Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Sentyabr

GÜNÜN ŞƏRHİ

 

Hələ dünyanın yaxşı, pisi ilə tanış deyildilər. Güllə səsləri, yarıac, yarıtox, susuz minlərlə kilometr qət etdiyi, tozlu dumanlı yollar beş yaşında qocaltmışdı onları. Böyüyəndə “o, mənim uşaqlıq dostum olub” deyəcəyi kimsə də yoxdu, çünki dost tapmağa macal tapmamışdılar.

 

Böyüklərin oyunlarının qurbanı olmuşdu bu kiçik körpələr. Sağ olsalar belə, terror qurbanları idilər. Uşaqlıq dövrləri məhv edilmişdi bu körpələrin. Əsəd, İŞİD, Amerika, Rusiya, neft aşiqləri əllərindən almışdı uşaqlıqlarını. Ataları, heç olmasa, gəncliklərini xilas etmək üçün onları Türkiyəyə qaçırmışdı. Oradan isə xoş gün görmək üçün Avropaya getmək istəyirdilər. Və Suriyada doğulan, üç-beş yaşında qaçqın düşərək Türkiyəyə gələn bu körpələrin ömrü dənizdə bitdi.

 

Dalğalarmı bitirdi, yunan sərhədçilərimi? Dəniz belə sahib çıxmadı doğularkən alınlarına bədbəxtlik yazılmış bu uşaqlara. Dalğalar onları sahilə atdı. Adları da məlum deyil, kimsəsizlərin dəfn edildiyi məzarlıqda uyuyacaq və qiyamət gününü gözləyəcəklər. Onlara bu taleni yaşadanların üzünə şahid duracaqları günü! Hələliksə bir təsəlliləri var - bu ədalətsiz dünyada daha əzab çəkməyəcəklər...

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə