Murad Arif: "Bizdə milli arena var ki, beynəlxalq arena da olsun?!”


“Əsas məsələ ifaçının hansı bazara işləməsindən asılıdır. Başqa ölkələrlə müqayisədə bizim bazarla onlarınkı arasında yerlə göy qədər fərq var. Dünya musiqi kanallarına baxsaq, format məsələsi olduğunu aydın görə bilərik. Bizdə format tam fərqlidir”. 

 

Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan bəstəkar, prodüser İsa Məlikov bildirib:
“Əsas problemimiz toy biznesidir. Çünki müğənnilərimiz toy formatında mahnılar ifa etməyə məcburdurlar. Dünyada belə praktika var. Cenifer Lopez də, Şakira da toylara gedirlər. Amma öz mahnılarını ifa edirlər. Məsələn, Cenifer Lopez toyda Puerto Rikonun xalq mahnılarını oxumur”. 
Prodüser, yaradıcısı olduğu “Baku Music Factory” kanalından da bəhs edib:

 

“2010 – cu ildə prodüser mərkəzləri, müğənnilər rəsmi kanallarını açdılar. Mən də belə qərar gəldim ki, prodüser mərkəzinin kanalını açım. Amma sonradan qərara gəldim ki, təkcə mənim mahnılarım olmasın. Fikirləşdim ki, dünyada “Vevo”, “Ello” kimi bizdə də beynəlxalq kanallar olsun. Çox müğənnilər müraciət edir amma hər kəs yer almır. Bu kanalda klip yerləşdirmək pulsuzdur”.  
 
 
Verilişin digər qonağı bəstəkar və müğənni Murad Arif belə hesab edir ki, Azərbaycan ifaçılarının beynəlxalq arenaya çıxması üçün müəyyən maneələr var ki, onları aşmaq çətindir:


“10 il bundan əvvəl qızğın müzakirələr aparırdıq,“bizdə nə zaman estrada olacaq?”deyə...      İndi əlimi üzmüşəm. İnsanlar milyonlarla baxışı elə ifaçılara verirlər ki?!  Əziyyət çəkirik, sosial şəbəkələr və ya “Youtube” vasitəsilə yayırıq işlərimizi. Bir də görürsən, cavan bir oğlan fikir yazıb - “Get, özünə iş tap. Yekə oğlansan, bu nədi?” Dedim, maraq üçün profilinə girim görüm kimə qulaq asır? Baxıram ki, Pavarotti, Ceyms Broun dinləməyən adam mənə irad bildirir. Mənə elə gəlir ki, beynəlxalq arenaya çıxmaq üçün Türkiyənin təcrübəsindən yararlanmalıyıq. Biz Fransa, Britaniya, Amerika formatını Azərbaycana tətbiq edə bilmərik. Türklər müğənniləri keyfiyyətli prodüser şirkətləri ilə tanış etdilər. Müğənni istədiyi mahnını oxuyur lakin aranjeman və digər məsələlərdə şirkətin öhdəsinə buraxır". 

 

Murad Arif düşünür ki, Azərbaycan tamaşaçısı keyfiyyətli musiqini sevmir. 
“Bizim insanlar keyfiyyətə hazır deyil. Bizdən də bunu istəmirlər. Öz üzərimdə mübarizə aparıram. Çalışıram öz formatımdan çıxmayım. Bizdə milli arena var ki, beynəlxalq arena da olsun?!”

 

Onun sözlərinə görə, sənətçi  başqa ölkədə tanınmaq üçün ya orada doğulub, böyüməli, ya da həmin ölkədə təhsil almalıdır:
“Beynəlxalq arenaya çıxmaq bu gün real deyil. Azərbaycanda estrada arenası yoxdur. 60-70- ci illərdə var idi. Klip kanalı yoxdur. Bu gün Azərbaycan müğənnisinin işlədiyi konkret format və ya sistem yoxdur. Müğənni bilmir, 3 və ya 6 ay sonra nə oxuyacaq. Türkiyədə isə bu proqram 2-3 il öncədən bəllidir. Belə bir mühitdən kiminsə çıxması real deyil”. 

Müəllif | Apa.Tv
Apa.tv