Vüqar Hüseynov: ””APA Holding”in onurğa sütunu həmişə APA informasiya agentliyi olub"
“O günləri mən tez-tez xatırlayıram, təəssüf ki, Dilarə Əliyeva küçəsində yerləşən həmin ofis indi yoxdur. O evlər sökülüb. İlk ofisimiz cəmi iki otaq və zaldan ibarət idi. Özümüz üçün də qeyri-adi bir iş idi, hamımız qəzetdən gəlmişdik. Tanınmış, adı reklam olunan informasiya agentlikləri vardı, amma bu formatda informasiya agentliyi mövcud deyildi”. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, APA TV-nin baş direktoru Vüqar Hüseynov deyib.
APA İnformasiya Agentliyinin 10 illik yubileyinə həsr olunmuş proqramda çıxış edən Vüqar Hüseynov agentliyin uğurlarının səbəblərini belə açıqlayıb: “Uğurlardan biri bu addımın vaxtında atılması olub, bazardakı tələbatı dərhal dəyərləndirilib. İlk ofisimiz arzularımızın doğduğu bir ofis idi, təzə başlayanda heç saytımız belə yox idi. Ən maraqlı proses səhər gələn kimi qəzetlər vərəqləmək idi ki, görəsən hansı qəzet, bizim xəbərləri verib. Yadımdadır, bizim ilk xəbərimizi "Şərq" və "Ekspress" qəzetləri vermişdi. İlk xəbərimiz isə Biləsuvarda canavar kəndə hücum edib xəbəri idi. Bunu manşetdən yaymışdılar”.
Vüqar Hüseynov APA-nın Azərbaycanın informasiya məkanına yeni xəbər üslubu gətirdiyini deyib: “Bu, tam şəkildə redaktə olunmuş, qarşı tərəfin mövqeyinin işıqlandırıldığı bir xəbər üslubu idi. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edə biləcək, oxucular üçün maraq doğura biləcək, oxuculardan öncə qəzetdə çalışan həmkarlarımız üçün maraq doğura biləcək xəbərləri bir bülleten şəklində hazırlayıb verirdik və ən əsası bizim yaydığımız xəbərlərdə redaktəyə ehtiyac olmurdu. Burada hər şey düşünülmüşdü, sırf qəzet stilində xəbər hazırlayırdıq. O zaman saytlar geniş yayılmamışdı, internet media da inkişaf etməmişdi, xəbəri götürüb özününküləşdirmək kimi bir ağır proses vardı. APA fəaliyyətə başladığı ilk dövrdə bu ağırlığı qəzetlərin üzərindən götürdü və qəzetləri bu yükdən azad etdi. Təbii ki, hazır xəbərdən kim imtina edər prinsipi vardı, ona görə də qəzetlər üçün də vaz keçilməz olduq. Xəbər maksimum qısa və məzmunlu olmalı idi. Maraq doğuran xəbər olsa da, qarşı tərəfdən mövqe almayana qədər biz onu yaymırdıq. Bəzən bu proses bir-iki gün çəkə bilirdi, istənilən halda biz o prinsipdən dönmürdük. APA informasiya agentliyinin 10 illik uğurlarından biri odur ki, APA heç vaxt təkzib verməyib. Bir KİV üçün bu, böyük uğurdur. Bu uğurun da səbəbi odur ki, bir prinsipə ardıcıl şəkildə riayət edəndə əvvəl axır o iş uğur qazanır. Tam səmimi deyirəm, orada o zaman çalışanlar, mən, digərləri heç birimiz bu günü görə bilmirdik. Əslində bir işin uğuru gələcəyi nə dərəcədə görməkdən asılıdır. Amma, təbii ki ilk ofisdə çalışdığımız o günlərdə keçəcəyimiz on ili görə bilməzdik. 2004- cü ilin noyabrında düşünə bilməzdik ki, APA-nın bətnindən doğan bir televiziyamız olacaq o televiziyada mən oturub sizinlə xatirələrimi bölüşəcəyəm”.
