Çörək necə hazırlanır

Araşdırmalara görə dənli bitkilər yer üzündə 15 min il əvvəl istifadə olunmağa başlayıb. Ehtimal olunur ki, qədim insanlar qida axtararkən maraqlarını dənli bitkilər cəlb edib. Onlar müşahidə ediblər ki, bitkilər kimsəsiz sahələrdə öz- özünə cücərir. Və beləcə əkinçilik yaranmağa başlayıb. Lakin o zamanlar əldə edilən məhsul xammal halında istifadə olunub. Zaman keçdikcə bu bitkilər daş arasında üyüdülərək un, daha sonra çörək əldə edildi. Və beləcə çörək demək olar bütün dünyada ən zəruri qida növünə çevrildi. O dövrdə becərilən bitkilər bugünkü buğda, çovdar, yulaf və arpanın əcdadları hesab olunur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tapılan daşlaşmış buğda növləri eramızdan əvvəl 6 - 7-ci minilliyə aid edilir.

Hazırda Azərbaycanda müxtəlif növ çörəklər bişirilir. 2014-cü il oktyabrın 1-nə olan məlumata əsasən dənli və dənli paxlalı bitkilərin (qarğıdalı istisna olmaqla) əkin sahəsinin 99,1 faizi, yaxud 954,7 min hektarı biçilib döyülmüş və həmin sahələrdən ilkin çəkidə 2178,7 min ton (keçən il 2752,1 min ton) taxıl yığılıb. Hər hektardan orta hesabla 22,8 sentner məhsul götürülüb.

Bəs bu məhsulun çörəyə çevrilməsi üçün nələr edilir.

İlk çörək bişirilmə tarixi Qədim Misir, Qədim Yunanıstan və Roma İmperatorluğunun adı ilə bağlıdır. Sonralar fərdi təndirləri zaman keçdikcə xırda müəssisələr, daha sonralar isə böyük zavodlar əvəz etdi.

Bu zavodda 50 növ çörək və digər un məmulatının istehsal imkanı var. Burda gündə 168 ton məhsul istehsal edilir. Özü də bu istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Hazırda zavodda dörd çörək istehsal xətti və həmçinin xırda un məhsulları istehsal xətti mövcuddur. Bu çörək zavodunda 1 saatda 7000 baton, 5000 yumru, 3500 kərpic çörək və 3500 ədəd xırda un məmulatı istehsal oluna bilər.
Zavoda girəndə bilirdim ki, bizi əməlli başlı, necə deyərlər gərgin iş prosesi gözləyir. Bütün işçilər kimi mən də gigiyenik qaydalara əməl edərək baxil və xalat geyindim.

Nəhayət mütəxəssislərlə birgə çörək bişirilən bölməyə keçirik. Bura üç hissədən, yəni üç klimat otaqlardan ibarətdir. Hər otağın təbii ki, işin ardıcıllığına hesablanmış temperaturu var. Çəkiliş qrupumuzla birgə lap əvvəldən, yəni unun çənə boşaldılmasından başlayaraq bütün prosesləri öz gözlərimizlə görmək üçün birinci otağa yollanırıq.

Zavodda hər birinin tutumu 40 ton olan 7 un bunkeri yerləşir.

Tərkibi və keyfiyyəti laboratoriyada dəqiq yoxlanıldıqdan sonra un bunkerlərə doldurulur. Xəmirin yoğrulması üçün istifadə olunacaq su isə filtr sistemindən keçirilir. İstehsal üçün lazım olan digər tərkib elementləri 350 ton tutumlu soyuducularda saxlanılır.
Un ələkdən keçəndən sonra xəmir hazırlanması üçün bax bu gördüyünüz çənə boşaldılır.

Bu çəni görəndə ilk ağlımdan keçən nənələrimiz oldu. Böyük bir külfətin qayğısına qalan nənələrimiz hələ üstəlik necə əziyyətlə xəmir yoğururdular, bax bu çətin işdir.

Və beləcə çəndəki mikserlərin köməyi ilə yoğrulma prosesi başlayır. Xəmirin yoğrulması zamanı isti, soyuq və ya ilıq sudan istifadə olunur. Proses düz 11 dəqiqə davam edir. Xəmir çənləri xüsusi “çip”lə təchiz olunub və bu əməliyyatlara daha rahat nəzarət etmə imkanı yaradır. 6 dəqiqə intervalı ilə 1 saata 10 xəmir çəni hazır olur.

