Nəsimi Nəbizadə: “Ömrümdə bircə dəfə qadın üçün ağlamışam...”
“Bu gün qırx yaşım tamam olur, teleaparıcı kimi ikinci iyirmi yaşımı yaşayıram. Amma bəzi məqamlarda qırx yaşı hiss edirəm. Hər yaşın öz gözəlliyi var. Qırx yaş bu mənada gözəldir”. Bu fikirləri APA TV-də efirə gedən “Üç dama” verilişinin qonağı, APA TV-nin aparıcısı Nəsimi Nəbizadə deyib.
Həmkarlarının suallarını cavablandıran Nəsimi Nəbizadə nə zaman evlənəcəyi barədə sualı birmənalı cavablandırmayıb: “Evdən çox işdə oluruq. Gözünüzün qabağındayam. Nə olsa, hamınız görəcəksiniz” deyib.
Nəsimi Nəbizadə hesab edir ki, peşəsindən asılı olmayaraq hamı seçilmək istəyir və bu, xoş hissdir: “Mən seçilən biriyəm ya yox, bunu bilmərəm. Bu haqda ətrafımda olan insanlar deyə bilər. Necə olduğumu qohumlar, dostlar, iş yoldaşlarım, qonşularım məndən daha yaxşı bilir”.
Nəsimi Nəbizadə uşaqlıq illərini belə xatırlayır: “Çoxlu alma yeyirdim. Bütün uşaqlar kimi küçədə oynayırdım. Məktəbə gedib-gəlirdim. Məni nənəm saxlayıb. Böyük nəvə idim. Uşaqlığım Gəncədə keçib. Nənəm ömrü boyu çalışıb. İndi bilmirəm kiminsə yadında qalır ya yox, o zamanlar pambıqtəmizləmə məntəqələri var idi. Orada çiyid arıtlayıb, təpəciklər kimi yığırdılar. Çox dəcəl uşaq idim. İşim nənəmin işlədiyi o məntəqədə yığılan təpəciklərin üstündən sürüşmək, onları dağıtmaq idi. Bir dəfə məntəqənin rəhbəri gəldi, bir az hirsli səslə danışmağa başladı. Soruşdu ki, bu çiyidləri kim dağıdır. Qabağa çıxdım. Ona əl uzatdım. Dedim, əvvəlcə gəl görüşək, tanış olaq, sonra bu qadınlara qışqır. Hamı güldü. O məsələ belə həll olundu. Dəcəl olsam da, çox döyməyiblər məni. Çünki dərslərimi yaxşı oxumuşam”.
Nəsimi Nəbizadə uşaqlıqda yaxşı rəsm çəkməyi bacarsa da, sonradan bundan imtina edib: “Məşhur cizgi filminin, “Bir dayan”ın qəhrəmanı olan dovşanın şəklini bir dəqiqəyə çəkirdim. Əvvəl şəkil çəkirdim, sonra başladım siqaret çəkməyə. Amma dərd çəkmirdim. Dərdi çəkmək lazım deyil. Onu özünüzdən həmişə uzaq tutun. Bunu sizə də məsləhət görürəm”.
Nəsimi Nəbizadə televiziyada təsadüfü adam olduğunu deyir: “Səhv eləmirəmsə, 1996-cı il idi. Dövlət Televiziyasında anons verdilər ki, diktorluq müsabiqəsi keçirilir. Dayım məni o müsabiqəyə demək olar ki, sürüyüb apardı. Müsabiqə Teleteatrda keçirilirdi. Üç mərhələsi var idi. Dəqiq yadımda deyil, amma azı səkkiz yüz adam vardı orada. Sona səkkiz nəfər qalmalı idi. Müsabiqədə çox yaxşı şeir deyənlər var idi. Bacarıqlı uşaqlar çox idi. Bu mənada mən inanmırdım ki, keçəcəyəm. Çünki mətnləri ən bərbad oxuyan mən idim. Amma bizim bir müəllimimiz vardı - Sabir Axundov. O indi dünyasını dəyişib. O kişi israr elədi mənim qalmağımı. İsrarını anlamırdım. Mən dedim, birinci mərhələdən keçməyəcəyəm, keçdim. Dedim, mütləq ikinci mərhələdən kəsiləcəyəm, ondan da keçdim. Üçə gələndə artıq əmin idim ki, kəsiləcəyəm. Yenə də Sabir müəllimin israrı ilə keçdim. Bayaq dediyim səkkiz nəfərdən biri oldum. Bilmirəm niyə, amma o qədər adamın arasında təkcə Sabir müəllim məni televiziyada gördüyünü deyirdi. Və beləliklə o deyən oldu”.
Nəsimi Nəbizadə işə başlayandan iki ay sonra AzTV-də “Xəbərlər” proqramının aparıcı olur: “Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Ofeliya Sənani, Nailə İslamzadə ilə efirə çıxırdım. Sonra adlarını çəkdiyim diktorlar televiziyada aparılan islahatlar nəticəsində veriliş aparıcısı kimi fəaliyyət göstərdilər. Və “Xəbərlər” bir nəfərlə efirini davam elədi. İndi səhv eləmirəmsə, artıq bütün telekanallarda belədir”.