Vüqar Hüseynov artıq APA-nın fəaliyyətinin elmi işlər üçün mövzu olduğunu deyib: “Vüsalə xanımın bir sözü var - uğurun nəticələrindən biri də odur ki, kimlərəsə artıq universitetlərdə APA haqqında diplom işi yazmaq istəyirlər. Agentlik haqqında kurs işi, diplom işi yazılıb. Düzdür, kənardan hər kəs baxıb yaza bilər, amma APA-nın necə yarandığını ilk gündən bu işin içində olan 7-8 nəfər deyə, yaza bilər. Maraqlı bir məqam da var, Dilarə Əliyeva küçəsində yerləşən ilk ofisimizdə işə başladığımız kiçik kollektivin üzvlərindən 80 faizi bu gün də APA Holdinqdə işləyir. 10 ildir bu yolu bir yerdə gəlirik, bunun özü çox böyük uğurdur. Əgər bir kütləvi informasiya vasitəsinin yubileylik tarixi vardırsa, ona hörmətlə yanaşmaq lazımdı. 10-15 il yol keçən KİV bu gün hansı nöqtədə olmağından asılı olmayaraq, bir məktəbdir. Mən çox sevinirəm ki, biz də bir məktəb yarada bilmişik. Həmişə üzərimizə düşən məsuliyyəti dərk etmişik, Azərbaycan media bazarında bizim üçün müəyyənləşmiş yerin də məsuliyyətini hər zaman anlamışıq. Həmişə mehriban mühitdə çalışmışıq, iş təbii ki önəmli olub, amma biz bürokrat olmamışıq. Kollektiv üzvləri arasında həmişə böyük yoldaşlıq olub. Ömrümüzün böyük bir hissəsi burada keçib, bir-birimizin uğurlarına sevinmişik. Keçdiyimiz yol əlbəttə ki rəvan yol olmayıb. APA bizim üçün hər şeyin əsasını qoyan rüşeymdir. Holdinqdə 8-ə yaxın struktur fəaliyyət göstərir, bunların hamısı APA-nın rüşeymindən yaranıb”.
Vüqar Hüseynov APA-nın uğurunda əsas rol oynayan məqamlardan birinin bölgələrdən sistemli, ardıcıl xəbər yaymaq olduğunu deyib: “Bizim əsas uğurlarımızdan biri bölgələrdə fəaliyyətimizi qurmaq idi. Təbii ki bölgələrdə büroların qurulması prosesi çox asan getmədi. Bu, həm də bölgələrdə ixtisaslı kadrların olmaması ilə bağlı idi. Bölgələrdən gələn xəbərin tam başqa ab-havası vardı, biz əslində Bakı mediası anlayışını dağıdırdıq, o çərçivədən kənara çıxdıq. İlkin mərhələdə fəaliyyət dairəmiz bütün Azərbaycanı əhatə etdi və növbəti hədəf kimi Azərbaycandan kənara çıxmağa başladıq. Gürcüstanda işimiz gücləndirdik. Qapalı bölgə olmasına baxmayaraq, oradakı hadisələri anında işıqlandırırdıq. Türkiyədə büro qurduq, çox uğurlu kadrımız var orada – Mayis Əlizadə. Bu günə qədər də bizimlədir. Rumıniyada büromuz fəaliyyət göstərib. Moskvada müxbirlərimiz olub, indi də var. AŞPA-nın işini silsilə şəkildə işıqlandıran bir nömrəli qurum APA informasiya agentliyi olub. Bu gün MDB məkanında yalnız iki media qurumunun Avropa Şurasında rəsmi ofisi fəaliyyət göstərir, bunlardan biri APA-dır. Zaur Həsənov ABŞ-da üç il APA informasiya agentliyinin əməkdaşı olub, bizim ABŞ-a açılan pəncərəmiz olub. Mərkəzi Asiyada büromuz olub. Bunun ardınca növbəti mərhələ başlayıb. Biz artıq xarici dövlətlərlə əlaqə qurmağa Bakıdan başlamışıq. Müsahibələrin, açıqlamaların alınması və s. Təbii ki ağır işdir, amma bacarmışıq. Nəzəri olaraq hər kəs deyə bilər ki, bu işlərin görmək mümkündür, amma APA bütün bu işləri praktikada, reallıqda gerçəkləşdirib”.
