“Bu vaxta qədər Azərbaycanda manatın kursu dollara bağlı idi. Valyuta bazarında dollar özünü necə aparırdısa, digər valyutalara nisbətdə manatın kursu da avtomatik olaraq o cür dəyişirdi. Məsələn, avro, lirə ien ucuzlaşırdısa, bu o demək idi ki, həmin valyutalar dollara nisbətən neçə faiz ucuzlaşırsa, manata nisbətdə də o qədər ucuzlaşırdı. Ötən ilin ortalarından başlayaraq dollar kəskin bahalaşmağa başladı, digər valyutalar isə ucuzlaşdı. Paralel olaraq həmin valyutalar manata münasibətdə də ucuzlaşdı”. APA TV-də yayımlanan “Manşet” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev Milli Bankın manatın kursunun tənzimlənməsinə dair yeni qərarını belə şərh edib.
O, Milli Bankın artıq manatı yumşaq ucuzlaşdırma siyasətinə keçdiyini deyib: “Mərkəzi Bank kursun bir valyuta səbəti əsasında müəyyən edilməsi sisteminə keçdi. Bu səbətdə xarici ticarət dövriyyəsində istifadə olunan valyutalar əsas götürülür. Bizdə də bu valyutalar dollar və müəyyən qədər avrodur. Dollar böyük olduğuna görə səbətdə bu valyutanın payı çoxdur, avronun payı isə azdır. Bizdə nisbət 90/10 idi, 2011-ci ildə Mərkəzi Bank bu siyasətdən də imtina edib manatın kursunu birbaşa dollarla müəyyənləşdirməyə başladı. O vaxtdan manatın kursu dollara bağlı idi və hər il təxminən 0.2-0.3 faiz bahalaşırdı. İndi edilən dəyişiklik müəyyən mənada manatın kursunda öz təsirini göstərəcək”.
”APA Economiks”in baş redaktoru İlkin Əhmədovun sözlərinə görə, valyuta səbətindən avronun çəkisi 20-30 faiz təşkil edəcək: “Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Qərb mətbuatına verdiyi açıqlamada dedi ki, səbətdə avronun çəkisi 20-30 faiz olacaq. Yəni dolların 70 faizi ilə avronun 30 faizi cəmlənib ikiyə bölünəcək, ortada səbətin dəyəri qalacaq”.
Samir Əliyev bildirib ki, Azərbaycan ixracatının 93 faizini neft və neft məhsulları, qalan hissəsini isə qeyri-neft məhsulları təşkil edir: “Kiçik bazar olduğu üçün Azərbaycanın çıxış yolu ixracdır, ixrac da bu gün mümkün deyil, ona görə ki manat bahadır. Azərbaycanın əsasən ticarət tərəfdaşı olan ölkələrin hamısının valyutası ucuzlaşdı, Rusiya rublu həm neftə, həm də sanksiyalara görə ucuzlaşdı, İran və Gürcüstanda da bu proses baş verir, Türkiyədə lirə ucuzlaşır, avro ilin əvvəlindən başlayaraq ucuzlaşır, Qazaxıstan, Türkmənistan öz valyutasını il başlayan kimi ucuzlaşdırdı. Yəni Azərbaycan ətrafında olan bütün ölkələrdə milli valyutalar ucuzlaşır və Azərbaycan manatı möhkəm olaraq qalır. Bu vəziyyətdə Azərbaycandan xaricə gedən məhsullar, mütləq rəqabət qabiliyyətini itirməlidir. Neft aydındır, bizim qeyri-neft sektorunda ixrac etdiyimiz məhsullar meyvə tərəvəzdir, o da Rusiyaya ixrac olunur. Rus rublu ən azı iki dəfə ucuzlaşıb, bu da o deməkdir ki, bizim ora ixrac etdiyimiz məhsulların qiyməti iki dəfə bahalaşır. Rəqabətdə alıcılıq qabiliyyəti aşağı düşür, bizim pulu rus rubluna çevirəndə qiymət baha olur. Rusiya bazarına Türkiyədən də, İrandan da, Orta Asiyadan da kənd təsərrüfat malları gedir. Azərbaycan məhsulları onlarla müqayisədə rəqabət qabiliyyətini itirəcək. Bu da onsuz da az olan ixrac potensialımızı pisləşdirəcək. Burada çıxış yolu manatı ucuzlaşdırmaqdır. İki yol var: ya manatı o biri ölkələr kimi kəskin şəkildə 20-30 faiz dəyərdən salmaq, ya da yumşadılma məzənnəsinə keçməklə manatı ucuzlaşdırmaq. Hər bir yolun öz riski və üstünlüyü var, manatı birdən-birə kəskin şəkildə dəyərdən salmaq panika yaradar, əhalinin həm depozitlərdə, həm də əlində olan pulunu dollara çevirməsinə gətirib çıxardır. Bu zaman dollar qıtlığı yaranar və Milli Bank bazara dollar buraxmağa məcbur qalar. Onsuz da Milli Bank son iki ayda 2.3 milyard dollar pul xərcləyib, bu onun valyuta ehtiyatının 15 faizini təşkil edir. Yəni bazarın belə təzyiqinə reaksiyasına dözməyə Mərkəzi Bankın valyuta ehtiyatı çatmaz, ona görə də yumşalma getməlidir. Həm də ölkə prezidenti son görüşdə manatın avroya münasibətdə ucuzlaşdırılmasının vacib olduğunu bildirdi, əsas səbəb də ixrac potensialının artırılmasıdır. Manatın avroya görə ucuzlaşması da mütləq dollar vasitəsilə olmalıdır”.