Nəhayət xəmir 1 saat qıcqırdıqdan sonra bölüm mərhələsinə göndərilir.
Xəmir çənlərdən xüsusi yuvarlaqlaşdırma və formalaşdırma xətləri olan avadanlığa keçir. Bütün proseslər insan təması olmadan həyata keçirilir. Yuvarlaqlaşdırma xəttində xəmir kündələrə ayrılır. Formalaşdırma mövcud olan dörd istehsal xəttində çörək növünə uyğun olaraq tənzimlənir.
Yəqin ki alıcıları maraqlandıran suallardan biri də çörəyin çəkisi ilə bağlıdır. Bax bu gördüyünüz tərəzi, necə deyərlər üzərinə düşən işin öhdəsindən çox dəqiqliklə gəlir.

Kündələrə bölünmüş xəmir acıtma mərhələsinə göndərilir. Çörəyin növündən asılı olaraq acıtma bölməsində daxili iqlim mühiti: temperatur, rütubətlilik və vaxt göstəriciləri reseptura uyğun avtomatik müəyyən edilir. Hər çörək növü üçün bu göstəricilər fərqlidir.
Formaya salınmış və acımış kündələr sobaya göndərilir. Amma göndərilməmişdən əvvəl aparatdan gələn kündələrə, necə deyərlər azacıq əl gəzdirirlər. Bu işdə mən də iştirak etdim. Düzdü, bir az yorucu olsa da mənə maraqlı gəldi.

Zavodda müxtəlif növ pəhriz çörəkləri, ayrıca məktəblilər üçün kökələr də hazırlanır. Özümü bu işdə də sınadım.
Deyəsən bacardım. Məndə də bu iş pis alınmadı. Ümid edirəm ki, kökələr dadlı olacaq.

Çörəyin müxtəlif ölkələrdə bir çox növləri hazırlanır. Üstəlik İsveçrə, Almaniya, Fransa, və digər ölkələrdə maraqlı çörək nümunələrinin sərgiləndiyi çörək muzeyləri fəaliyyət göstərir. Azərbaycan da vaxtilə çörək muzeyinə malik ölkələr sırasında idi. Ölkəmizin yeganə çörək muzeyi Ağdamda yerləşirdi.

Ağdam “Çörək muzeyi” köhnə dəyirmanın restavrasiyasından sonra 1983-cü ilin axırlarında istifadəyə verilmişdi. Bu keçmiş SSRİ məkanında birinci rəsmi status almış Çörək muzeyi sayılırdı. Muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki “Çalağan təpə”də arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da var idi. Keçmiş SSRİ-nin paytaxt şəhərlərində bişirilən 300-dən artıq çörək nümunəsi məhz bu muzeydə sərgilənirdi.

Hə, kündələrin acıtması bitdi. Və nəhayət hazır kündələr bişirilməyə göndərilir. Sobanın eni 4, uzunluğu 40 metrdir. Soba boyu iki nəzarət-idarə etmə mərkəzi yerləşir. Sobada da mövcud olan üç göstərici: buxar, temperatur və zaman nəzarət altında saxlanılır. Çörəyin bişmə prosesini soba üzrə yerləşən xüsusi pəncərələrdən izləmək mümkündür.

Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Bax bu yerdə çörəyin ətrini yaxından duymaq gərəkdir. Amma əl vurmaq təhlükəlidir.
İsti çörəklər soyutma sistemi vasitəsi ilə soyudulur. Bundan sonra polietilen paketlərə yığılır, möhürlənir və möhür lenti üzərində istehsal tarixi əks olunur. Qablaşdırılmış məhsullar qutulara yığılaraq dağıtım mərkəzinə ötürülür. İstifadə olunmuş qutular avtomatik yuyulub qurudularaq, yenidən istehsal xəttində istifadə olunur.

Artıq dağıtıma hazırlanmış məhsullar ərazilər üzrə bölünərək, müəyyən edilmiş vaxt çərçivələrində dağıtım nöqtələrinə çatdırılır. Dağıtım prosesi gün ərzində üç dəfə həyata keçirilir.
 

Müəllif | Apa.Tv