Dövlət televiziyasından işdən uzaqlaşması ilə bağlı danışmaq istəməyən Nəsimi Nəbizadə deyir ki, ona heç vaxt get deyən olmayıb: “Özüm getdim. Heç kimdən inciməmişəm. Sadəcə getmək istədim, getdim. Əslində oradan gedəndə ümumiyyətlə televiziyadan ayrılmaq istəyirdim. Məqsədim ümumiyyətlə ölkədən çıxıb getmək idi. Rusiyada dostlarım vardı. Mənə özəl sektorda özümü sınamağı təklif eləyirdilər. Mən də qəbul etmişdim. İki il olardı ki, televiziyadan uzaq idim. Bir gün köhnə iş yoldaşlarımdan biri mənə Rafiq Haşımovun sözünü çatdırdı. Rafiq Haşımov demişdi ki, ondan soruşun görün, televiziyadan uzaq qala bilir? Əslində sizə bir söz deyim. Televiziya sözün yaxşı mənasında bataqlıqdır. Ora bir dəfə düşdünsə bitdi. Xilas olmaq olmur. Amma sonra qismət belə gətirdi ki, APA TV yarandı və məni bura çağırdılar. Mən də gəldim”.
Nəsimi Nəbizadə nümunə göstəriləcək qədər məsuliyyətli işçi olmadığını deyib: “Yaxşı karyera qurmaq üçün təkcə məsuliyyətli olmaq kifayət deyil. Həm də yaxşı adam olmalısan. Yaxşı adam olanda qalanı öz-özünə alınır. Yəni yaxşı insandan məsuliyyətli işçi də düzəltmək olar”.
Aparıcı ona müəllim deyilməsini xoşlamır: “Müəllim çox böyük addır. Bizim yaxşı müraciət formalarımız var. Deyəcəyəm bəlkə də güləcəksiniz. Mənə müəllimdən də çox, hərdən küçədə dayı deyə müraciət ediləndə ağır gəlir. Onda yaşımı hiss eləyirəm. Ona görə düşünürəm ki, dayıdansa müəllim demələri yaxşıdır”.
Hələ ailə qurmasa da özünü tənha hiss eləmədiyini söyləyən Nəsimi Nəbizadə bildirib ki, hələlik həyatında dostlar, qohumlar, iş yoldaşları ona kifayət edir: “Mən tənha deyiləm, sadəcə bəzən darıxıram. Amma uzun çəkmir bu darıxmalar. Heç bir gün də çəkmir. Bir neçə saat çəkir. İnsan darıxanda ona sutkada iyirmi dörd saat da kifayət eləmir. Səbəbsiz darıxmaq olmur. Yaxşı xatirələr var. Onları yad eləyirsən, keçir gedir”.
Nəsimi Nəbizadə həyatında çox az-az kəskin qərarlar verib: “Özümü o cür çətinliyə salmıram heç vaxt. Sərt qərarlar verməyə məcbur qalmaq istəmirəm. Bütün çətinliklərdən insanı zaman çıxarır. Bəzən “zamanla hər şey düzələcək” sözü qıcıq yaratsa da, sonra görürsən ki, elə doğrusu da budur”.
Aparıcı ömründə yalnız bir dəfə qadın üçün ağladığını deyib: “Ömründə bir dəfə qadın üçün ağlamışam. Anam üçün. Onsuz çox çətindir. Onunla çox şey getdi. Onu əvəz eləyəcək kimsə yoxdur. Ananın yeri tam başqadır. O hər şeydən ayrı, fərqlidir. Ana atadan da o tərəfədir. Ana çox böyük varlıqdır. Həmişə dostlarıma deyirəm ki, ananızın qədrini bilin. Oğulun birinci dostu anadır. Heç kim anam kimi olmayacaq. Mən də valideyn olmaq istəyirəm. Bu istəyinə mütləq nail olacağam. Heç nəyə görə ağlayan adam deyiləm. Möhkəm görünürəmsə, deməli möhkəm adamam. Məni çox mülayim bilməyin. Sadəcə saxtakar deyiləm. Ürəyimdən keçəni gətirirəm dilimə. Keçməyəni heç zaman demərəm”.
