Nigar Camal: “Burada 5-6 saata çəkilən klip orada iki günə çəkilir”
“Həm gözəl, həm də stressli günlər yaşadım bu yay. Mənim üçün emosional yay oldu. Tətilə çıxa bilmədim. Sabah İstanbula, ordan da Bodruma gedəcəm işlə əlaqədar. Mənim üçün bu yayın ən böyük sürprizi su çiçəyi idi. Qızlarımdan keçdi mənə”.
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində müğənni Nigar Camal deyib. Xanım sənətçi ötən mövsüm əsasən, Türkiyədə çalışdığını bildirib: “Sabah nə edəcəyimi deyə bilmərəm. Bu yaxınlarda bir klip təqdim etdim Türkiyədə. Deyə bilmərəm ki, bir anda Türkiyədə ulduza çevrildim. Bu düzgün olmaz. Əgər kimsə, bunu desə, yalandır. Türkiyədə işləyərkən belə söz – söhbətlər yayıldı və bilməyən insanlar inandı. Bu ilk klip idi. İkinci klipdən sonra vəziyyətə baxacağıq ”.
Nigar xanım sənətlə ailəni bir arada idarə etməyin çətinliklərindən də danışıb: “İşlə məşğul olanda qızlarıma vaxt ayıra bilmirəm. Hərdən çox narahat oluram. İstəyirəm, yanımda olsunlar. Amma məktəbdə oxuyurlar. İndi tətil olduğu üçün Bakıya gətirmişəm amma İngiltərədə oxuyurlar. “Eurovision” yarışması keçiriləndə daha çətin idi. O zaman balaca idilər. Həm onlara baxmaq, həm də işlə məşğul olmaq çətin idi. İndi daha asandı. Amma bir məsələ də var. Evdar qadın olmaq daha çətindir. Bütün günü ev işləri ilə, uşaqlarla məşğul olmaq çox yorur”
Onun sözlərinə görə, hazır mahnılar arasından seçim etməyi üstün tutur: “Burada prodüserim İsa Məlikov idi. Amma hal – hazırda daha çox Türkiyədə çalışıram. Deyə bilmərəm ki, məxsusi mənim üçün mahnılar yazılır. Bəstəkarın yanına gedəndə özünə uyğun mahnı seçə bilirsən. Mahnını sifariş verəndə isə müəyyən tələblər qoyursan amma nəticəsi çox zaman ürəkaçan olmur. Ona görə də ən yaxşısı hazırdan seçməkdir”.
Nigar Camal Türkiyədəki iş prosesindən ətraflı danışıb: “İlk növbədə mahnını seçirik. Bu təkcə, mənim seçimim olmur. Komanda ilə birgə dinləyirik, müzakirə edirik, ehtiyac varsa, kiməsə göndəririk. Ola bilər mahnı yaxşıdır amma klip təqdim olunandan sonra diqqət cəlb etməsin. Və ya əksinə olur. Heç bəyənmədiyin mahnı bir anda sevilir. Burada bir günə 3-4 mahnı yazdırırlar, Bir günə də klip çəkirlər. Orada isə bu proses daha uzundur. Bir klip bir aya hazır olur. Burada 5-6 saata çəkilən klip orada iki günə çəkilir. Məsələn, mənim klipim iki gün çəkildi, birinci gün 19 saat, ikinci gün 16 saat. Amma o qədər pozitiv ab – hava vardı ki, heç yorulmurdum. Hər kəs öz işini bilir, deyir, gülür... Heç kim heç kimin işinə qarışmır”.