Şahlar Əsgərov: “Azərbaycanda təhsil sistemini yenidən təmir etmək lazımdır”

 

“Artıq təhsil sahəsində problemlər olduğu qəbul edilib. Ona görə yeni düşüncəli birini təhsil sisteminin başına gətiriblər.  Məncə o adam bu problemləri çözə biləcək. Çünki baxışı və dünyagörüşü fərqlidir”. Bu fikirləri APA TV-də yayımlanan “İlqar Rəsul və...” verilişinin qonağı olan professor, sabiq millət vəkili Şahlar Əsgərov deyib.

 

O təhsil sahəsində problemlərin obyektiv və subyektiv səbəblərdən qaynaqlandığını bildirib: “Bəzi problemlər isə keçid dövrü ilə bağlı idi. O üzdən çözmək mümkün olmurdu.  Hər sahədə dəyişiklik var. Amma baxın, təhsil sahəsindəki vəziyyət elə bil sovetlər dövründən qalmadır. Mən bu sahədə də dəyişikliklərin olmasını istəyirəm. Buna görə bir az da düşüncəmizdə dəyişiklik olmalıdır. Düşüncəmizdə olan şeyi əldə eləmək rahat olur. Bilirsiniz niyə deyirdim sovet təhsil sistemi tam olmamalıdır? Çünki o sistemin məqsədi kəndli balalarının təhsil almasına, savadlanmasına yönəlmişdi. Ona görə məktəbləri ən xırda aula, kəndə belə aparmışdılar. Onlar kütləni mərkəzə çəkirdilər. Biz fərdi mərkəzə çəkməliyik. Təhsil sisteminin hərəkətə gəlməsi üçün hər şey var. Təsəvvür edin ki, bu bir maşındır. Faraları yanır, texniki problem yoxdur, bütün maliyyəsi vəsaiti ayrılıb, bircə hərəkəti yoxdur. Problem də bundadır nə etmək lazımdır ki, maşın həm də hərəkətdə olsun. Məncə sadəcə yenidən təmir etmək lazımdır”.   

 

Şahlar Əsgərov təhsil sistemində problemlərin aradan qaldırılması üçün təkliflərinin olacağını deyib: “Bəzilərini burada da deyə bilərəm. Yeni nazir dedi ki, müəllimlərim maaşı azdır. Ondan qabaq Misir Mərdanov da demişdi ki, müəllimlərim maaşını 2000 dollara qədər artırmaq lazımdır. Əslində nə qədər qaldırmaq imkanı var, bu real həyatla bağlı olmalıdır. Göydən rəqəm götürüb demək olmaz. Amma müəllimin maaşını 2,5 dəfə artırmaq olar”.

 

Sabiq millət vəkili indi dünyanın tam başqa istiqamətdə inkişaf etdiyini deyib: “Mən həmişə demişəm ki, dövlətlər dünyanın inkişaf tempini tutmalıdır. Böyük Atatürkün bir sözü var: “İstiqlalımız səmadadır”.  Yəni, Atatürk kosmosa çıxana qədər və ondan sonra da inkişaf arzulayıb. Və Türkiyə bu ideyanın ardı ilə gedir. Cənubi Koreyanı götürək. Bu gün orda hər 100 gəncin 95-i universitetlərdə oxuyur. ABŞ-da rəqəm 85, Monqolustanda 50-dir. Bizdə hər 100 gəncdən cəmi 170si universitetlərdə təhsil alır. Yəni biz ətrafımızda olan ölkələrdən əksikikmi, ali məktəblərin qapısı gənclərimizin üzünə bağlı olsun? Orta məktəb proqramını uşaqlarımıza normal mənimsətmək lazımdır. Necə olur ki, ayıya velosiped sürməyi  öyrədib sirk səhnəsinə çıxarırlar, amma müəllimlər 6-cı sinif proqramını uşaqlara öyrədə bilmirlər. Dəyərli bir ziyalımız var - Asif Cahangirov. Bakı Baş Təhsil İdarəsinin keçmiş rəisi idi. O bir dəfə mənim yadıma dediyim bir sözü saldı. Ali məktəblərə giriş qapısını gen açmaq, çıxış qapısını daraltmaq lazımdır. Yəni yaxşı təhsil və təmiz diplom ver. İmtahanlar ləğv olunmalıdır, qeydiyyatla əvəz olunmalıdır. İnsanlar gedib qeydiyyatdan keçib təhsillərini davam etdirməlidir”.  

