Fuad Poladov: “Yatağa düşməkdən qorxuram”
Apa TV-nin “Üç dama” verilişinin ilk qonağı xalq artisti Fuad Poladovdur.
“Üç qadınını qarşısında olmaq məsuliyyətli işdir” deyir. Aktyor həm də deyir ki, yeni mövsüm yeni tamaşalar işləməyə hazırlaşırlar: “Yeni mövsümdə yeni rollar gözləyirəm. Əminəm ki maraqlı olacaq”.
Yorğun görünməsi barədə sualı cavablandıran Fuad Poladov həmişə belə göründüyünü deyir. Uzun illər öncə aktyorun səhhətində yaranan ciddi problemlər onu sevən hər kəsi narahat eləmişdi.
“Səhhətimdə elə bir problem yoxdur. Sadəcə yaş özünü göstərir, sözünü deyir. Gərək özümü nəzarətdə saxlayım. Amma bəzən alınmır. Cavanlıq eləyirsən. Və bir də görürsən ki, yaş o yandan barmağını “silkələyir” adama, deyir gəlmişəm haa”.
Köhnə “Sovetski” məhəlləsində böyüdüyündən danışan Fuad Poladov uşaqlıq illərini xatırlayır: İap balaca olanda İsmayıllıya, nənəmin yanına getdərdim. Məktəb illərində atam indiki Yasamal, o zamankı Oktyabr rayonunda Maarif şöbəsinin müdiri isi. Amma mən Səbayel rayonu 132 saylı məktəbdə təhsil almışam. “Atamın istəyi ilə Yasamaldakı məktəblərdə təhsil almadım. Atam istəmirdi ki, ona görə mənə qiymət yazılsın ”.
Səhnəyə Ənvər Həsənov, Larisa Xələfova ilə birgə gəldiyini söyləyən xalq artisti hələ Adil İsgəndərovun yaratdığı iki illik kinoaktyorluq kurslarında oxuyanda, orta məktəbin 9-cu sinfindən “İstintaq davam edir” filminə dəvət aldığını bildirir.
“Məndə tükənmək söhbəti heç vaxt olmayıb. Amma bəzən düşünmüşəm ki, bəlkə valideynlərimin sözünü eşidəydim, bəlkə peşəmi düzgün seçməmişəm deyirdim. Başqa sənət də seçə bilərdim. Məsələn müəllimlərim hesab edirdilər ki, mən yaxşı hüquqşünas olacam”.
Fuad Poladov məktəb illərini yada salam maraqlı bir xatirəsini də bölüşdü:
“Orta məktəbdə oxuyanda, sinif jurnalımız oğurlanmışı. Sinif nümayəndəmizin, Fəridənin, adını hallandırırdılar. Mən dəqiq bilirdim ki, jurnalı götürənlər başqa uşaqlardır. Fəridənin günahı yoxdur. İş o yerə gəlib çatmışdı ki, Fəridəni məktəbdən çıxarmaq istəyirdilər.
Onda mən məktəb rəhbərliyinin yanında möhtəşəm bir çıxış elədim. Vəziyyət tam dəyişdi. Həmin vaxt sinif müəllimlərimizdən biri mənə demişdi ki, səndən yaxşı prokuror da olar”.
Qadınlar, özəl münasibətlər haqda nəsə danışmaq istəməyən Fuad Poladov yalnız onu etiraf etdi ki, “xanım pərəstişkarlarla münasibəti yaxşı olub”.
"Sənətdə paxıllıqla üzləşməmişəm. Azərbaycan teatr sənətinin nüfuzlu təmsilçiləri ilə çiyin-çiyinə çalışmışam. Məni teatra institutun ikinci kursundan dəvət eləmişdilər. O vaxt mühit də tam başqa idi. Səməndər Rzayevlə yaş fərqim az idi. Amma o kifayət qədər tanınırdı. Buna baxmayaraq elə teatra gəldiyim ilk gündən öz qrim otağını mənimlə bölüşdü. Teatra yeni gələn aktyora ayrıca qrim otağı verilmirdi. Kütləvi səhnələrdə çalışan aktyorlarla bir yerdə qrimlənirdilər. Səməndər məni apardı yanına, dedi ki, qrim otağın olana qədər mənim otağımda qrimlənəcəksən. O üzdən əminliklə deyirəm ki, həm yaşlı nəsil, həm də yaşıdlarım arasında mənə ideal münasibət olub. Mənim şikayət eləməyə haqqım yoxdur”.
