Qan Turalı: "Kitab bəşəriyyətin malıdırsa, hamı onu istədiyi şəkildə istifadə edə bilər"

“Müəllif hüquqları məsələsi yazıçılar üçün adətən, birinci dərəcəli əhəmiyyət daşımır. Bu daha çox naşirlərin, kitab satışı ilə məşğul olan insanların problemi olur. Bəlkə də qəribə görünəcək amma mən piratçılığa neqativ bir hal kimi baxmıram. Bu ümumilikdə, mədəniyyət, incəsənət, kitabın yayılmasıdır. Əlbəttə, bundan iqtisadi baxımdan əziyyət çəkən adamlar var”.
 
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan yazar Qan Turalı deyib: “ Mən hesab edirəm ki, kitab bəşəriyyətin malıdır. Onun kiminsə inhisarına alınması, nüsxələrə pirat adının verilməsi nə dərəcədə doğrudur? Kitab sahəsində belə hüquqi, iqtisadi terminologiyanın önə çıxmasının önəmli olmadığını düşünürəm. Kitab bəşəriyyətin malıdırsa, hamı onu istədiyi şəkildə istifadə edə bilər. Kserokopiyasını çıxarıb paylaya da bilər. Başqa variantlar da ola bilər. Markes (Qabriyel Qarsia Markes ) Amerikada, Kaliforniyada tələbələrlə görüş keçirmişdi. Və tələbələrin çoxu görüşə pirat nüsxələrlə gəlmişdi. Hətta bir nüsxə tamamilə dağılmış vəziyyətdə idi. Markes onlardan həmin kitabları yığıb, təzə kitablar bağışlamışdı. Həmişə də deyirdi ki, pirat nüsxələr mənim yox, naşirlərimin problemidir. Mən də bununla razıyam. Bu ümumilikdə kapitalist sistemin antihumanist, antimədəni mahiyyətini ifşa edən bir haldır. Məsələn, N. Gəncəvinin, İ. Nəsiminin müəllif hüququ olmur amma başqa gənc bir yazarın olur. Buna görə də hesab edirəm ki, tarix müstəvisində absurd yanaşmadır. Ədəbiyyat bəşəriyyətin məhsuludur”.   
 
Verilişin digər qonağı, “Ali & Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli isə hesab edir ki, müəllif hüququnun qorunması yazıçıya məhdudiyyət qoymur. Əksinə, daha da təkan verir. “Hər hansı kitabın pirat nüsxəsi istənilən yazıçı üçün təhqirdir. Nəinki, yazıçı, hətta ədəbiyyat üçün... Mən hər zaman yazıçılara müraciət edirəm ki, hüquqlarını qorusunlar, müqavilə bağlasınlar. Bu sizə də, gələcəyə də lazımdır. Mən özüm bəzən reyd keçirirəm. 28 may tərəflərdə balaca kitav dükanları var. Yaxşı dükanlardır amma təəssüf ki, orada bizim və “Qanun” nəşrlər evinin nəşr etdiyi kitabların pirat versiyaları var. Mən bu hallarla hər zaman mübarizə aparmışam, həmişə də aparacam. Bizdə qəribə stereotip var. Kitab pulsuz ya da ucuz olmalıdı. Xeyr, olmamalıdı. Kitaba və müəllifə qarşı böyük hörmətsizlik var. Viktor Hüqo “Səfillər” i 17 ilə yazıb. Bu necə pulsuz ola bilər? Məsələn, Avropada kitabın ilk nəşri mütləq qalın üzlüklü olur, orta qiymət isə 18-20 funt olur. Bahadır, təbii ki. Amma orada heç kim demir ki, niyə bu qədər bahadır?”

Müəllif | Apa.Tv
Apa.tv