Nəsimi Nəbizadə hesab edir ki, qadının ən böyük qüsuru yalandır: “Yalançıları çox görmüşəm. Qadın hirsli, gərgin, yorğun, deyingən ola bilər. Amma yalançı olmaq olmaz. Hər şey yalandan başlayır. Ümumiyyətlə mən anlamıram, adam sevdiyi insana necə yalan danışa bilər. Özü də mən xırda yalanları nəzərdə tutmuram, söhbət böyük yalandan gedir. Özümə gəlincə, mən çoxlu xırda yalanlar danışmışam. Amma danışdıqlarım arasında bağışlanmayan, böyük yalanlar yoxdur. Qadın yalançı olmamalıdır, bəs bir kişi necə olmalıdır? Bax, bu, ağır sualdır. 60-70 yaşım yoxdur ki, uzun həyat təcrübəm olsun, durum deyim ki, kişi belə olur. Amma bir şeyi bilirəm ki, kişi təəssübkeş, prinsipial olmalıdır. Kişi satqın olmamalıdır. “Böyük dayaq” filmində Rüstəm kişi, “Ana Kür”də Cahandar ağa, sonra Babək obrazı. Bunlar hamısı Azərbaycan kişisinin simasıdır. Məncə qadınlar bu obrazlardakı kişi xarakterlərini sevirlərsə, müasir kişiləri də qəbul etməlidirlər. Çünki xarakter olaraq hamımız onlarıq”.
Qonağın fikrincə, qadının işləməyi kişiyə köməkdir: “Qapalı qadın anlayışını qəbul etmirəm və başa da düşmürəm. Məncə, qadının öz pulu olmalıdır. Niyə gəlib məndən hər gün pul istəsin ki? Yeri gələndə lazım olan şeyi özünə eləyə, ala bilsin. Qadın evdən çıxmalıdır. Adam görməlidir, ünsiyyətdə olmalıdır ki, dünyagörüşlü olsun. Ümumiyyət qadın xanımdır. Məncə xanımı xanım kimi saxlayarlar”.
Bütün bunlara rəğmən Nəsimi Nəbizadə arxasında hələ güclü bir qadın olduğunu hiss etməyib: “Əgər qadın yaxşı ana, səbirli, təmkinli insandırsa, həyat yoldaşını sevirsə, bu, onun güclü olmasını göstərir. Və məni sevən, mənimlə yaşayacaq xanım mütləq futbolu da sevməlidir. Bu dəyişməyən şərtlərimdən biridir. Özü də “Fənərbaxça”lı olmalıdır”.
Boş vaxtı az olan Nəsimi Nəbizadə asudə vaxtını evdə keçirir: “Ən zəif tərəfim ürəyiyumşaqlığımdır. Bu, adama yaşamağa mane olur. Mənim bəzən yazıq olmayan adama yazığım gəlir. Mənə ən çox qadınlardan sual verirsiniz. Amma hələ ailə qurmadığıma görə qadınlar haqda danışmaq səlahiyyətim yoxdur. Həyatı məsələlər, evlilik, həyatda gözlənilən zərbələr kimi mövzularda danışmaqdan çəkinirəm. Bu haqda danışmaq hələ tezdir. Siz məndən həyatın izahını istəyirsiniz. Məncə onu görmək üçün həyata baxmaq yetər. Həyat onu tərifləyən müğənni ilə onu lənətləyən bomj arasındakı qədər maraqlıdır, gözəldir. Həyat budur. Əslində həyatın bir nizamnaməsi, təsdiqlənmiş qaydaları yoxdur. Və həyat çox qəlizdir. Mən qırx yaşa qədər həyatdan baş çıxara bilmişəm. Bundan sonra baş çıxaracağam ya yox, bilmirəm”.
Nəsimi Nəbizadə çoxlu mütaliə etmək tərəfdarıdır: “Oxuduğum müəllifləri xüsusiyyətlərinə görə ayırmaq olar. Məsələn Murad Köhnəqalanın ciddi yazıları olmasına baxmayaraq, həm də yüksək yumor hissi var. Ümumiyyətlə oxuyub anlamaq, dərk eləmək lazımdır onları. Kitablarını oxuduğum bir çox azərbaycanlı yazarların əksəriyyəti dostumdur. Birinin adını deyəndə, o biri yadımdan çıxır, inciyərlər məndən. Bir neçə adı qeyd eləyəcəyəm. Şərif, Salam ruh adamıdır. Etimad, Xanəmir dastandan gəlsələr də, maraqlı müəllifdirlər. Gənclər arasında da oxuduğum müəlliflər var. Adlarını çəkmək zaman alacaq. Yəqin məndən inciməzlər”.
Hərdən maraqlı yazılarla mətbuatda çıxış edən teleaparıcı hesab edir ki, o sadəcə cızmaqaralar edib: “Salam Sarvan həmişə deyir ki, Azərbaycanda istedadı olub yazmayan iki adam tanıyır. Hesab edir ki, biri rəhmətlik Elçin Səlcuq idi. Niyə bilmirəm, amma ikinci adam kimi mənim adımı çəkirdi. Yəqin nə isə duyub məndə. Mən yazmamışam, arada xırda cızmaqaralarım olub. Sevdiyim xanıma sevirəm sözünü güclə deyə bilirəm, o ki, qala ona şeir yazam. Niyə şer yazım ki? Mən özüm sevdiyim qadın üçün şeirəm”.