Aktyor kiminsə xətrinə dəyər deyə sözünü deməkdən çəkinmədiyini də bildirir. Eyni zamanda deyir ki, öz dövrü ilə indiki nəsil aktyorları da müqayisə eləyə bilməz. Çünki fərdi yanaşmasında qeyri-obyektivlik ola bilər.
“İndiki nəslin fərqli baxışları var. Mən o vaxtkı Bakının həsrətini çəkirəm. Mən o vaxtkı Bakı adamını axtarıram. Bir sözlə mən o vaxtkı bakılıyam. İndiki Bakı gözəldir, müasirdir. Amma mən darıxıram. Bilirsinizmi, insanlar öz şəhərlərinə oxşayırlar. Mən o vaxtkı Bakıya bənzəyirəm bir az. Sənətə münasibətdə də beləyəm. Mən dəyişə bilmirəm”.
Fuad Poladov həm də iki övlad atasıdır:
“Övladlarım iyirmi birinci əsrin adamıdırlar. Bakını belə görüb, belə seviblər, indi göründüyü kimi. Onlar üçün müasirlik, inteqrasiya, inkişaf və sair bu kimi şeylər vacibdir. Baxmayaraq ki, mən ötən illərin bakılısıyam, uşaqlarla ünsiyyətim gözəl alınır. Nə qədər darıxsam da geridə qalmış adam deyiləm, müasirəm”.
O, hesab edir ki, indi insanların bir-biri ilə münasibətindəki səmimiyyət itib və bu hər bir şeydə özünü göstərir. Xalq artisti teatrlarda aktyorlara qoyulan məhdudiyyətlər haqda dolaşan söhbətlərə də münasibət bildirdi:
“Özümə qarşı qadağaların qoyulmasına şahid olmamışam. Baxın, elə zaman olub ki, mən dörd teatrda birdən çalışmışam. Amma niyə çalışırsan, sualını eşitməmişəm. Bəzən deyirlər ki, teatrlarda rejissorlar aktyorlara bu problemi yaradır. Məncə bu bir az şişirdilmiş məsələdir. Hansı rejissor istəyər ki, aktyora problem yaratsın, heç biri. Tamaşanın uğurlu olması daha çox rejissorun düzgün aktyor seçimindən asılıdır: Bəzən deyirlər ki, yox o rola aktyor düzgün seçilməyib. Amma bunu deməyin özü düzgün deyil. Çünki rejissor seçim eləyəndə bilir ki, rolu seçdiyi adama niyə verib. Bir də Milli Dram teatrının indiki rəhbərliyi elə şərait yaradıb ki, hamıya münasibət eynidir. Təxminən belədir vəziyyət, bu meydan, bu da şeytan, gəl özünü göstər yəni. İçində bir şey varsa mütləq üzə çıxacaq və qəbul olunacaq. Yoxdursa, yoxdur. Deməli kənara çəkilmək lazımdır. Bəhanələr gətirməklə iş düzəlmir. Aktyora nüfuzuna görə rol vermirlər. Sadəcə seçib baxırlar, aydın olanda ki, o rol, həmin aktyorundur onda verirlər”.
Fuad Poladov təhsil aldığı 132 saylı məktəbdə şagirdlərlə görüşə iş qrafikinin sıxlığı üzündən gedə bilmir. Və növbəti ilin dəvət məktubunda məktəbin rəhbərliyi belə yazır: “Sizi məktəbimizdə keçirilər görüşə dəvət edirik. Ünvanı unutmusunuzsa, məktəb metronun “İçəri Şəhər” stansiyası ilə üzbəüz binada yerləşir”. Fuad Poladov deyir ki, əslində o heç nəyi və heç kimi unutmur:
“Unutqanlığım yoxdur. Ola da bilməz. Unutqanlıq yaxşı hiss deyil. Amma seçib sonalayan adamam. Ümumiyyətlə hesab edirəm ki, harasa gedəndə gərək sözün olsun deməyə. Gərək nəyə görə getdiyini biləsən. Mənim üçün mənə sualı kimin verəcəyini vacib məsələdir. Məsələn, sizin verilişin formatı mənim xoşuma gəldi ilk dəfə eşidəndə. Yəni mənə eyni zamanda üç xanım sual verəcək. Və mən də bacarıb burdan şərəflə çıxmalıyam. Bu marağa görə gəldim. Mənim üçün gəlib kiminlə oturacağım ciddi məsələdir”.
