yas saxlamaq cəmi 3 gündür: “Uca Rəbbimiz buyurur ki, müsəlmanın örnəyi peyğəmbərdir. Allah rəsulu yaxın insanlarını, hətta övladlarını itirir. Çox sevdiyi oğlu İbrahim dünyasını dəyişəndə gözündən yaş axır. Səhabələr soruşur ki, sən ağlamağı yasaq etmişdin, bəs özün niyə ağlayırsan? Peyğəmbərimiz buyurur ki, mən sizə üsyanla, Allaha asilik etməklə ağlamağı qadağan etmişəm. Mənim göz yaşlarım məhrəmətdəndir. Əlbəttə müsəlman əzizini itirəndə kədərlənəcək, üzüləcək, ağlayacaq. Bu insan üçün təbii olan hallardır. Amma üz cırmaq, saç yolmaq, üsyan etmək islama ziddir. Ölüm həqiqətdir və son deyil. Bunu heç zaman unutmamalıyıq”.

E.Mahmudov cəmiyyətimizdə keçirilən yas mərasimlərinə də toxunub: “ Ölən üçün 7, cümə axşamı, 40, il kimi yas mərasimlərini keçirmək islamın əmri deyil və dinimizə heç bir aidiyyatı yoxdur. Bu milli ənənəmizlə bağlıdır”.

Müəllif | Apa.Tv

Könül Cəfərli

Kodu kopyalayın