Kamran Yunis: "Dublyajdakı problemlərin günahkarı yalnız aktyorlar deyil"
“Elə bir məktəb yoxdur ki, ora gəncləri göndərək, dublyaj dərsi keçsinlər. Peşəkar aktyorun işlərindən biri də dublyajdı. Dublyaj sənəti aktyorluq sənətinin bir qoludur. Bu sənət növü Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tədris olunmalıdı, amma olunmur". Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan aktyor Kamran Yunis deyib.
O qeyd edib ki, hamı Azərbaycanda dublyaj olunan filmlərin səviyyəsinin aşağı olmasından gileylənir: "Dublyaj öz-özlüyündə çox mükəmməl, önəmli, lazımlı sənət növüdür. Düşünürəm ki, bu sahədəki problemlər zamanla həll olunacaq. Aktyorluq, dublyaj sənətinin sirrlərini kiməsə aşılamaq, kiməsə öyrətmək mümkündür. Bu köklü surətdə Təhsil Nazirliyi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə bağlı olan bir işdir, bunu onlar həll etməlidirlər”.
Verilişin digər qonağı əməkdar artist Sabir Məmmədova görə, bu məhz peşəkar aktyor məharəti tələb edən bir işdir: “Məsələn, hamımız aktyorluq sənəti dərsi keçmişik. Orada bizə təmiz diksiya, səs tembri üzərində çalışmağı, səsi necə qorumalı, yaxud tərəf müqabili ilə necə işləməli olduğumuzu öyrədiblər. Təxminən, dublyaj da belədir. Stanislavski təlimində gözəl bir ifadə var: “Söhbət istedadlı adamdan gedir”. Səs qüsurludursa, artıq bizlik deyil. Vizual görüntüsü ola bilər. Boy balaca, yaxud uca ola bilər. Ancaq şikəst adamdan aktyor olmaz. Bu normadı. Səsin zəifliyi, pisliyi də buna oxşar bir şeydi. Ona görə də aktyor seçimi zamanı bütün bunlar yerində olmalıdı”.
Aktyor Kamran Yunis isə istedadlı insanın qüsurları ola biləcəyini istisna etməyib: "Mustafa Mərdanov kəkələyirdi. Səhnəyə çıxanda isə kəkələmək aradan qalxırdı. Əgər ustadlarımız bizə deməsəydilər, biz bilməyəcəkdik ki, Mustafa Mərdanov kəkələyir. Mənə dublyaj sənətini heç kim öyrətməmişdi. Təxminən, bilirdim ki, bu, necə olmalıdı. Mən səhnədə və ya kinoda daha çox şeyə qadirəm, hansı ki, dublyajda bunu bacarmıram.
Hamı bizdə günahı aktyorların boynuna atır ki, aktyor yoxdu deyə dublyajın səviyyəsi aşağıdır. Əslində, belə deyil! Dublyaj üçün olan orijinal disklər 50 min, 100 min manatdır. Bizdə hansısa dükandan alınan 5-10 manatlıq disklə işləyirlər. Aktyorlarda günah yoxdur. Məsələn, Türkiyədə həftədə bir dəfə xarici film verilir. Bizdə isə hər gün 10-a yaxın xarici film verilir. Əvvəllər bir aya səsləndirdiyimiz filmi indi bir günə səsləndiririk".