Deyir həyatda dostları çox az olub. Bir qismi dünyasını dəyişib. İndi barmaqla sayılacaq qədər dostlarım qalıb. Və onlar sənət adamları deyillər.
“Dost sözü mənə görə ağır sözdür. Dostluq eləməyi bacarmaq lazımdır. Dostluğun yükünü çəkməyi hər adam bacarmır. Servantesin bir sözü var. Deyir "dost uğrunda ölümə getmək asandır, amma gərək uğrunda öləcək dostun da ola". Mənim uğrunda ölməyə hazır olduğum dostlarım olub. Amma həyatda yoxdurlar artıq”.
Aktyor hesab edir ki, onun ümumiyyətlə zəif cəhəti yoxdur.
“Özümü, şəxsiyyətimi formalaşdırmaqla uzun müddət məşğul olmuşam və oluram. Həmişə çalışıram ki, özümdə formalaşdırdığım mənə cavab verə bilim. Bir də zəif cəhətim varsa belə həmişə onu büruzə verməməyə çalışıram. Bir yaxşı məsəl var. Deyir ağzın qanla dolu olsa belə yerə tüpürmə”.
Aktyor sevgi və ailə barədə danışmağa o qədərdə meylli deyil:
“Sevgi və sair bu kimi məsələlər haqda nağıl açmaq istəmirəm. Ailəm barədə ancaq bunu deyə bilərəm ki, iki övladım var. Bir oğlan, bir qız. Qızım ailəlidir, oğlum yox. Mən ailə barədə danışmağı sevməyən adamam, yəqin bunu bilirsiniz. Bəzən deyirlər ki, tanınan adamlar tamaşaçı üçün hərtərəfli maraqlı olur. Amma mən düşünürəm, insan nə qədər sirli qalsa o qədər yaxşıdır. Əslində sirr saxlanılası bir işim də yoxdur, sadəcə dediyim odur ki, belə məsələlərdə qapalı olmaq daha yaxşıdır. Çünki tamam açıq olanda insanın zəif nöqtələri üzə çıxır. Bu lazım deyil”...
Fuad Polador "unutmaq" və "bağışlamaq" kimi keyfiyyətlərin onda tam olmadığını bildirir:
“Ola bilər, nəyinsə üstündən keçərəm, deyərəm ki, oldu də. Amma onu belə unutmuram. Mənə bilərəkdən edilən bir pisliyin isə heç "oldu" deyib də üstündən də keçə bilmirəm, bağışlamıram yəni. Bu kin deyil, sadəcə unutmayıb yadda saxlamaqdır. Mən kinli deyiləm. Əzizə Mustafazadənn bir müsahibəsinə baxdım televizorda. İnsanlara münasibətdən danışırdı. Əzizə dedi ki, "mən insanlarla münasibətdə elə bil yavaş-yavaş açılan gül kimiyəm. Adamlara münasibətdə açığam. Qarşılıqlı münasibət görməyəndə mənə elə gəlir ki, o gülün üstünə yağış yağır, qar düşür, dolu vurur. Onda başlayıram yığılıb bağlanmağa". Məndə təxminən o münasibətdir adamlara”.
