Jalə Mütəllimova: "Bomj"
Divarları ağ boyanmış, səliqəli hasar, kiçik dəmir darvaza. Hər şey ilk baxışda səliqəli, gözəl görünür. Evində təsadüfü yanğın olmasaydı, qohumları arasında tanınan simaların adı çəkilməsəydi, kimsə tanımazdı onu, “bomj” Üzeyiri. Səhhətində ciddi problemlər var, həkimlər zamanla daha kəskin hala keçəcəyini deyir. Bu üzdən çox yaşlı görünür. İndi xəstəliyinin hansı mərhələsindədir demək çətindir. Amma insanlıq mərtəbəsinin zirvəsinə bir şey qalmayıb. Onu tanıyandan sonra insanı gözəl göstərən hər şey qıcıq yaradır adamda. Amma susmalısan. Üzü heç nə ifadə eləməyən ingilislər kimi, vəziyyət “okey”lik olmasa da hər şey “okey”dir deməlisən.
Yoxsa dəli olmasan belə, səni də dəli eləyənlər tapılar... Qapısı döyüləndə diksinir o. Yaxşı heç nə gözləmir adamlardan. Bu dəfə də elə oldu. Bərkdən “Üzeyir müəllim, ay Üzeyir müəllim” deyib onu çağıran səsə diksindi. Üzü qapıya gəldi sürətlə, qapını açıdı.
- Bəli, buyurun, eşidirəm.
60-65 yaşlı qoca kişi olardı. Üzünü çəkdiyi əzabların qırışı örtüb. Dişləri tökülüb. Qarışıq, bəlkə də aylardır daranmayan ağ-qara saçları, günlərdir təraş olunmamış üzü, axsaq, əynində köhnə palto, burnu cırıq ayaqqabı, əlləri hisli, dırnaqları çirkli, başında beret. Bu qədər qarışıqlığı yəqin çox adam bir simada görməyib. Və o həm də gülümsəyirdi...Bəlkə qapısını illərdir bir qadın döyməmişdi, sevinci o səsə idi. Ayaqtüstü söhbət başladı. Ailəsindən, yaxınlarından danışdı. Sonra həyətdəki skamyaya döndü baxışları. İçəri keçmək olarmı, sualını qabaqladı bu baxış. Kant, Çexov, Balzak, Mopasan, Nizami, Sabir Füzuli...Hamını əzbərdən bilirdo o. Dünya rəssamlarının əsərlərini, insan psixologiyasını, xarakterləri analiz edirdi. O danışır, mən susurdum. Elə bilirdim onu dinləyirəm. Əslində o həm danışır, həm də məni dinləyirmiş...Səssizliyi dinləyə bilən adama rast olmusunuzmu? O, “qulaq asın xanım, ağlamayın” deyəndə gördüm bunu ilk dəfə. Səssizliyi dinləməyi bacaran birini. O ana qədər, gözümdən bir damcı belə düşməmişdi. Elə bil o bir damcı göz yaşı həmin sözü, o “bomj”u gözləyirdi. O da ağlayırdı. İllərdir ona ağlayan adam görməmişdi deyə. Hava küləkli idi. Amma evə keçməyimizi istəmirdi. İtanırdı. Sonra razılaşdı. Dodaqaltı deyinirdi: “Allah haqqı içəri pisdir... Allaha da inanmıram. Məni unudub... Elə bil Allaha da imkan vermirdi ki, ona kömək eləsin. Evə keçdik “bomj” Üzeyirlə. Evində saysız video disklər...Betxoven, Şopen, Qara Qarayev, Üzeyiri dinləyir. Dünya kinomatoqraflarının filmlərinə baxır. Maraqlı film arxivi var. Kitabların sayını isə ağla gətirmək mümkün deyil. Amma baş verən yanğın hamısını yararsız hala salıb. Ağlayırdı bu durumuna... Amma gündəlik qaydalarından imtina eləmək niyyəti də yoxdur. Həyatını belə bölüb: Zibilliklərdən iki böyük torbaya kiçik salafanlar yığır. Siqareti haram, yəni kimdənsə pul dilənməməklə, almaq istəmir. Həmin torbaları təhvil verib “Vinston” siqaretə pul düzəlirdir. Sonra sınıq arabasına boş şüşələri yığıb təhvil məntəqəsinə aparır. Yemək pulunu, kommunal ödənişləri, kitab almağa pulu da belə düzəldir. Kitabların çoxunu bukinistlərdən alır. Təzə kitablar bahalıdır çünki. Bəlkə də zəmanənin ən böyük dəlisidir o. Zibil satıb, kitab alır...Səliqəli, geyimli-kecimli adamla dolu olan məhlədə “bomj” Üzeyirin əməlli nüfuzu var. Əlinə ərzaq siyahısı yazıb, pul verib mağazaya, bazarlığa göndərirlər. Hansısa ünvana fərq etməz ya, pul, ya bahalı əşyanı çatdırmaq üçün yardım edir qonşularına. Başqa birinin zibilini atır. O sadəcə yaxşı adamdı. Amma adamlar inciməsin, son zamanlar adamsızlıqdan o qədər əziyyət çəkirik ki, bir zamanlar yaxşı adamların da “qırmızı kitabı”nı yaradacaqlar yəqin. Bu adam baxanda başqa nəsə düşünmək olmur. Sağollaşanda əl uzadıb görüşmək istədim. Əvvəlcə əlini uzatdı, dırnaqları qırmızı rənglənmiş, barmağına qızıl salınan, dərisi ağ qadın əlinə baxıb, əlini çəkdi. Yox dedi, sizin əliniz təmizdir. Əlimi uzadıb əlini tutdum. Çünki onun əlidəki zəhmətinin çirki idi, bizim bəzəkli əlimizdə Allah bilir, nə qədər günahın çirki gizlənir....O spirtli içki içmir, kimisə aldatmır, yalan danışmır. Hamısına da bir izahı var: Bunları eləmək haramdır. Haramın islam qaydası olduğunu da dilinə gətirmir amma. Sağlamlığa ziyandır içmək deyir. Vəssalam!.. Sonra da hıçqırıb ağlayır. Qəlbinin ən böyük sevgisinə ağlayır. Allah sevgisinə. Sevgilisi bildiyi Allahından küsüb bu adam. Adamların etibarını qazansa da, adamlara qapı açmır. Çünki onların Üzeyirdə gördüyü, tapa bildiyi yazıq adamdır, “bomj”dur. O belə itməyib axı. Bu adam istəyir ki, onu Allah tapsın, özü də itirdiyi kimi. Savadlı, bacarıqlı, zəhmətkeş. Bəlkə də onu elə Allah tapdı, yoxsa, mən kim idim ki...