Elnur Məmmədli: "Güclü idmançı güclü də əsgər olur"

 
“İdman çox şərəfli, ağır bir işdir. İdmana gəlməyimin ən böyük səbəbkarı anamdır. Anamın ən böyük arzusu məni idmançı, ən əsası da olimpiya çempionu görmək idi. Evdən təmiz paltarla çıxıb çirkli qayıdırdım. Uşaq vaxtı dəcəl idim, enerjim çox idi. Və bir gün anam qərar verdi ki, məni cüdoya qoysun”. 
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan olimpiya çempionu Elnur Məmmədli deyib:

“Ağlım kəsəndən anama sual verirəm ki, “niyə məhz cüdo?” Deyirdi ki, “cüdoda idmanın gözəlliyi, tərbiyə var. Həm də cüdo dünyada populyar idman növüdür”. Beləcə, 8 yaşında məşqlərə başladım. Yeniyetmələr arasında olimpiya çempionu olmuşam. 4 dəfə sağ dizimdən əməliyyat olunmuşam. Həkimlərin qərarı ilə idmanla vidalaşmalı oldum. Olimpiya çempionu demək asandır. Amma bunun üçün illər lazımdır. Yeganə idmançıyam ki, 19 yaşında olimpiya çempionu olmuşam. 11 il öz üzərimdə işlədim. Təbii ki, idmanda bəxt də olmalıdır. Şans, bəxt, hamısı bir yerə yığılanda olursan çempion. Hamıya demək istəyirəm ki, idmanla məşğul olun – fərqi yoxdur, hansı idman növü ilə. Çünki, bu gün ehtiyacımız var. Ölkə başçısı idmana diqqət və qayğı göstərir. Güclü idmançı güclü əsgər olur. Güclü əsgər isə ordunu möhkəmləndirir". 
 
Elnur Məmmədli bu günlərdə keçirilən "Baku 2015 Avropa Oyunları"nın əhəmiyyətindən də danışıb:
“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir tarixdir. İlk olimpiya oyunları deyəndə Yunanıstan yada düşür. İllər, əsrlər keçəcək, I Avropa Oyunları deyəndə  Azərbaycan, Bakı 2015 yada düşəcək.  Ölkənin 24 yaşı var.” Xaricdən gələn qonaqlarımız təəccüblənirlər. Fransadan olan millət vəkili, olimpiya çempionu dostum dedi ki, “Elnur, bura gəlməyə qorxurdum”. Ermənilər o qədər təbliğat aparmışdılar ki. O həm də səfirdir. Yığma komanda ilə gəlib. Bu dəfə yoldaşı ilə gəlib. Deyir ki, “ 3- cü dəfə ancaq istirahət etməyə gəlməliyəm. Gördüm, heyran oldum. Onların dediyi ilə heç uyğun gəlmir””. 
 
3 olimpiadada iştirak etmişəm. 2004 – cü ildə uşaq idim. İdman Nazirliyindən aparmışdılar ki, baxım, öyrənim. 2008 – ci ildə olimpiya çempionu oldum. 2012 – ci ildə də çıxış etdim. Gördüklərimdən deyirəm ki, belə bir açılış olmamışdı. İnanıram ki, avropalılar bizdən çox şey götürəcəklər”.
Olimpiya çempionu hesab edir ki, uşaqların idmana yönəldilməsi onların pis vərdişlərdən uzaq düşməsinə çox yardım edir.

“Hər ailədə bir idmançı olanda o ailə sağlam olur. Əsas məqsədimiz odur ki, uşaqlar narkotiklərdən, pis vərdişlərdən uzaq düşüb idmana gəlsinlər”.     

Müəllif | Apa.Tv
Apa.tv