 

Şahlar Əsgərov Azərbaycana qayıtdığına heç vaxt peşman olmadığını deyib: “Kəlbəcərdən Moskvaya getməyimə, oradan Azərbaycana dönməyimə heç vaxt peşman olmamışam. Universitetə qayıdanda çox dəyərli insanların arasında oldum. Mehdi müəllimin, Yəhya müəllimin adını çəkə bilərəm. Həmişə görəcəyim işlərlə bağlı onlardan müsbət cavab almışam. Moskvada Mikroelektronika Mərkəzi deyilən yer vardı. Ora ilə illər boyu əməkdaşlıq edib işlər görmüşük. Mən də sonradan laboratoriya yaratdım. Gücüm çatan imkanı mən də başqalarına yaradırdım. O vaxt təhsildə bir səliqəlilik vardı. Və mənim qazandığım pul ehtiyaclarımın hamısını ödəyirdi. Sonra Qarabağ problemi başladı və bu proses mənim də həyatımda izsiz ötüşmədi. Çünki mən də Kəlbəcərdənəm”.

 

Professor deyib ki, insan potensialını hələ inkişaf etdirmək istiqamətində çox işlər görülməlidir: “İnsan Allahın yaratdığı şərəfli bir varlıqdır. Allah bizə intellekt, savad, bacarıq, ağıl, şüur verib.  İnsanın təyinatı bu dünyada cənnətə doğru hərəkət etməkdir. Və bu yolun əsas istiqaməti “Quran”dan keçir. Halal ol, dürüst ol, nankorluq eləmə. Orada öldürmək tələbi deyən bir şey yoxdur. “Quran” Allahım bəşəriyyətə göndərdiyi axırıncı məktubdur.  Bundan başqa də məktubları olmuşdu, Bibliya şəklində və başqa şeylər. Amma “Quran” sonuncudur. İnsanın istiqaməti, cənnətə gedən yolu olmalıdır. Artıq insanlar bunu başa düşür.  Və ona görə dünyanın hər yerində milyonları olanlar da artıq anlayırlar ki, bu milyonun olmasının əhəmiyyəti yoxdur. Nəyə lazımdır o milyonlar? Məsələn, Nobel mükafatı bu cür yaranıb. “Quran” da deyir ki, yığdığın sənin deyil, verdiyin sənindir. İnsan elə mərhələyə şatır ki, puldan doyur. Məsələn milyonerlər var ki,  milyarder olmaq istəmirlər. Artıq şüurları anlayır ki, çox qazanmaq, çox ziyan vurur hər şeyə. Səhhətə də, başqa məsələlərə də. İnsan doğulanda, Allah onun qəlbinə hər şeyi eyni miqdarda qoyub. Allahın varlığının riyazi isbatına dair çox sözlər danışıldı. Amma baxın “Quran”da da, çox yerdə də deyirlər ki, Allah çox şeyi bilən və görəndir.  Mən təhsildə biliyin qiymətləndirilməsini işləyəndə belə bir məsələ ilə qarşılaşdım. Mükəmməl bilik nədir? Mükəmməl bilik odur ki, bilməli olduğumun, bildiyim hissəsi çoxdur. Bilmədiyim hissəsi yoxdur. Bir az mükəmməldən az nə deməkdir? Yəni bildiyim hissənin bilmədiyim hissəyə nisbətidir. Məsələn yüz sual var, səksənini bilirəm. Bu sistemlə getsək, görərsiniz ki,  sonsuzluğa qədər gedib çıxmaq olur. Və bu o deməkdir ki, “Quran”da Allahın bilikləri ilə başlı deyilənlər həmin sonsuzluğa gedir. Allahın bilikləri sonsuzdur.  Allahın bilmədikləri sıfıra bərabərdir”.

 

 

Müəllif | Apa.Tv