İranın Gülüzarü-Şüvədağ məzarlığı, ailə faciəsi və 50 illik sevgi...

Əli kişinin səksən yaşı var. Südabə xanım ondan yeddi yaş kiçikdir. Xalaoğlu xalaqızıdırlar. Dörd övladları, 10-dan çox nəvə-nəticələri var.

“Uşaqlığım Şüvəlanda keçib, qardaşımın yanında. Atam gəmiçi idi, anam evdar qadın. Atamın öz gəmiləri olub vaxtı ikən. Ona baxıb məndə bir həvəs yaranmışdı. Böyük arzum idi ki, dənizçi olum. Atamın işinə, sənətinə həsəd aparırdım. Bu minvalla 1957-ci ildə atam və qardaşımın icazəsi ilə dənizdə işləməyə başladım. Sonra gördüm ki, dəniz, dənizçi peşəsi haqda daha çox şey bilmək istəyirəm. Ona görə 1958-ci ildə Bakıda dənizçilik məktəbinə verdim sənədlərimi. Qəbul oldum. 1962-ci ildə məktəbi bitirib “Kaspar”a işə düzəldim” deyir Əli kişi. O, 1962-63-cü illəri “Kaspar”da çalışıb. 1964-cü ildə anasını itirib. Atası da artıq yaşlandığından qardaşlarının məsləhəti ilə kəndə, Türkana dönməli olub:

“Böyük qardaşlarım evli idilər. Biri Şüvəlanda, o biri Bakıda yaşayırdı. Mən subay idim. Elə ona görə də Türkana qayıtmalı oldum. Xalam da kənddə anam əvəzi idi. Nə yedik, nə içdik, əyin başımız, demək olar ki, hamısına o baxırdı. Südabə xanım elə həmin o xalamın ortancıl qızı idi. Mən də kəndə dönəndən sonra onlara tez-tez gedib gəlirdim. Orada diqqətimi çəkmişdi”.

Kənddə qalsa da, dənizçi kimi işini də davam etdirib. Pirallahıda işləyib. İstirahət günlərində həyətyanı sahədə də əkin-biçinlə məşğul olub atası ilə. Deyir ki, o vaxt bekar oturan kişiyə pis baxardı camaat. Ağır işləri qadınlar görməzdi. Əli kişi danışdıqca düşünürdüm ki, yəqin bu da o illərdən qalma xarakterdir. Səksən yaşlı bu kişi xanımı ilə münasibətlərinin necə qurulmasından danışanda əməllicə sıxılırdı. Elə bil o illərə qayıdırdı. Gah gülür, gah da "məni çətinə salma" deyirdi. Mən də düşünürdüm ki, asan nə var ki....

“Əlinin mənə münasibətini biləndə 9-10-cu siniflərdə oxuyurdum. O vaxt olsaydı, açıq deməzdim. Amma indi deyirəm ki, çox ürəyimcə olmuşdu. Çünki təhsili, işi və ən vacibi gözəl xarici görkəmi vardı. Elə indi də elədir. Hamı istəyərdi ki, onun kimi nişanlı, həyat yoldaşı qazansın”. Südabə xanım əlli illik ailə həyatının başlanğıcını belə qiymətləndirir.

Onun sözlərinə görə, çox yaxşı günlər keçiblər. Bunu əsas səbəbi aralarındakı böyük sevgi və qarşılıqlı anlaşma olub.

Həyat dediyimiz başımızı o qədər rənglərlə qarışdırır ki, onu rəngarəng bilirik. Amma biz insanlar onun qara rəngini görəndə ayılırıq və anlayırıq ki, həyatın cəmi iki rəngi var: ağ-qara... Düz 1996-cı ilə gözəl rahat yaşayan bu ailənin başına gələn faciə də onlara həyatın daha çox iki rəngdən ibarət olmasını xatırladır.