İlkin Əhmədov Mərkəzi Bankın açıqlamasından sonra rəsmi məzənnənin bahalaşdığını diqqətə çatdırıb: “Bu gün açıqlamadan sonra rəsmi məzənnə 0.05 faiz artdı. Axırıncı dəfə bu rəqəm 2013-cü il martın 29-da qeydə alınmışdı. Hesab edirəm ki, bundan sonra manat azca da olsa, yavaş-yavaş dəyərdən düşməyə başlayacaq”.
Samir Əliyev manatın mərhələlərlə ucuzlaşması prosesinin əhaliyə necə təsir edəcəyini açıqlayıb: “Rusiyada rubl kəskin ucuzlaşdı, bu zaman kim banklardan krediti rublla götürmüşdü, onlar üçün çox rahat oldu. Çünki həmin dövrdə faizlər qalxmadı və onlar kreditlərini ödəməyə başladılar. Xüsusən gəlirləri valyuta ilə olan insanların bəxti gətirdi. Eyni prosesi Azərbaycana da şamil etmək olar. Kim ki, manatla kredit götürüb, manatın ucuzlaşması onlara xeyir edəcək, amma o insanlar ki, krediti dollar, ya avro ilə götürüb, onlar ziyan edəcəklər. Bu gün Azərbaycanda istər əmanətlər, istərsə də kreditlər üzrə əməliyyatların 65 faizdən çoxu manatın payına düşür”.
Ekspert dekabrda banklarda manatla saxlanan əmanətlərinin payının 61 faizdən 60 faizə düşdüyünü deyib: “Bu proses yəqin ki yanvarda da davam edəcək. Milli Bankın qərarından sonra əmanətlərin strukturunda manatla olan əmanətlərin payı azalacaq, dollarla olanlar artacaq. Vətəndaşlar əmanəti ya geri götürəcək, yada manatı xarici valyutaya çevirərək, təzədən banklara qoyacaqlar. Təbii ki, əmanətlərdə dolların payı artacaq, avronun payı minimuma enəcək. Mənim fikrimcə, kredit faizləri artacaq, amma söhbət bu gündən getmir, çünki manat 20-30 faiz aşağı düşməyib, bu tədricən olacaq, öz təsirini haradasa 2-3 aydan sonra göstərəcək. Yəqin ki milli valyutada əmanətlərin faizləri artacaq, xarici valyutada isə əmanət faizləri azalacaq. Bu, eyni zamanda kredit qoyuluşuna da öz təsirini göstərəcək . Hamı xarici valyutada depozit qoymağa çalışacaq, bu isə bankları məcbur edəcək ki, krediti xarici valyutada versin. Hazırda biz bu prosesi müşahidə edirik. Banklar daha çox xarici valyutada kredit verməyə üstünlük verir. Bunun iki səbəbi var, birincisi manat qıtlığıdır, ikincisi, bank özünü sığortalamaq üçün gələcəkdə manatın dəyərinin düşməsini nəzərə almağa başlayıb”.
İlkin Əhmədov da əhalinin banklara vəsaiti dollarla yatırmağa üstünlük verəcəyini deyib: “Manatın ucuzlaşması və vergilərin tətbiq olunması məncə manatda yatırılan depozitlərə təsir edəcək. Banklara əmanəti dollarla yatırılanların sayı arta bilər. Hətta vergilərin tətbiq olunması belə bu prosesi zəiflədə bilməyəcək. Daşınmaz əmlak sektorunda ucuzlaşma müşahidə olunur, çünki ev alqı-satqısında əməliyyat dollarla aparılır”.
Samir Əliyev ev bazarında qiymətlərə manatın kursundan başqa neftin ucuzlaşması və Rusiya amilinin də təsir göstərdiyini deyib: “Bu gün bazarda vəziyyət elədir ki, alış kəskin aşağı düşüb, bəzi sahələrdə, xüsusilə təkrar bazarda qiymət ucuzlaşması var. İlkin bazarda və yeni tikililərdə hələlik qiymət dəyişilməz qalır, burada gözləmə situasiyası hakimdir. Gözləntim odur ki, belə bir indiki vəziyyətdə daşınmaz əmlakın ucuzlaşması prosesi davam edəcək. Əgər manatın ucuzlaşması özünü daha qabarıq göstərərsə, bu, daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Avtomobil bazarına gəldikdə, biz avtomobil istehsal etmirik, hamısı xaricdən gəlir və prinsipcə xaricdən gələn avtomobillərin qiymətləri ucuzlaşmalıdır. Manatın ucuzlaşması ümumiyyətlə bütün sektora təsir göstərəcək”.
İlkin Əhmədov bildirib ki, Milli Bankın son qərarından sonra əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur: “Hələlik təşvişə düşməyə əsas yoxdur, çünki kursun dəyişməsi və onun nəticələri tədricən gedəcək prosesdir. Hər bir ailə başçısına sahə üzrə ekspertlərin məsləhətlərini və medianı izləmək kifayət edər ki, gündəmin nəbzin tutsun və sabahkı günün addımlarını götür qoy etsin”.