Oqtay Məmmədov: "Məişət tullantıları enerji, xammal, hətta qazanc mənbəyidir".
“Biz həmrəy olmalıyıq. Birgə fəaliyyət göstərməliyik. Çünki yalnız bir cəmiyyət və ya qurum tullantıların düzgün idarə edilməsini təşkil edə bilməz. Burada ictimaiyyətin dəstəyi, rolu mühüm əhəmiyyətə malikdir". Bu fikirləri “Təmiz şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov APA TV-nin “Səhər zəngi” verilişində səsləndirib. O deyib:"Sizə təşəkkür edirik ki, KİV olaraq bizə bu işdə yardım edirsiniz. Hər zaman maarifləndirmə, təbliğat kampaniyalarına önəm veririk. “Təmiz şəhər” ASC 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təsis edilib. Məqsəd Bakı şəhərində tullantıların idarə edilməsini təkmilləşdirmək idi. Bu sərəncamdan irəli gələrək, Bakı şəhərində tullatıların toplanması və daşınması işlərini Bakı Şəhər İcra hakimiyyəti həyata keçirir. Toplanmış tullatılar “Təmiz şəhər” ASC-ə təhvil verilir. Tərəfimizdən düzgün şəkildə utilizasiya, yerləşdirilmə və zərərsizləşdirilmə işləri həyata keçirilir. 5-6 il öncə tullantıların yandırılması nəticəsində əmələ gələn qoxu şəhər sakinlərini ciddi şəkildə narahat edirdi. Xüsusilə indiki Heydər Əliyev prospektində bu qoxu və tüstü daha çox idi. Bu gün isə bu məkanda artıq yaşıllıq və parklar salınır”.
Oqtay Məmmədovun dediyinə görə, bu gün Bakı şəhərində Avropa paytaxtları ilə müqayisə edilə biləcək keyfiyyətdə tullantıların zərərləşdirilməsi sistemi mövcuddur: "Layihələrimiz haqqında danışarkən, ilk növbədə, qeyd etmək istəyirəm ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu tam gücü ilə fəaliyyət göstərməkdədir. 2009-cu ildə açılan zavod 500 min ton məişət tullantısı qəbul etmək və yandırmaq gücündədir. Amma bu, yalnız yandırma deyil, həm də elektrik enerjisinin bərpasıdır. Ümumiyyətlə, son dövrlər tullantılar 2 cür dəyərə malikdir – enerji və xammal kimi. Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodu regionda ən böyük alternativ enerji mənbəyidir. İllik 231 milyon kilovatt saat elektrik enejisi əldə edirik ki, bu da 100 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Bu, Azərbaycanın şəhərlərindən biri deməkdir. Yəni təkcə Bakı şəhərindən toplanan tullantıların yarısı ilə biz hansısa şəhəri elektrik enerjisi ilə tam təmin edə bilirik”.
“Təmiz şəhər” ASC - nin mətbuat katibi Vüqar Babayev də görülən işlər barədə ətraflı məlumat verib: “İstəyirik ki, ictimaiyyəti maarifləndirək. Tullantının dəyəri bilinsin. Buna lazımsız tullantı kimi yox, başqa bir məhsula çevrilə biləcək bir material kimi baxılsın. Layihələrimiz haqda onu deyə bilərəm ki, artıq 3 ildir “Tullantıdan sərgiyə” adlı sərgi keçiririk. Bu beynəlxalq sərgidə göstərməyə çalışırıq ki, tullantıdan hətta sənət əsəri də yaratmaq olar. Bundan başqa, bölgələrdən gəncləri toplayırıq, onlara ekoloji layihələr barədə məlumat veririk. Hətta tullantıdan pul qazanmağın yollarını öyrədirik”.