Ailələrinin kiçiyi olub Niyaz. Dini biliklərə marağı olub. Bakıda ərəb və fars dilini öyrənib. Sonra təhsilini davam etdirmək üçün İrana getmək arzusunda olduğunu deyib. Əli kişi deyir ki, hamıdan xəbərsiz oğluna sənədlər hazırlayıb. Niyazın yola düşməsinə iki gün qalmış məsələ haqda ailənin digər üzvlərinə məlumat verilib. Anası əvvəlcə razılaşmasa da, sonra oğluna xeyir-dua verib. Ancaq səfərdən bir gün öncə Nİyaz çox pis yuxu gördüyünü və anasına İrana getmək istəmədiyini deyib. Anası hamının bu səfərdən xəbəri olduğunu, artıq geri çəkilməyin düzgün olmadığını söyləyib. Beləliklə Niyaz dini təhsilini davam etdirmək üçün İran İslam Respublikasının Qum şəhərinə yola düşüb. Əli kişi deyir ki, xanımı çox narahat idi Niyazın gördüyü yuxuya görə. “Sizi bilmirəm biz köhnə adamlarıq. İnanclarımız var. Heç mənə də söyləmədən qonşuluqda bir dindara Quran açdırıb anası. Kişi də deyib ki, Quranı açan kimi Gülüzar adı ilə qarşılaşıb. Öz yanımızdan yozduq ki, bu yəqin İranda ailə quracaq. Bəlkə də o qızın adı Gülüzar olacaq”.

Beləcə bu hadisənin üstündən bir il səkkiz ay keçir. Və günlərin birində İrandan zəng gəlir. Əli kişiyə bildirirlər ki, oğlunun səhhəti pisdir, təcili İrana gəl. “Təcili sənədlərimi yığıb getdim. Ora axşam çatmışdım deyə mənə heç nə demədilər. Səhər qalxdım ki, oğlumu görmək üçün gedim. Gördüm müəllimlərin üzündə qəribə ifadə var. Mənə təskinlik verib bildirdilər ki, oğlun artıq həyatda yoxdur. Onu cənazəsi hazır idi. Müəllimləri dedilər ki, Bakıya aparılması üçün hər cür yardım edəcəklər. Amma mən bilirdim ki, onun istəyi müqəddəs torpaqlardan birində dəfn olunmaq idi. Qumda böyük ziyarətgahlar çoxdur. Müəllimlərə bildirdim ki, onu burada dəfn etmək istəyirəm. Amma bilmirəm harada. Onlar mənə dedilər ki, Gülüzarü Çüvədağ deyilən bir məzarlıq var, orda dəfn eləmək olar. Mənim yadıma o Quran açan kişinin sözü düşdü, o bizə Gülüzar adını demişdi. Mən bu adda bir gəlin gözləyirdim, sən demə məzarlıq adı imiş”.

Oğlunu dəfn edib Azərbaycana dönən Əli kişi bu xəbəri ailə üzvlərinə çox böyük çətinliklə verir.

“Düz altı ay hər günümüz ağlaşma ilə keçdi. Yoldaşıma mənimlə İrana getməyə icazə verməmişdim. O üzdən hamıdan çox o sərt idi mənə qarşı. Sonra onu ziyarətlərə göndərməyə başladım. İndi ildə dörd-beş dəfə gedir İrana, oğlunun məzarını ziyarət edib qayıdır. Xeyli sakitləşib və taleyi ilə barışıb”.

Bu cütlüyün qəribə münasibətləri var, bir-birindən xəbərsiz heç yana getməzlər. Hətta kiməsə verəcəkləri hədiyyəni belə birlikdə müəyyənləşdirər. Və bir də bu günümüzün ən aktual problemi olan bir kişinin bir qadına diqqəti məsələsi. Səksən yaşlı bu kişi hətta bu yaşda belə qadınına diqqətlidir. Hər şeydə onun halallığı olmalıdır deyir Əli kişi. Və bildirir ki, bir qadın bir kişinin tək bir övladının belə anası olubsa, deməli, o kişi o qadına bir ömür borcludur...

Müəllif | Apa.Tv