Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 iyun

 

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Biz Türkiyəni müqəddəs bilirdik, amma indi bu ölkə pul, neft və ticarətdən başqa heç nə ifadə etmir. Bizim sözümüz deyil, Telaferdə bir gün 5 min şəhid verən İraq türkmənlərinin lideri Ərşad Salihinin sözləridir bu. Türkmənlər baş verənlərdə günahı Türkiyədə görürlər, düşünürlər ki, Livanda, Misirdə din qardaşlarının müdafiəsinə qalxan Türkiyə İraqda həm din, həm də qan qardaşları olan türkmənlərin müdafiəsinə çoxdan qalxmalı idi. Necə deyərlər, uman yerdən küsərlər.

Biz türkmənlərin silahla işi olmaz. Bu ifadənin müəllifi isə İraq türkmənlərinin öndə gələn ziyalılarından Ersan Sarıkahyadır. APA TV-yə verdiyi müsahibədə bu kəlməni bir az fəxr, bir az da təəssüflə ifadə edən Sarıkahyanı başa düşmək olar. Hər kəs kimi o da anlayır ki, türkmənlərin bugünkü duruma düşməsinin əsl səbəbi məhz bu faktordur - silahdan uzaq durmaları. Əgər Körfəz müharibəsindən sonra türk dünyası türkmənləri silaha alışdıra bilsəydi, silahla təmin etsəydi, bu gün qan qardaşlarımız olan türkmənlər İŞİD qarşısında kürddən, ərəbdən mədət diləməzdi.

Ən əsası isə - İŞİD və onu tirajlayan dövlətlər İraqda baş verənləri məzhəb qarşıdurması kimi təqdim etməyə çalışsalar da, əsl niyyətlərini gizlədə bilmirlər. Cidanı çuvalda gizlətmək olmaz. Cidanın ucu Telaferdə göründü, İŞİD Telaferdə sünni, şiə demədən bütün türkmənləri qətlə yetirir. Bölgədə bir türk qətliyamı gerçəkləşdirilir, türk varlığını o torpaqlardan silməyə çalışırlar. Gerçəklik budur, bizim əlimizdən gələn isəənənəvi duamıza kiçik bir dəyişiklik etməkdir – Tanrı türkməni qorusun!

Müəllif | Apa.Tv
Apa.tv