Vüqar Hüseynov APA-nı özü üçün çox doğma qurum adlandırıb: “Pafoslu səslənsə də, mən gerçəkdən özümü APA-dan ayrı təsəvvür edə bilmirəm. APA TV-də də heç vaxt tərəf olmadım, əksinə APA ilə APA TV-ni doğmalaşdırdım. 10 il çox ağır rəqəmdir, geriyə baxanda çox həmkarlarımız işləyib APA-da. Amma APA-nın bu günlərə gəlib çatmasında müstəsna xidməti olan insanlar var. Və onlardan biri, bəlkə də birincisi Nurşən Quliyevdir. Şahin Cəfərlini, Cavid Cabbaroğlunun, Məhbubə Qasımbəylinin adını çəkmək istərdim. Fərdiləşdirmək istəmirəm, çox adamın adını çəkə bilərəm. Azərbaycan mediasında bir zamanlar APA-da işləmiş yüzlərlə insan var, hamısının da əziyyəti var".
Vüqar Hüseynov APA-dakı xəbər ruhunun artıq APA TV-yə inteqrasiya olunduğunu deyib: “APA-dakı xəbər ruhunu televiziya gətirmək əsas məsələ idi. Televiziyanın ən böyük uğuru yeni xəbər anlayışı formalaşdırmaq , görüntülü xəbərə olan tələbatı təmin etmək idi. Seçimin mənim üzərində dayanmasının səbəblərindən biri də onunla bağlı idi ki, biz xəbərin içərisində bişmiş adamlardanıq. Bu gün bizim yüz minlərlə baxışı olan xəbərlərimiz olur, biz işimizi APA informasiya agentliyi ilə koordinasiya edə bilirik. Faktiki olaraq iki kollektivi birləşdirməyi bacarmışıq. Bununla həm işin məsuliyyətini, həm yükü bölmüş oluruq, həm də uğur payımızı bölmüş oluruq. Biz bu günlərə APA informasiya agentliyinin qara fəhləliliyini edə-edə gətirib bura çıxarmışıq.
Bizim uğurlarımızın daha bir səbəbi var. APA informasiya agentliyi informasiya texnologiyaları əsrinin üstünlüklərindən həmişə yararlanıb və rəqiblərini bir addım qabaqlayıb. Biz informasiya texnologiyalarından həmişə başqalarından tez istifadə etmişik, yararlanmışıq. Uğurumuzun səbəblərindən biri də odur ki biz həm də rəqabətdə fəaliyyət göstərmişik. Doğurdan da rəqabət inkişafa aparır, rəqabət olmayanda inkişaf olmur”.
APA-nı Azərbaycanda medianın, xüsusilə internet medianın inkişafında əvəzsiz rol oynadığını deyən Vüqar Hüseynov APA TV-nin 10 illik yubileylə bağlı görəcəyi işlər barədə də danışıb: “APA TV yubileylə əlaqədar 10 dəqiqəlik film hazırlayıb. İnformasiya Texnologiyaları departamentinin gətirdiyi yeniliklərlə bağlı 4 dəqiqəlik filmimiz də hazırdır. Həftə sonu APA TV-nın səhər proqramı bütünlüklə APA informasiya agentliyinə həsr olunacaq. Təbii ki, başqa sürprizlər də ola bilər”.