Amma aktyor özü bağışlanmayacaq bir iş gördüyü məsələsinə də aydınlıq gətirir:
"Mən bağışlanmayacaq bir iş görüb, bağışlanmışamsa bu qarşıdakı adamın böyüklüyüdür. Amma məncə elə bir işim olmayıb. Bəlkə də nə isə eləmişəm, kiməsə ziyanı olub və mənim xəbərim yoxdur, bunu deyə bilmərəm. Amma mən səhv elədiyimi anlayanda gedib üzr diləməyi də bacaran adamam. Baxın, elə adamlar var ki, deyir ki, filankəsdən xoşum gəlmir. Deyirəm niyə? Cavab verir ki, "danışanda sənə baxırdı, mənə yox". Ya da maşının arxa oturacağında iki adamın arasında oturmasından küsüb inciyən adamlar olur. Bunlar bəsit şeylərdi. Amma başıma gəlib. O üzdən deyirəm ki, belə inciklik və qəlbə toxunmaların mənası yoxdur".
Hhansı rakursdan çəkildiyinə görə narahatlıq hissi olmayan həmsöhbətimiz maraqlı bir xatirə də danışdı:
“Rəhmətlik Nəcibə Məlikova ilə Leyla Bədirbəylinin münasibətləri yaxşı deyildi. Leyla xanımın oğlu Cavanşir televiziyada rejissor idi. Yadımdadır, Nəcibə xanım heç vaxt Cavanşirin verilişlərdə çəkilmirdi. Ehtiyat eləyirdi ki, birdən Leyla xanımın oğlu onu elə rakursdan çəkər ki, efirdə eybəcər görünər”.
“Səmimiyyətimə inanın, heç vaxt nəfsimin ardınca düşüb getməmişəm. Nəfsin ardınca getmək olmaz. Həmişə elə bilmişəm ki, qarşımda pilləkənlər var. Mən sadəcə o pilləkənlərlə qalxmışam. Bu gün də elədir. Mənə həmişə elə gəlir ki, harasa qalxmalıyam. Məndə "filan işi eləmək istəyirdim ona nail oldum, vəssalam" söhbəti yoxdur. Ola bilər fikirləşərsiniz ki, deyir də, amma inanın ki, tam səmimi, beləyəm. Mənə elə gəlir ki, eləyə biləcəklərimin yarısını hələ eləməmişəm”.
O həmişə obyektiv olmağa çalışdığını söyləyir. Və ətrafdan eşitdiklərinə əsaslanıb deyir ki, bu onda alınır.
“Sənətdə dayanmaq yoxdur. Dayandınsa kəllə-mayallaq gedərsən üzü aşağı. Sadəcə bədahətən hiss olunan bir şey var. Elə bil hansısa mərhələdə anlayırsan ki, çəkilmək lazımdır. Məsələn mən 25 yaşında düşünürdüm ki, 50 yaşında səhnəyə çıxmaq olar? Amma yaş ötdü və hələ səhnədəyəm. Deməli əsas məsələ tələbatdır. Tələbat ya var, ya da yoxdur. Bunu adam intuitiv hiss eləyir. Tələbat azalırsa getmək vaxtın yaxınlaşır demək. Qüdrətli sənətkarlar var idi Ağasadıq Gəraybəyli, Möhsün Sənani. Onlara həyatlarının sonuna qədər tələbat oldu. Möhsün Sənaninin gözlərində problem var idi. Və səhnədə mənimlə tərəf müqabili idi. Onu səhnəyə mən gətirib, mən də aparırdım. Bizim işimiz əslində bilirsinizmi nəyi xatırladır? Su səhənginin suda sınmasını. Səhnədən aktyoru ayırmaq, sudan balığı çıxarıb kənara atmaqdır həm də. Amma zamanını duymaq və uzaqlaşmaq bu böyük cəsarət istəyir adamdan. 66 yaşım var və hələ də mən seçirəm, teatrları, rolları, çəkiləcəyim filmləri. Deməli hələlik tələbat var”.
Fuad Poladov deyir ki, onun oynayacağı hər rola görə günəmuzd qonorar məbləği var:
“Mənə rol təklif eləyəndə günümə görə alacağım qonorarın məbləğini deyirəm. Onları qane eləyirsə çəkilirəm. Bu işlərdə də gərək öz çəkini biləsən”.
Fuad Poladov qorxusunu da dilə gətirir:
“Atam on il yataq xəstəsi olub. Ona anamla birgə qulluq eləmişəm. Bəlkə də bu qorxudan daha çox arzudur. Qorxum yatağa düşməkdir. İstəyirəm vaxtım çatan kimi əzrayıl gəlib birdəfəlik aparsın”....